PDF Oxu

Siyasət

  • 321

27 Sentyabr – Azərbaycanın Zəfər salnaməsinin başladığı, tariximizin yenidən yazıldığı gün - ŞƏRH

image

Bəzi tarixlər var ki, onları sadəcə xatırlamaq kifayət etmir – onları dərk etmək, mahiyyətini gələcək nəsillərə çatdırmaq lazımdır. 27 Sentyabr 2020-ci il Azərbaycan xalqı üçün məhz belə tarixlərdəndir. Bu tarix Vətən müharibəsinin başladığı gün olmaqla yanaşı, uzun illər davam edən işğal reallığının dəyişdirildiyi, milli iradənin hərbi-siyasi iradəyə çevrildiyi və Azərbaycanın öz tarixinin yeni səhifəsini yazmağa başladığı gündür.

27 Sentyabrın səhəri Azərbaycan üçün adi bir səhər olmadı. Həmin gün cəbhə xəttində baş verən hadisələr illərlə yığılıb qalmış tarixi problemin artıq yeni mərhələyə keçdiyini göstərdi. Azərbaycan Ordusunun əks-hücum əməliyyatlarına başlaması ilə xalqımızın onilliklər ərzində daşıdığı Qarabağ nisgili real mübarizə mərhələsinə daxil oldu. Amma 27 Sentyabrda başlayan prosesin kökləri daha dərinə gedirdi. Bu Zəfəri yalnız 44 günün nəticəsi kimi təqdim etmək Azərbaycan tarixinin həmin dövrünü tam izah etməz. Çünki 44 günlük müharibənin arxasında illərlə aparılan dövlət quruculuğu, iqtisadi inkişaf, ordu quruculuğu, beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyinin gücləndirilməsi və milli həmrəyliyin möhkəmləndirilməsi dayanırdı. Başqa sözlə, 27 Sentyabrda yalnız silahlar danışmadı. Həmin gün illərlə formalaşdırılmış dövlətçilik iradəsi döyüş meydanında öz ifadəsini tapdı.

Müstəqilliyin ilk illərində Azərbaycanın üzləşdiyi siyasi, iqtisadi və hərbi çətinliklər dövlətimizin qarşısında ciddi təhlükələr yaratmışdı. Ulu Öndərin hakimiyyətə qayıdışı ilə ölkədə siyasi sabitliyin təmin olunması, dövlət institutlarının möhkəmləndirilməsi və milli maraqların dövlət siyasətinin əsasına çevrilməsi istiqamətində mühüm mərhələ başlandı. Heydər Əliyev siyasi kursunun əsas xüsusiyyətlərindən biri Azərbaycanın gələcəyini qısamüddətli deyil, uzunmüddətli perspektivdə düşünmək idi. Məhz bu yanaşma sonrakı illərdə ölkənin iqtisadi, siyasi və hərbi imkanlarının genişləndirilməsi üçün möhkəm zəmin yaratdı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə bu dövlətçilik xətti yeni mərhələdə davam etdirildi. Ölkənin iqtisadi potensialının artırılması, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi, ordunun müasir standartlar əsasında yenidən qurulması Azərbaycanın qarşısında yeni imkanlar açdı. Ordu quruculuğu xüsusi istiqamət kimi müəyyənləşdirildi. Azərbaycan Silahlı Qüvvələrinin maddi-texniki təminatı gücləndirildi, müasir silah və texnologiyalar alındı, müxtəlif ölkələrin orduları ilə hərbi əməkdaşlıq genişləndirildi. Lakin güclü ordu yalnız silah və texnika demək deyil. Güclü ordu, eyni zamanda, Vətən sevgisi ilə formalaşan mənəvi gücdür. 2020-ci ilin döyüş meydanında Azərbaycan əsgərinin nümayiş etdirdiyi iradə bu mənəvi hazırlığın nə qədər mühüm olduğunu bütün dünyaya göstərdi.

