PDF Oxu

Müsahibə

  • 1 306

Naxçıvan regional iqtisadi mərkəzə çevrilir

image

Müsahibimiz Milli Məclisin deputatı Vüqar Rəhimzadə

- Vüqar müəllim, regionların inkişafı dövlətin iqtisadi siyasətinin əsasını təşkil edir. Dövlətimizin başçısı İlham Əliyevin bölgələrə davamlı səfərləri, sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlər günümüzün əsas reallıqlarıdır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri də bu tərkibdəndir. Muxtar respublikanın dünəninə və bu gününə baxış əsasında gələcək inkişafını necə şərh edərdiniz?

- Hər bir inkişafın əsasında təbii ki, sabitlik, iqtisadi tərəqqi dayanır. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə uğurla davam etdirilir. Muxtar respublikanın qədim tarixi, zəngin mədəni irsi, strateji coğrafi mövqeyi və iqtisadi potensialı onun Azərbaycanın ümumi inkişafında xüsusi rol oynamasına imkan verir. Dövlət başçısı İlham Əliyevin 12 avqust 2026-cı il tarixli “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamında da qeyd edildiyi kimi, son illərdə Naxçıvan Muxtar Respublikasının davamlı sosial-iqtisadi inkişafının təmin edilməsi, infrastruktur təminatının və sosial xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, habelə əhalinin məşğulluğunun və rifah halının yaxşılaşdırılması məqsədilə bir sıra mühüm dövlət proqramları və tədbirlər planları təsdiq olunmuş, o cümlədən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyasının tikintisi ilə bağlı tədbirlər haqqında”, “Naxçıvan Sənaye Parkının yaradılması haqqında”, “Naxçıvan şəhərində ictimai nəqliyyatın tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında”, “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında”, “Naxçıvan Muxtar Respublikasında əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında”, “Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında” Prezident Fərman və sərəncamları imzalanıb. Həmçinin Prezident İlham Əliyevin 25 may 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində muxtar respublikada aqrar sektorun modernləşdirilməsi, ekstensiv istehsalatdan intensiv modelə keçid və ərzaq təhlükəsizliyinin təmin olunması, habelə aqrar məhsul istehsalı kooperativləri və onların ittifaqlarının dövlət dəstəyi ilə pilot olaraq yaradılması və fəaliyyətinin dəstəklənməsi istiqamətində mühüm strateji hədəflər müəyyən edilib.
Dövlət Proqramlarının və infrastruktur layihələrinin uğurlu icrası nəticəsində Naxçıvan Muxtar Respublikası dinamik inkişafını davam etdirir. Bu baxımdan avqustun 11-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Naxçıvan Muxtar Respublikasına səfəri nəzərdə tutulan hədəflərin daim dövlətin diqqətində olduğunun bir daha təsdiqidir. İlk növbədə qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin Naxçıvana səfəri ölkəmizin ayrılmaz hissəsi olan muxtar respublikanın bugünkü inkişaf mənzərəsinin və qarşıdakı dövr üçün müəyyənləşdirilən hədəflərin geniş təqdimatı ilə diqqətdə oldu. Dövlət başçısı İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində səfərin təfərrüatlarını, yekunlarını və nəticələrini qiymətləndirərkən bildirdi ki, əslində, səfərim və səfər zamanı iştirak etdiyim tədbirlər özlüyündə bir göstəricidir. Bir daha göstərir ki, Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir. Mən Prezident kimi 17-ci dəfədir ki, Naxçıvana səfər edirəm və hər səfərimin də böyük mənası və gözəl nəticələri vardır. Bu illər ərzində bir çox önəmli layihələr icra olundu, Naxçıvanın ümumi inkişafı təmin edildi. Bugünkü tədbirlər də bir növ görülən işlərin davamıdır və təbii ki, bundan sonra da lazımi qərarlar veriləcək və Naxçıvanın sürətli sosial-iqtisadi inkişafı təmin ediləcək. Səfər zamanı iqtisadi inkişafdan sosial siyasətə, sənayedən energetikaya, nəqliyyatdan şəhərsalma və turizmə, tarixi-mədəni irsin qorunmasından təhlükəsizlik məsələlərinə qədər çox geniş spektri əhatə edən tədbirlər həyata keçirildi. Səfərin gündəliyi ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvanın Azərbaycanın inkişaf strategiyasında tutduğu xüsusi mövqeyi nümayiş etdirir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın səfər çərçivəsində müxtəlif obyektlərin açılışında və təməlqoyma mərasimlərində iştirakları, həyata keçirilən layihələrlə tanış olmaları onu göstərir ki, dövlətimiz Naxçıvanın inkişafına kompleks yanaşır. Bir sözlə, səfər zamanı həm görülən işlərin nəticələri təqdim olundu, həm də Naxçıvanın qarşıdakı illərdə hansı istiqamətlər üzrə inkişaf etdiriləcəyi aydın şəkildə ortaya qoyuldu. Çox böyük əhəmiyyət kəsb edən bu səfəri Naxçıvanın dünəninə verilən qiymət, bu gününün təqdimatı və gələcəyinə dair yol xəritəsinin nümayişi kimi xarakterizə etmək olar. Prezident İlham Əliyev avqustun 11-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına müsahibəsində səsləndirdiyi mesajlar bir daha təsdiqləyir ki, qarşıdakı mərhələdə Naxçıvanın sosial-iqtisadi inkişafı daha da sürətlənəcək.
- Uğurları şərtləndirən əsas amillərdən biri muxtar respublikada yeni idarəetmə modelinin formalaşdırılması, bu sahədə aparılan təkmil islahatlardır...
- Əlbəttə. Müasir dövrdə davamlı inkişafdan danışarkən yalnız iqtisadi resursları və maliyyə imkanlarını nəzərə almaq kifayət deyil. Effektiv, çevik və müasir idarəetmə sistemi də inkişafın əsas şərtlərindən biridir. Bu baxımdan Naxçıvanda həyata keçirilən struktur və idarəetmə islahatları xüsusi əhəmiyyət daşıyır. 10 mart 2026-cı ildə Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi və həmin dəyişikliklərin tətbiqi ilə bağlı atılan addımlar muxtar respublikada idarəetmə modelinin müasir tələblərə uyğunlaşdırılması istiqamətində mühüm mərhələdir. Prezident İlham Əliyev müsahibəsində bu məsələyə toxunarkən Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə mexanizmlərinin üstünlüklərinə diqqəti yönəldərək bildirdi ki, bütövlükdə bunu mən artıq həm bəyan etmişdim və həm də biz bunu artıq strukturlaşdırdıq ki, Naxçıvan, azad olunmuş ərazilər - Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir. Nəzərə alsaq ki, Qarabağ, Şərqi Zəngəzur demək olar ki, sıfırdan qurulur və Zəngilan rayonu ilə Ordubad rayonu arasında məsafə cəmi 42 kilometrdir. Bu, faktiki olaraq vahid bir məkandır, tarixən də belə olub. Zəngəzur, Naxçıvan, Qarabağ vahid məkan olub və insanların da miqrasiyası əsrlər boyu olub. Ona görə bu böyük coğrafiyada qohum-əqrəbalar da çoxdur. Ona görə biz bunu vahid, nümunəvi bir inkişaf diyarı kimi nəzərdə tuturuq.
Əsas məqsəd idarəetmənin daha çevik və nəticəyönümlü qurulmasıdır. Səlahiyyətlərin dəqiq müəyyənləşdirilməsi, qərarların icrasına nəzarətin gücləndirilməsi, kadr potensialından daha səmərəli istifadə və regionun inkişaf layihələrinin əlaqələndirilməsi ümumi nəticələrin daha yüksək olmasına imkan verir. Yeni idarəetmə mexanizmləri daha səmərəli idarəçilik modelinin formalaşdırılmasına xidmət edir. Əsas hədəf insanların rahat, təhlükəsiz və firavan şəraitdə yaşamasının təmin edilməsidir. Bu istiqamətdə Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsi də mühüm məqamdır. Hər üç ərazi üçün müasir infrastruktur, səmərəli idarəetmə və iqtisadi potensialdan maksimum istifadəni nəzərdə tutan yanaşma uzunmüddətli perspektivdə mühüm nəticələr verəcək. Prezident İlham Əliyev sözügedən müsahibəsində bu çağırışı da etdi ki, bütün bu işlər artıq sistemli şəkildə davam edir. Əgər biz ölkəmizin coğrafi yerləşməsini götürsək görərik ki, hər bir bölgə üçün xüsusi bir inkişaf planı var. Hər bir iqtisadi bölgəmiz uğurla inkişaf edir və bu, ölkəmizin ümumi inkişafını təmin edir. Ona görə planlar böyükdür və bu planların icrası ilə bağlı məndə heç bir şübhə yoxdur: “Çünki güclü iradə var, maliyyə resurslarımız da var, heç kimdən də asılı deyilik. Naxçıvanda Qarabağ və Şərqi Zəngəzurdakı kimi idarəetmə üsuli-idarəsini yaratmaqla faktiki olaraq biz bu üç bölgəni inzibati nöqteyi-nəzərindən də birləşdiririk. Təbii ki, Naxçıvan Muxtar Respublikasının muxtar respublika statusu qalmaq şərti ilə, ancaq idarəetmə qaydaları təkmilləşməlidir.”
- Vüqar müəllim, dövlətin iqtisadi siyasətinin əsas hədəflərindən biri yeni iş yerlərinin yaradılmasıdır. Səfər çərçivəsində Naxçıvan Sənaye Parkının təməlinin qoyulması bu istiqamətdə atılan mühüm addım kimi dəyərləndirildi. Ümumilikdə, bu layihə muxtar respublikanın iqtisadi gələcəyi ilə bağlı hansı mənzərəni yaradır? Səfərin mühüm məqamlarından biri də Günəş enerjisi layihələrinin təqdimatı oldu...
- Naxçıvan Sənaye Parkının yaradılması muxtar respublikanın iqtisadi gələcəyi baxımından ən mühüm layihələrdən biridir. Çünki sənaye parklarının əsas üstünlüyü ondan ibarətdir ki, burada istehsal, infrastruktur, investisiya və məşğulluq imkanları vahid platformada birləşdirilir. Naxçıvan Sənaye Parkının 310 hektar ərazini əhatə etməsi layihənin miqyasını göstərir. Park Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Naxçıvan-Sədərək avtomobil yolunun cənubunda yerləşəcək. Burada elektrik və istilik enerjisi, qaz, su, rabitə, nəqliyyat və digər zəruri infrastrukturun yaradılması nəzərdə tutulur. Ən mühüm məqamlardan biri odur ki, parkın yaradılması ilə Naxçıvanda yeni istehsal sahələrinin formalaşması, sahibkarların fəaliyyətinin genişləndirilməsi və xarici investisiyaların cəlb olunması üçün daha əlverişli mühit yaranacaq. Artıq potensial rezidentlərin cəlb olunması istiqamətində danışıqların aparılması da layihəyə böyük marağın olduğunu göstərir. Prezident İlham Əliyevin səfər zamanı qeyd etdiyi kimi, ərazisinə görə Naxçıvan Sənaye Parkı ölkədə Sumqayıt Sənaye Parkından sonra ikinci böyük sənaye parkı olacaq. Bu fakt özü layihənin strateji miqyasını göstərir. Sənaye Parkının tərkibində 300 meqavat gücündə istilik elektrik stansiyasının inşası isə məsələyə daha geniş prizmadan baxmağa imkan verir. Yeni stansiyanın tikilməsi muxtar respublikanın enerji istehsalı imkanlarını əhəmiyyətli dərəcədə artıracaq. Bu layihənin icrası nəticəsində Naxçıvanın enerji təhlükəsizliyi daha yüksək səviyyədə təmin olunacaq və gələcəkdə artıq enerji potensialından ixrac məqsədilə istifadə etmək imkanı yaranacaq. Bu məsələ indiki geosiyasi və iqtisadi reallıqlar fonunda xüsusilə əhəmiyyətlidir. Dövlət başçısı müsahibəsində qeyd etdi ki, bu gün yerləşdiyimiz regionda əgər elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr varsa, Azərbaycan onların sırasında birincidir. Çünki bu və ya digər səbəblər üzündən bölgəmizdə enerji böhranı yaşanmaqdadır və bu böhran dərinləşə bilər. Həm bölgəmizdə gedən müharibələr, həm artan risklər, enerji daşıyıcılarının nəqli ilə bağlı nəqliyyat zəncirlərinin qırılması və digər amillər. İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin. Ona görə burada Azərbaycanın xüsusi rolu danılmazdır. Biz elə etməliyik ki, Naxçıvanın davamlı və dayanıqlı enerji təminatı heç vaxt pozulmasın. Naxçıvanın Günəş enerjisi potensialı da böyük üstünlükdür. Naxçıvan Günəş elektrik enerjisinin istehsalı üçün ölkənin ən əlverişli ərazidir. Artıq 600 hektardan çox ərazi müəyyən edilib və burada yüzlərlə meqavat gücündə Günəş elektrik stansiyalarının yaradılması nəzərdə tutulur. Səfər zamanı ümumi gücü 50 MVt olan “Şəms 1” və “Qərbi Üfüq” Günəş Elektrik stansiyalarında görülən işlərlə tanışlıq da bu istiqamətdə atılan addımların davamlı olduğunu göstərdi. Beləliklə, sənaye və enerji layihələri bir-birini tamamlayır. Güclü enerji bazası sənayenin inkişafını sürətləndirəcək, sənaye isə öz növbəsində yeni iş yerləri və iqtisadi fəallıq yaradacaq. Bərpaolunan enerji layihələri isə Naxçıvanın gələcəkdə yaşıl enerji istehsalında da mühüm rol oynamasına şərait yaradacaq.
- Naxçıvanın strateji coğrafi mövqeyi nəzərə alınmaqla, Zəngəzur dəhlizi və digər nəqliyyat layihələri muxtar respublikanın gələcək həyatında hansı imkanları yaradacaq?
- Naxçıvanın qarşıdakı dövrdə inkişafını müəyyənləşdirəcək ən mühüm istiqamətlərdən biri məhz nəqliyyat və logistika sahəsidir. Bu baxımdan Zəngəzur dəhlizinin xüsusi əhəmiyyəti var. Dəhliz çərçivəsində Naxçıvana dəmir yolu bağlantısının bərpası və Türkiyə ərazisində Qars-İğdır-Naxçıvan dəmir yolunun tikintisi ilə bağlı layihələr həyata keçirilir. Bu layihələrin reallaşması Naxçıvanın Azərbaycanın əsas hissəsi ilə birbaşa quru bağlantısının təmin olunmasına imkan verəcək. Birbaşa quru bağlantısı yarandıqdan sonra muxtar respublikanın tranzit və logistika imkanları genişlənəcək, ticarət əlaqələri artacaq, yeni investisiya layihələri üçün şərait yaranacaq. Naxçıvanın Türkiyə ilə, daha sonra isə daha geniş Avropa və Asiya bazarları ilə əlaqələrinin möhkəmlənməsi onun iqtisadi əhəmiyyətini daha da artıracaq. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirdi ki, Zəngəzur dəhlizinin yaradılması bildiyiniz kimi, bizim təşəbbüsümüz olub. Azərbaycanın əsas hissəsini onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşdirmək bizim çoxdankı arzumuz olub. Biz bu hədəfə doğru inamla və çox böyük məharətlə addımlayırdıq, yaxınlaşırdıq və artıq yaxınlaşmışıq. Zəngəzur dəhlizi (TRİPP) Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan ərazisindən keçməklə maneəsiz bağlantının yaradılmasını nəzərdə tutur. 2025-ci ilin avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalarla bu istiqamətdə siyasi əsas formalaşdırılıb. TRIPP-in reallaşması ilə Naxçıvanla ölkəmizin əsas hissəsi arasında daha sıx nəqliyyat əlaqəsi yaranacaq. Bunun ardınca Türkiyə və Avropa istiqamətində tranzit imkanları genişlənəcək. Digər tərəfdən, İran istiqaməti Fars körfəzi və daha geniş Cənubi Asiya bazarlarına çıxış üçün əlavə perspektivlər yaradır. Digər vacib məqam Naxçıvanın investisiya cəlbediciliyinin artmasıdır. Naxçıvanın beynəlxalq nəqliyyat şəbəkəsinə daha sıx inteqrasiya olunması, burada istehsal və xidmət sahələrinə investisiyanı da artıracaq. TRİPP-in reallaşması Naxçıvanı Avrasiya nəqliyyat sistemləri arasında mühüm keçid məntəqələrindən birinə çevirəcək. Bu baxımdan layihə Orta Dəhlizin mühüm tərkib hissəsi kimi xüsusi əhəmiyyət daşıyır. Naxçıvan gələcəkdə müxtəlif istiqamətləri bir araya gətirən mühüm logistika qovşağına çevriləcək.
- Səfər zamanı sosial layihələr, Naxçıvan şəhərinin Baş Planı, turizm və tarixi-mədəni irsin qorunması ilə bağlı da mühüm addımlar atıldı. Bir sözlə, Naxçıvanın yeni inkişaf modeli təqdim olundu. Bununla bağlı fikirlərinizi bilmək istərdik...
- Əslində, bütün bu istiqamətlər vahid bir məqsədə - Naxçıvanda insanların daha rahat, təhlükəsiz və firavan yaşaması üçün müasir mühitin yaradılmasına xidmət edir. Bu baxımdan sosial siyasət, şəhərsalma, turizm və mədəni irsin qorunması iqtisadi layihələr qədər əhəmiyyətlidir. Səfər zamanı Naxçıvan şəhərində 518 mənzildən ibarət sosial evlər kompleksinin təməlinin qoyulması sosial siyasətin mühüm istiqamətlərindən biridir. Eyni zamanda, Naxçıvan Regional DOST Mərkəzinin açılması sosial xidmətlərin vətəndaşlara daha rahat və müasir formada çatdırılması baxımından əhəmiyyətlidir. Bu layihələr göstərir ki, Naxçıvanın inkişafında sosial müdafiə məsələləri iqtisadi layihələrlə paralel şəkildə həyata keçirilir. Şəhərsalma baxımından isə Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Plan xüsusi əhəmiyyət daşıyır. Bu sənəd şəhərin gələcək məkan inkişafına vahid baxış formalaşdırır. Baş Planın mühüm xüsusiyyətlərindən biri müasirliklə tarixi irsin uzlaşdırılmasıdır. Naxçıvan kimi minilliklərə söykənən tarixə malik şəhər üçün bu məsələ xüsusi əhəmiyyət daşıyır. Şəhərin inkişafı zamanı tarixi-mədəni mühitin qorunması əsas prinsiplərdən biridir. Turizm də burada xüsusi imkan yaradır. Naxçıvanın zəngin tarixi, qədim abidələri, təbiəti, təmiz havası və mənzərəli məkanları böyük turizm potensialı formalaşdırır. Lakin bu potensialın tam reallaşdırılması üçün müasir turizm infrastrukturu lazımdır. Bu baxımdan Naxçıvan şəhərinin mərkəzində yeni beşulduzlu mehmanxana kompleksinin təməlinin qoyulması əhəmiyyətli addımdır. Tarixi irsin qorunması isə Naxçıvanın inkişafının mənəvi və mədəni dayağıdır. Möminə xatun türbəsində aparılan bərpa və konservasiya işləri bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Əcəmi Naxçıvaninin yaratdığı bu möhtəşəm abidə Azərbaycan memarlığının ən qiymətli nümunələrindən biridir. Səfər zamanı Əcəmi Naxçıvaninin abidəsinin açılışı da təsadüfi deyil. Bu, Azərbaycanın görkəmli memarlarının və tarixi şəxsiyyətlərinin irsinə dövlət səviyyəsində verilən dəyərin ifadəsidir.
Bütün bunlar onu göstərir ki, Naxçıvanın gələcək inkişaf modeli yalnız yeni yolların, binaların və müəssisələrin tikilməsi ilə ölçülməyəcək. Burada həm də müasir şəhər mühiti, güclü sosial xidmət sistemi, inkişaf etmiş turizm infrastrukturu və qorunan milli-mədəni irs formalaşdırılacaq. Naxçıvanı yeni dövrdə böyük inkişaf gözləyir. Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Sərəncamın imzalanması da bunu təsdiqləyir.

Digər xəbərlər