PDF Oxu

Siyasət

  • 251

Sərvətdən dəyərə: Azərbaycanın sənaye inkişafında yeni mərhələ - ŞƏRH

image

Azərbaycan iqtisadiyyatının qarşıdakı inkişaf mərhələsində əsas məsələlərdən biri mövcud resurslardan daha səmərəli istifadə etməklə yeni iqtisadi dəyərin yaradılmasıdır. Bu baxımdan dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair 2027–2030-cu illər üçün Dövlət Proqramının qəbul edilməsi mühüm əhəmiyyət daşıyır. Sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə proqramın əsas istiqamətləri geniş müzakirə olunub. Sentyabrın 23-də isə Dövlət Proqramı Prezidentin Sərəncamı ilə təsdiqlənib. Sənəd dağ-mədən, metal filizləri və metallurgiya sənayesinin xammaldan son məhsula qədər dəyər zənciri üzrə inkişafını, mineral resurslardan səmərəli istifadəni və yüksək əlavə dəyər yaradan istehsalın genişləndirilməsini qarşıya məqsəd qoyur.Bu yanaşma Azərbaycanın sənaye siyasətində mühüm bir məqamı önə çıxarır ki, bu da təbii sərvətlərin mövcudluğu özü-özlüyündə son nəticə deyil fikridir. Əsas məsələ həmin sərvətlərin ölkənin iqtisadi gücünə, yeni istehsal imkanlarına, ixrac potensialına və insan kapitalının inkişafına çevrilməsidir.
Hər bir dövlət proqramının əsl dəyəri onun qəbul olunması ilə deyil, qarşıya qoyulan məqsədlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi ilə müəyyən olunur. Prezident İlham Əliyevin çıxışında da məhz bu məqam xüsusi diqqətə çatdırılıb ki, qəbul edilən proqramlar dörd il ərzində icra edilməlidir. 2027–2030-cu illəri əhatə edən Dövlət Proqramının qarşıya qoyduğu vəzifələr kifayət qədər genişdir. Proqram çərçivəsində ümumi investisiya ehtiyacı 5,3 milyard manat qiymətləndirilir. Bunun 1,1 milyard manatının dövlət büdcəsi, 2,2 milyard manatının dövlət müəssisələrinin vəsaiti, 2 milyard manatının isə özəl vəsait hesabına formalaşdırılması nəzərdə tutulur. Beləliklə, investisiyaların təxminən 80 faizinin qeyri-büdcə mənbələrindən cəlb edilməsi planlaşdırılır. Bu rəqəmlər proqramın miqyasını göstərməklə yanaşı, qarşıda duran məsuliyyəti də artırır. Söhbət yalnız maliyyə vəsaitinin ayrılmasından getmir. Ayrılan investisiyaların konkret layihələrə çevrilməsi, layihələrin müəyyən edilmiş müddətdə başa çatdırılması, istehsal güclərinin yaradılması və nəticələrin iqtisadi göstəricilərdə öz əksini tapması əsas məsələdir. Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin icrasına nəzarətin Nazirlər Kabinetinə həvalə edilməsi, proqramın icra vəziyyəti barədə ildə bir dəfə Prezidentə məlumat verilməsi və monitorinq ilə qiymətləndirmənin həyata keçirilməsi də məhz nəticəyə yönəlmiş idarəetmə mexanizminin formalaşdırılmasına xidmət edir. Deməli, qarşıdakı dörd il sadəcə yeni layihələrin elan olunduğu dövr deyil. Bu müddət qəbul edilmiş qərarların real iqtisadi nəticələrə çevrilməli olduğu mərhələdir.
Prezident İlham Əliyevin çıxışında Azərbaycanın iqtisadi inkişafının mühüm göstəricilərindən biri kimi qeyri-neft sektorunda əldə olunan nəticələrə xüsusi diqqət yetirilib. Dövlət başçısı bildirib ki, 2026-cı ilin ilk səkkiz ayında qeyri-neft sektorunda 5,4 faiz artım qeydə alınıb. Eyni dövrdə ümumi daxili məhsulun artımı 1,2 faiz təşkil edib. Bu rəqəmlərin siyasi-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, ölkə iqtisadiyyatının inkişafında qeyri-neft sektorunun çəkisinin artırılması uzunmüddətli prioritet kimi qarşıya qoyulur. Neft hasilatında təbii səbəblərdən müəyyən dəyişikliklərin baş verməsi fonunda qeyri-neft sahələrinin inkişaf etdirilməsi iqtisadiyyatın daha çox istiqamət üzrə formalaşmasına imkan verir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafı da məhz bu prosesin tərkib hissəsidir. Burada söhbət bir sahənin digərinin yerinə keçirilməsindən getmir. Məsələ iqtisadiyyatın müxtəlif sektorlarının bir-birini tamamlaması və yeni dəyər zəncirlərinin yaradılmasıdır.
Metallurgiya sənayesində istehsalın genişlənməsi logistika, nəqliyyat, enerji, tikinti, texniki xidmət, mühəndislik və digər sahələrdə də əlavə iqtisadi fəallıq yarada bilər. Dövlət Proqramının təqdimatı zamanı da vurğulanıb ki, yeni istehsal güclərinin yaradılması yükdaşımalar və logistika xidmətlərinə tələbi artıracaq, yerli podratçı və təchizatçı şirkətlər üçün yeni imkanlar formalaşdıracaq. Bu mənada qeyri-neft sektorundakı artım yalnız statistik göstərici deyil, iqtisadiyyatın yeni inkişaf istiqamətlərinin genişləndirilməsidir. Müasir iqtisadi inkişafın mühüm şərtlərindən biri dövlət və özəl sektorun imkanlarının düzgün əlaqələndirilməsidir. Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair yeni Dövlət Proqramında bu yanaşma aydın şəkildə öz əksini tapır. 5,3 milyard manatlıq investisiya ehtiyacının təxminən 80 faizinin qeyri-büdcə mənbələrindən formalaşmasının nəzərdə tutulması özəl kapitalın və dövlət müəssisələrinin maliyyə imkanlarının prosesə geniş cəlb edilməsinin planlaşdırıldığını göstərir.
Bu yanaşma eyni zamanda dövlətin rolunun dəyişmədiyini, əksinə, onun strateji istiqamətləri müəyyən edən və investisiya mühitini formalaşdıran əsas aktor kimi çıxış etdiyini göstərir. Dövlət uzunmüddətli hədəfləri müəyyən edir, zəruri infrastruktur və institusional mexanizmləri formalaşdırır, özəl sektor isə kapital, texnologiya və idarəetmə imkanları ilə bu prosesdə iştirak edir. Bu əməkdaşlığın nəticəsi yalnız yeni müəssisələrin yaradılması ilə ölçülməməlidir. Əsas nəticələrdən biri yerli şirkətlərin istehsal zəncirində iştirak imkanlarının genişlənməsi, yeni xidmət sahələrinin meydana çıxması və sahibkarlıq üçün əlavə imkanların yaranmasıdır. Dövlət Proqramında 2030-cu ilədək sektorun əlavə dəyərinin və illik ixrac potensialının 2,6 dəfə artırılması nəzərdə tutulur. Bu hədəfin reallaşması Azərbaycanın metal və metallurgiya məhsullarının ixrac strukturunda daha geniş yer tutmasına imkan verə bilər. Beləliklə, dövlət və özəl sektorun əməkdaşlığı burada sadəcə maliyyə məsələsi deyil. Bu, istehsal, texnologiya, kadr hazırlığı və ixrac imkanlarını birləşdirən daha geniş iqtisadi modeldir.
“Əsas sərvətimiz hətta yerin altında olan sərvətlər deyil, bizim təbiətimizdir.” Prezident İlham Əliyevin müşavirədə səsləndirdiyi bu fikir Dövlət Proqramının iqtisadi məqsədləri ilə yanaşı, onun ekoloji məsuliyyət tərəfini də ön plana çıxarır. Azərbaycanın mineral ehtiyatlarının iqtisadi dövriyyəyə cəlb edilməsi mühüm məqsəddir. Lakin bu proses təbiətin qorunması ilə paralel aparılmalıdır. Yeraltı sərvətlər məhdud resurslardır, təbii mühit isə gələcək nəsillərə ötürülməli olan milli sərvətdir. Məhz buna görə dağ-mədən sənayesinin inkişafından danışarkən hasilatın həcmi qədər ətraf mühitin qorunması, su və torpaq ehtiyatlarından səmərəli istifadə, ekoloji təhlükəsizlik və istehsal ərazilərinin bərpası kimi məsələlər də diqqətdə saxlanmalıdır. Bu yanaşma inkişafla təbiətin qorunması arasında seçim yaratmır. Əksinə, məqsəd iqtisadi inkişafı ekoloji məsuliyyətlə uzlaşdırmaqdır. Dövlət Proqramının əhatə etdiyi layihələrin miqyası bu məsələnin əhəmiyyətini daha da artırır. “Filizçay”, “Daşkəsən”, “Ortakənd” və “Söyüdlü” yataqlarının istismara hazırlanması, yeni emal imkanlarının yaradılması və geoloji kəşfiyyat işlərinin genişləndirilməsi böyük istehsal potensialı ilə yanaşı, məsuliyyətli resurs idarəçiliyini də tələb edir. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda geoloji kəşfiyyatın genişləndirilməsi həmin ərazilərin iqtisadi potensialının öyrənilməsi baxımından əhəmiyyətlidir. Lakin burada da iqtisadi məqsədlərlə yanaşı, təbiətin qorunması prinsipinin əsas götürülməsi uzunmüddətli inkişafın vacib şərtidir.
Azərbaycanın qarşısında duran yeni mərhələnin əsas xüsusiyyətlərindən biri təbii resursların sadəcə hasil olunması deyil, onların daha yüksək əlavə dəyər yaradan istehsala çevrilməsidir. 2027–2030-cu illər üçün Dövlət Proqramı bu baxımdan konkret hədəflər müəyyən edir. Qarşıdakı dörd il ərzində investisiyaların səfərbər edilməsi, yeni istehsal güclərinin yaradılması, ixrac imkanlarının genişləndirilməsi, regionlarda iqtisadi fəallığın artırılması və yeni dəyər zəncirlərinin formalaşdırılması nəzərdə tutulur. Lakin proqramın uğuru yalnız sənaye göstəricilərinin artımı ilə məhdudlaşmamalıdır. Əsas nəticə iqtisadi artımın yeni iş yerlərinə, müasir texnologiyalara, ixtisaslı kadrlara, yerli sahibkarlığın inkişafına və regionların iqtisadi fəallığına çevrilməsidir.
Prezident cənab İlham Əliyevin çıxışında vurğulanan əsas məntiq də məhz budur ki, Azərbaycan öz sərvətlərindən istifadə etməklə gələcəyin daha şaxələndirilmiş, daha dayanıqlı və daha çox əlavə dəyər yaradan iqtisadiyyatını formalaşdırmalıdır. Bu baxımdan yeni Dövlət Proqramı təkcə dağ-mədən və metallurgiya sənayesinin inkişaf planı deyil. O, Azərbaycanın təbii sərvətlərə münasibətində hasilatdan emala, xammaldan məhsula, resursdan dəyərə keçidi sürətləndirməyə yönəlmiş uzunmüddətli sənaye siyasətinin mühüm istiqamətlərindən biridir.

Qismət Həbibov
YAP Biləsuvar rayon təşkilatı Yuxarı Ağalı kənd ərazi partiya təşkilatının sədri

Digər xəbərlər