2020-ci il sentyabrın 27-də başlayan müharibə Azərbaycan cəmiyyətində görünməmiş milli həmrəylik yaratdı. Cəbhədə Azərbaycan əsgəri döyüşürdü. Arxa cəbhədə isə milyonlarla insan onun mənəvi dayağına çevrilmişdi. Azərbaycanın müxtəlif bölgələrindən olan insanlar eyni hissi bölüşür, eyni xəbəri gözləyir, eyni qələbə arzusunu yaşayırdı. Həmin günlərdə “Vətən” anlayışının sadəcə coğrafi məfhum olmadığı bir daha göründü. Vətən milyonlarla insanı eyni duyğu, eyni məsuliyyət və eyni məqsəd ətrafında birləşdirən mənəvi dəyər kimi özünü göstərdi. Azərbaycan xalqının dövlət başçısının ətrafında nümayiş etdirdiyi birlik də müharibənin mənəvi-siyasi dayaqlarından biri oldu. Cənab Prezident İlham Əliyevin müharibə dövründə verdiyi açıqlamalar, beynəlxalq mediaya müsahibələri və diplomatik fəaliyyəti Azərbaycanın mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdı. Döyüş meydanındakı hərbi əməliyyatlarla diplomatik müstəvidə aparılan mübarizə bir-birini tamamladı. Beləliklə, Azərbaycan yalnız torpaqlarını azad etmək uğrunda döyüşmədi. Həm də öz həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq uğrunda informasiya və diplomatik mübarizə apardı.

27 Sentyabrın tarixdəki yerini müəyyənləşdirən əsas amillərdən biri Azərbaycan hərbçisinin göstərdiyi misilsiz qəhrəmanlıqdır. Vətən müharibəsinin 44 günü ərzində Azərbaycan əsgəri son dərəcə mürəkkəb relyef və ağır döyüş şəraitində irəlilədi. Hər bir yüksəklik, hər bir kənd və hər bir şəhər uğrunda aparılan döyüşlər böyük iradə və fədakarlıq tələb edirdi. Cəbrayılın, Füzulinin, Zəngilanın, Qubadlının və digər ərazilərin azad edilməsi ilə cəbhədə hərbi-siyasi vəziyyət Azərbaycanın xeyrinə dəyişirdi. Lakin bu yolun ən ağır səhifələri şəhidlərimizin adı ilə yazıldı. Onlar geri qayıtmaq ehtimalını deyil, Vətənin azadlığını önə çəkdilər. Onların həyatı, ailəsi, arzuları vardı. Lakin tarixin ən ağır məqamında Vətən qarşısındakı borc hər şeydən üstün gəldi. Bu səbəbdən Azərbaycan Zəfərindən danışarkən ilk növbədə şəhidlərimizin adını çəkmək mənəvi borcumuzdur. Çünki azad edilmiş torpaqlarda dalğalanan bayrağın kölgəsində onların əbədi izləri var.

2020-ci il Zəfərinin ən mühüm xüsusiyyətlərindən biri onun Azərbaycan cəmiyyətində yaratdığı tarixi dönüşdür.Uzun illər ərzində Qarabağ məsələsi Azərbaycan xalqının yaddaşında ağrılı bir problem kimi yaşayırdı. 2020-ci ilin payızından sonra isə Qarabağ artıq yalnız həsrət və nisgil məkanı deyil, quruculuğun, qayıdışın və yeni həyatın ünvanına çevrilməyə başladı. Bu dəyişiklik hərbi qələbədən daha böyük bir prosesin başlanğıcı idi. Döyüş meydanında əldə olunan nəticə sonrakı mərhələdə quruculuq meydanına keçdi. İşğaldan azad edilmiş ərazilərdə yollar, hava limanları, elektrik stansiyaları, məktəblər, xəstəxanalar və yaşayış kompleksləri inşa edilir. Şəhər və kəndlər yenidən qurulur. Keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı təmin olunur. Bu gün Qarabağda qurulan hər yeni ev, açılan hər məktəb, çəkilən hər yol bir həqiqəti göstərir: Azərbaycan öz Zəfərini yalnız hərbi nəticə kimi deyil, davamlı inkişaf və quruculuq prosesinə çevirməyə çalışır.

2020-ci ilin Qələbəsindən sonra Azərbaycanın qarşısında duran əsas məsələlərdən biri ölkənin bütün ərazisində suverenliyin tam təmin edilməsi idi. 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın Qarabağ iqtisadi rayonunda dövlət suverenliyi tam bərpa edildi. Bu hadisə 27 Sentyabr 2020-ci ildə başlayan tarixi prosesin sonrakı mühüm mərhələsi oldu. Beləliklə, 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünün bərpası istiqamətində tarixi Zəfər qazandı, 2023-cü ildə isə bütün ölkə ərazisində dövlət suverenliyinin tam bərpası təmin edildi. Bu iki tarix arasında yaranan tarixi bağlılıq Azərbaycan dövlətçiliyinin inkişafında xüsusi məna daşıyır. 27 Sentyabrda başlayan prosesin mahiyyətini məhz bu ardıcıllıq daha aydın göstərir: mübarizə, Zəfər, suverenlik və quruculuq.

27 Sentyabrın Anım Günü kimi qeyd edilməsi şəhidlərimizin xatirəsinə ehtiramın dövlət səviyyəsində ifadəsidir. Lakin Anım Gününün mahiyyəti yalnız keçmişi xatırlamaqdan ibarət deyil. Bu gün bizim qarşımıza gələcəyə dair məsuliyyət də qoyur. Şəhidlərin bizə əmanət etdiyi Azərbaycanı qorumaq, onun müstəqilliyini və dövlətçiliyini möhkəmləndirmək, azad edilmiş torpaqlarda yeni həyatın qurulmasına töhfə vermək hər bir vətəndaşın mənəvi məsuliyyətidir. Şəhidlərimizin adını yaşatmağın ən doğru yolu onların uğrunda can verdiyi Vətənin daha da güclənməsidir. Ona görə də 27 Sentyabr həm hüzn, həm qürur, həm də məsuliyyət günüdür.

Bu gün Qarabağda baş verənləri yalnız tikinti və infrastruktur layihələri kimi qiymətləndirmək də düzgün olmaz. Burada əslində Azərbaycan tarixinin yeni mərhələsi formalaşır. Uzun illər doğma yurdlarından ayrı düşmüş insanların öz evlərinə qayıtması tarixi ədalətin bərpasının sosial ifadəsidir. Xankəndidə, Şuşada, Laçında, Füzulidə, Ağdamda, Cəbrayılda, Zəngilanda, Qubadlıda və digər ərazilərdə həyatın yenidən canlanması Zəfərin gündəlik həyatda görünən nəticəsidir. Dünən həmin ərazilər uğrunda döyüşən Azərbaycan əsgərinin tutduğu mövqelərdə bu gün məktəblər, yaşayış məhəllələri, yollar və yeni həyat qurulur. Bu mənzərə Zəfərin ən böyük mənəvi nəticələrindən biridir.

27 Sentyabrın əhəmiyyəti yalnız onun 2020-ci ildə baş vermiş hərbi hadisənin başlanğıcı olmasında deyil. Bu tarix Azərbaycan xalqının öz taleyinə sahib çıxmaq iradəsinin simvoludur. 27 Sentyabr bizə göstərdi ki, dövlətçilik yalnız keçmişin mirası deyil, hər nəsilin qoruması və inkişaf etdirməsi lazım olan məsuliyyətdir. Bu tarix göstərdi ki, xalqın milli iradəsi dövlətin gücü ilə birləşəndə tarixdə köklü dəyişikliklər baş verə bilər. Bu tarix göstərdi ki, Zəfər yalnız döyüş meydanında əldə edilmir. Zəfərə aparan yol illərlə qurulur, hazırlanır və ən çətin məqamda milli iradə ilə reallaşdırılır. Bu gün biz 27 Sentyabrı yad edərkən 44 günlük Vətən müharibəsinin qəhrəmanlarını, şəhidlərimizi, qazilərimizi və həmin tarixi günlərdə Azərbaycanın yanında olan bütün insanları xatırlayırıq. Amma eyni zamanda düşünürük ki, bu böyük Zəfərin gələcək nəsillərə ötürülməsi bizim üzərimizə hansı məsuliyyəti qoyur? Cavab aydındır - daha güclü Azərbaycan qurmaq. Çünki şəhidlərimizin əmanəti yalnız azad edilmiş torpaqlar deyil. Onların əmanəti müstəqil, qüdrətli, bütöv və gələcəyə inamla baxan Azərbaycandır. 27 Sentyabr 2020-ci ildə başlayan yol Azərbaycan tarixinin gedişini dəyişdi. Bu yol 44 günlük Vətən müharibəsinin Zəfərinə, Şuşanın azadlığına, ərazi bütövlüyünün bərpasına, 2023-cü ildə dövlət suverenliyinin tam təmin edilməsinə və bu gün Qarabağda davam edən Böyük Qayıdışa qədər uzandı. Bu tarix həm də xalqımızın iradəsinin, dövlətimizin gücünün, Azərbaycan əsgərinin qəhrəmanlığının və şəhidlərimizin müqəddəs fədakarlığının bir tarixdə qovuşduğu gündür.

David Həsənov

Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşı

Digər xəbərlər