27 sentyabr 2020-ci il. Bu tarix xalqımızın yaddaşına əbədi həkk olunan, millətin mənliyini, kimliyini bütün dünyaya bildirən şərəfli bir gündür. Xalq ordu birləşərək əsir düşən Vətən torpaqlarının azadlığı uğrunda Ali Baş Komandanın əmrinə əsasən əsgər və zabitlərimiz silaha sarılıb, ölümün gözünə dik baxa-baxa yağının üstünə getdilər. Bu şərəfli, dönməz mübarizə yolunda misilsiz şücaət göstərərək 44 günə işğalçı erməniləri məhv edib, parlaq qələbə qazandılar. Xalqın qəhrəman şəhid övladlarına ehtiram əlaməti olaraq dövlət başçısı İlham Əliyevin 2020-ci il dekabr tarixi sərəncamı ilə sentyabrın 27-si Anım Günü elan edildi. Beləcə, qan töküb torpağı Vətən edən, ölümü ilə ölümsüzlük qazanan şəhidlərin adları və əməlləri milli yaddaşımızın ayrılmaz hissəsinə döndü.
Respublikamızın hər yerində olduğu kimi, “27 Sentyabr - Anım Günü” münasibətilə Xəzər Tibb Mərkəzində də tədbir keçirilib. Tibb müəssisəsinin direktoru Mübariz Ağayevin, struktur bölmə rəhbərləri və mərkəzin kollektivinin iştirak etdiyi tədbir Müstəqil Azərbaycanın qurucusu, dahi şəxsiyyət, görkəmli dövlət rəhbəri, dünya səviyyəli siyasətçi Heydər Əliyevin, Vətən uğrunda canından keçən şəhidlərin xatirəsini bir dəqiqəlik anılması, Dövlət Himninin oxunması ilə başlanıb.
Tibb Mərkəzinin direktoru M. Ağayev “ 27 Sentyabr - Anım Günü”nün tarixi əhəmiyyəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Ordumuzun qazandığı parlaq qələbə barədə danışıb, Vətən müharibəsində odlardan, alovlardan keçərək şanlı tarix yazan şəhidlərin göstərdiyi igidlik və onların əziz xatirəsi daim xalqımızın yaddaşında yaşayacağı, onların Vətənə sədaqət və qəhrəmanlıq nümunəsinin zaman-zaman gələn nəsillər üçün əbədi örnək olacağını bildirib.
Digər natiqlər öz çıxışlarında 44 günlük haqq savaşımızın başlanğıcını qəhrəmanlıq salnaməsi, həm də milli iradənin rəmzi olduğunu deyiblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü