PDF Oxu

Siyasət

  • 375

Ağcabədidə 27 Sentyabr – Anım Gününə həsr olunmuş konfrans keçirilib - TƏDBİR

image

Sentyabrın 25-də Ağcabədi rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının birgə təşkilatçılığı ilə YAP Ağcabədi rayon təşkilatının inzibati binasında 27 Sentyabr – Anım Gününə həsr olunmuş konfrans keçirilmişdir.

Konfransda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, YAP Ağcabədi rayon təşkilatınnı sədr müavini Nazim Bünyatov, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, “N” saylı hərbi hissənin hərbçiləri, YAP fəalları, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin ictimaiyyət nümayəndələri iştirak etmişdilər.

Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpası uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra Vətən müharibəsində şəhidlərimizin qəhrəmanlığından, Azərbaycan Ordusunun tarixi Zəfərindən və xalqımızın milli həmrəyliyindən bəhs edən film nümayış etdirilmişdir.

Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Şöhrət Orucov mövzu ilə bağlı məruzə edərək 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatına cavab olaraq Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə başlanan 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən geniş bəhs etmişdir.

Konfransda YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov çıxış edərək, şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, qazanılmış tarixi qələbənin əhəmiyyətindən və dövlətimiz tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən yüksək diqqət və qayğıdan danışmışdır.

Tədbirdə “N” saylı hərbi hissənin komandir müavini, mayor Anar Səmədov, Birinci Qarabağ müharibəsi əlili, Vətən müharibəsi şəhidi Sahil Məmmədovun atası Ədalət Məmmədov və antiterror tədbirləri şəhidi, leytenant Röyal Məmmədovun həyat yoldaşı Qəmzə Məmmədova çıxış edərək bildirilmişlər ki, Müzəffər Azərbaycan Ordusunun şücaəti, əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqımızın sarsılmaz həmrəyliyi sayəsində qazanılan tarixi Zəfər 30 illik həsrətə son qoymuş, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir.

Konfransın sonunda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov çıxış edərək 27 Sentyabr Anım Gününün milli qürur və həmrəylik rəmzi olduğunu xüsusi vurğulamışdır. Rayon rəhbəri qeyd etmişdir ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı Zəfər respublikamızda və Ağcabədi rayonunda tarixinin ən parlaq səhifəsini təşkil edir və bu qələbə qəhrəman şəhidlərimizin qanı, qazilərimizin misilsiz şücaəti bahasına əldə olunmuşdur. Çıxışda vurğulanmışdır ki, respublikamızda olduğu kimi, Ağcabədi rayonunda da şəhid ailələrinin, qazilərin, eləcə də müharibə iştirakçılarının sosial müdafiəsinin daha da gücləndirilməsi, onların gündəlik qayğı və problemlərinin operativ şəkildə həlli hər zaman dövlət siyasətinin mərkəzində dayanır və bu istiqamətdə həyata keçirilən tədbirlər ardıcıl şəkildə davam etdiriləcəkdir. Həmçinin, rayon rəhbəri Vətən müharibəsi dövründə ağcabədililərin göstərdiyi həmrəyliyi və xüsusi xidmətləri xatırladaraq, həmin günlərdə təmas xəttinə yaxın ərazilərdən köçməyə məcbur qalmış 20 mindən çox sakinin rayon sakinləri tərəfindən yüksək qonaqpərvərliklə qəbul olunduğunu, hər cür zəruri yardım və sığınacaqla təmin edildiyini diqqətə çatdırmışdır.

Digər xəbərlər