Müsahibimiz Milli Məclisin deputatı Mehriban Vəliyeva
- Mehriban xanım, ölkəmizdə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində şəhərlərin dayanıqlı inkişafı, “ağıllı şəhər” konsepsiyası və yaşıl enerji yanaşmaları əsas müzakirə mövzularından biri olacaqdır. Sizcə, işğaldan azad olunmuş ərazilərdə reallaşdırılan quruculuq modeli beynəlxalq şəhərsalma təcrübəsinə hansı yeni nümunələri təqdim edir?
Azərbaycanın ev sahibliyi etdiyi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası qlobal urbanizasiya prosesləri, dayanıqlı inkişaf, “ağıllı şəhər” və yaşıl enerji yanaşmalarının müzakirəsi baxımından mühüm beynəlxalq platformadır. Belə bir mötəbər tədbirin ölkəmizdə keçirilməsi dünya ictimaiyyətinin Azərbaycana olan yüksək etimadının, dövlətimizin beynəlxalq nüfuzunun və Prezident cənab İlham Əliyevin uğurlu xarici siyasət kursunun məntiqi nəticəsidir. Birinci vitse-prezident Mehriban Əliyevanın humanitar diplomatiya, mədəni irsin qorunması və beynəlxalq əməkdaşlıq sahəsində fəaliyyəti də Azərbaycanın müasir və etibarlı tərəfdaş kimi mövqeyinin güclənməsində mühüm rol oynayır.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən yenidənqurma prosesi artıq beynəlxalq səviyyədə unikal inkişaf modeli kimi qiymətləndirilir. Azərbaycan postmünaqişə dövründə dağıdılmış şəhərləri yalnız bərpa etmir, eyni zamanda onları müasir urbanizasiya prinsipləri əsasında yenidən qurur. Ağdam, Füzuli, Zəngilan, Şuşa və digər şəhərlərdə tətbiq edilən “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları rəqəmsal idarəetmə, alternativ enerji, ekoloji təhlükəsizlik və insan mərkəzli inkişaf prinsiplərini özündə birləşdirir.
Xüsusilə Zəngilanın Ağalı kəndində həyata keçirilən layihə müasir kənd təsərrüfatı, rəqəmsal idarəetmə, yaşıl enerji və sosial rifah komponentlərinin vahid sistemdə tətbiqinə görə bir çox ölkələr üçün nümunə hesab olunur. Qarabağ və Şərqi Zəngəzurun “yaşıl enerji zonası” elan edilməsi Azərbaycanın iqlim gündəliyinə verdiyi töhfənin göstəricisidir. Günəş, külək və hidroenerji layihələrinin genişləndirilməsi ölkəmizin enerji təhlükəsizliyi ilə yanaşı, qlobal enerji keçidində də fəal iştirak etdiyini göstərir. Bu model həm də təhlükəsizlik, sabitlik və strateji planlaşdırmanın vəhdətidir. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə genişmiqyaslı infrastruktur quraraq beynəlxalq ictimaiyyətə göstərdi ki, güclü siyasi iradə, sabit idarəçilik və milli birlik böyük inkişaf layihələrinin əsasını təşkil edir.
- Türk Dövlətləri Təşkilatı çərçivəsində son dövrdə siyasi-iqtisadi və humanitar əməkdaşlığın daha da dərinləşməsi meyilləri müşahidə olunur. Türk dünyasında ortaq strateji platformaların gücləndirilməsi faktorunun regional təhlükəsizlik və iqtisadi inteqrasiya sahəsində yaratdığı imkanları necə dəyərləndirmək olar?
Türk Dövlətləri Təşkilatı son illər yalnız mədəni-humanitar platforma deyil, eyni zamanda geosiyasi və iqtisadi baxımdan mühüm regional əməkdaşlıq mərkəzinə çevrilməkdədir. Prezident cənab İlham Əliyevin təşəbbüsləri və fəal diplomatik fəaliyyəti nəticəsində Azərbaycan təşkilat daxilində aparıcı rol oynayan dövlətlərdən biri kimi çıxış edir. Türk dünyasında ortaq strateji platformaların gücləndirilməsi ilk növbədə regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət edir. Müasir beynəlxalq münasibətlər sistemində qlobal risklərin artdığı bir dövrdə türk dövlətlərinin siyasi koordinasiyası regionda sabitlik və qarşılıqlı dəstək mexanizmlərini gücləndirir. Azərbaycan öz milli maraqlarını qorumaqla yanaşı, türk dövlətləri arasında qarşılıqlı etimad və əməkdaşlıq mühitinin dərinləşməsinə xüsusi önəm verir. İqtisadi inteqrasiya istiqamətində də mühüm addımlar atılır. Nəqliyyat, logistika, enerji, rəqəmsal iqtisadiyyat və investisiya sahələrində ortaq layihələr türk dövlətlərinin qlobal iqtisadi sistemdə mövqelərini gücləndirir. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan beynəlxalq enerji və nəqliyyat layihələri bu əməkdaşlığın əsas sütunlarından biridir. Parlamentlərarası əlaqələrin genişləndirilməsi də xüsusi əhəmiyyət daşıyır. Türk dövlətlərinin parlamentləri arasında siyasi dialoqun intensivləşməsi hüquqi bazanın uyğunlaşdırılması, ortaq təşəbbüslərin dəstəklənməsi və strateji qərarların koordinasiyası baxımından mühüm rol oynayır. Azərbaycan parlament diplomatiyası vasitəsilə də türk birliyinin möhkəmləndirilməsinə ciddi töhfələr verir. Bütün bunların fonunda Azərbaycanın daxili sabitliyi, yüksək ictimai təhlükəsizlik mühiti və güclü iqtisadi modeli ölkəmizi regionun əsas əməkdaşlıq mərkəzlərindən birinə çevirib. Xarici investorların Azərbaycana artan marağı da məhz bu sabitlik və etibarlı tərəfdaş imici ilə bağlıdır.
- Qlobal geosiyasi dəyişikliklər fonunda nəqliyyat marşrutları və enerji təhlükəsizliyi məsələləri daha da aktuallaşıb. Orta Dəhlizin artan strateji əhəmiyyəti regionun tranzit və logistika imkanlarını ön plana çıxarır. Bu baxımdan, Zəngəzur dəhlizinin açılmasının regional iqtisadi əməkdaşlığın genişlənməsi, yükdaşımaların artması və beynəlxalq ticari əlaqələrin güclənməsinə təsiri, eləcə də yaradacağı yeni perspektivlər barədə nə deyə bilərsiniz?
Müasir dövrdə qlobal geosiyasi dəyişikliklər fonunda enerji təhlükəsizliyi və alternativ nəqliyyat marşrutları xüsusi aktuallıq qazanıb. Bu baxımdan Orta Dəhlizin strateji əhəmiyyətinin artması Azərbaycanın geoiqtisadi mövqeyini daha da gücləndirir. Prezident cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarının əsas bağlantı nöqtəsinə çevrilib. Zəngəzur dəhlizi isə bu strateji xəttin mühüm tərkib hissəsidir. Dəhlizin açılması yalnız Azərbaycan üçün deyil, bütövlükdə region üçün yeni iqtisadi imkanlar formalaşdıracaq. Bu layihə Naxçıvanın əsas hissə ilə birbaşa bağlantısını təmin etməklə yanaşı, Türk dünyasını coğrafi baxımdan daha sıx birləşdirəcək. Zəngəzur dəhlizi vasitəsilə yükdaşımaların həcminin artması, logistika xərclərinin azalması və beynəlxalq ticarət əlaqələrinin genişlənməsi gözlənilir. Bu marşrut Avropa ilə Asiya arasında daha qısa və təhlükəsiz tranzit xətti kimi çıxış edə bilər. Xüsusilə enerji və yük daşımalarında alternativ marşrutların formalaşması qlobal iqtisadi sistem üçün də mühüm əhəmiyyət daşıyır. Azərbaycan artıq regionun əsas logistika və nəqliyyat hablarından birinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər iri infrastruktur layihələri bunu təsdiq edir. Zəngəzur dəhlizi həmin nəqliyyat arxitekturasını tamamlayan strateji layihədir. Bununla yanaşı, ölkəmizdə mövcud olan siyasi sabitlik, təhlükəsizlik və biznes mühitinin əlverişliliyi xarici investorların marağını daha da artırır. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi islahatlar iqtisadiyyatın şaxələndirilməsinə, qeyri-neft sektorunun inkişafına və sahibkarlıq fəaliyyətinin genişlənməsinə ciddi təkan verir.
- Rəqəmsal transformasiya, süni intellekt və innovasiya əsaslı iqtisadiyyatın sürətlə inkişaf etdiyi müasir dövrdə gənclərin texnologiya sahəsində potensialının üzə çıxarılması, innovativ düşüncəyə malik, yüksək ixtisaslı və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini necə qiymətləndirirsiniz?
Rəqəmsal transformasiya və süni intellekt texnologiyalarının sürətlə inkişaf etdiyi müasir mərhələdə insan kapitalı dövlətlərin əsas strateji resursuna çevrilib. Azərbaycan da Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə innovasiya əsaslı iqtisadi modelin formalaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Gənclərin texnologiya sahəsində potensialının üzə çıxarılması, innovativ düşüncə tərzinə malik kadrların hazırlanması və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illər rəqəmsal hökumət, startap ekosistemi, innovasiya mərkəzləri və texnoparkların yaradılması bu istiqamətdə mühüm nəticələr ortaya qoyub. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə təhsil, elm və sosial inkişaf sahələrində həyata keçirilən layihələr də gənclərin müasir bilik və bacarıqlara yiyələnməsinə ciddi töhfə verir. Xaricdə təhsil proqramları, beynəlxalq əməkdaşlıq layihələri və rəqəmsal təhsil imkanlarının genişləndirilməsi Azərbaycanın intellektual potensialının güclənməsinə xidmət edir. Bu gün Azərbaycanda sabitlik, ictimai təhlükəsizlik və davamlı inkişaf mühiti innovasiya iqtisadiyyatının inkişafı üçün də əlverişli zəmin yaradır. Xarici texnologiya şirkətlərinin və investorların ölkəmizə marağının artması da bunun göstəricisidir. Dövlət tərəfindən biznes qurumlarına yaradılan şərait, vergi və investisiya təşviqləri iqtisadiyyatın daha da şaxələndirilməsinə imkan verir. Azərbaycan artıq yalnız enerji ixrac edən ölkə deyil, eyni zamanda rəqəmsal və innovativ inkişaf modeli formalaşdıran dövlət kimi çıxış edir. Bu isə ölkəmizin gələcəkdə regional texnologiya və innovasiya mərkəzlərindən birinə çevrilməsi üçün geniş perspektivlər yaradır.
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib