PDF Oxu

Müsahibə

  • 1 156

Azərbaycan qlobal geosiyasi proseslərə ciddi təsir göstərən fəal strateji aktordur

image

Müsahibimiz YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Pərvin Kərimzadə

- Pərvin xanım, yeni siyasi reallıqlar fonunda Azərbaycanın qlobal arenada geostrateji mövqeyi möhkəmlənməkdədir. İkitərəfli və çoxşaxəli əlaqələr fonunda mövcud vəziyyət və yeni perspektivlər barədə hansı qənaətləri ifadə etmək olar?
- Beynəlxalq münasibətlər sistemindəki yeni geosiyasi reallıqlar fonunda Azərbaycan inkişaf dinamikası ilə dünyada böyük nüfuz qazanıb. Ölkəmizin siyasi sabitliyi, enerji və nəqliyyat sahəsində qlobal əhəmiyyətli layihələri, həmçinin regionda sülh və əməkdaşlıq gündəliyini irəli sürməsi rəsmi Bakını dünya üçün mühüm tərəfdaşlardan birinə çevirib. Bu reallıq təkcə böyük güclərin deyil, həm də Avropanın strateji baxımdan əhəmiyyətli dövlətlərinin Azərbaycanla əlaqələri genişləndirməsinə səbəb olur.
Azərbaycanın uğurlu xarici siyasəti nəticəsində ölkəmiz müasir beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş kimi qəbul olunur. Cənubi Qafqaz regionunun lideri olan Azərbaycan özünün xarici siyasəti ilə həm ikitərəfli münasibətlər kontekstində, həm də çoxşaxəli əlaqələr fonunda regional miqyaslı, qlobal xarakterli əməkdaşlıqlar platformasının aktoru rolunda çıxış edir. Müstəqil siyasət yürütməsi, sivilizasiyalararası dialoqa mühüm töhfələr verməsi, regional və beynəlxalq təhlükəsizliyin təmin olunmasında strateji tərəfdaş qismində yer alması dövlətimizin beynəlxalq nüfuzunu artıran əhəmiyyətli faktorlar qismində mühüm önəm kəsb edir. Bütün bunların fonunda beynəlxalq miqyasda Azərbaycanın dostlarının sayının artması mövcud reallıqların ifadəsidir. Prezident İlham Əliyevin dekabrın 8-də Slovakiyaya rəsmi səfəri çərçivəsində dövlətimizə və onun liderinə göstərilən diqqət bu reallığı bir daha təsdiqləyir.
- Prezident İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlıq kontekstində siyasi və iqtisadi əməkdaşlığın genişlənməsində hansı əhəmiyyətə malikdir?
- Dövlətimizin başçısının bu səfəri iki ölkə arasında əlaqələri yeni səviyyəyə yüksəldir. Nəzərə alaq ki, ötən ilin may ayında Slovakiyanın Baş naziri Robert Fitsonun ölkəmizə rəsmi səfəri çərçivəsində Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb. Bu sənəd iki ölkə arasında siyasi, iqtisadi, mədəni və ekoloji sahələrdə əməkdaşlığı daha da gücləndirməyi hədəfləyir. İki dövlət arasında strateji əlaqələr mühüm perspektivlərə malikdir. Dövlət başçıları arasındakı səmimi münasibət də bunu deməyə əsas verir. Dekabrın 8-də Bratislavada mətbuata bəyanatla çıxış edən Slovakiya Prezidenti Peter Pelleqrini deyib ki, biz strateji tərəfdaşlıq qurmaq və onu inkişaf etdirmək niyyətindəyik: “Slovakiya Azərbaycanı yerləşdiyi regionda strateji əhəmiyyətə malik tərəfdaş hesab edir. Azərbaycan Cənubi Qafqazın ən böyük iqtisadiyyatıdır. O, Asiya və Avropa ilə kəsişmədə yerləşir və zəngin enerji resurslarına malikdir. Mən çox şadam ki, bizim ticarət dövriyyəmiz artmaqdadır. Burada ciddi artım var. Biz bu gün də qeyd etdik ki, burada hələ də istifadə edilməmiş potensial var”.
Prezident İlham Əliyev də mətbuata bəyanatında Slovakiyaya rəsmi səfərinin iki ölkə arasındakı əlaqələrə çox müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib. Dövlətimizin başçısı bildirib ki, səfər zamanı həm təkbətək formatda, həm nümayəndə heyətlərinin iştirakı ilə aparılan danışıqlar bir daha onu göstərir ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır: “Keçən il Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışlar. Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir və o sənədin imzalanmasından sonra biz bütün istiqamətlər üzrə çox fəal əməkdaşlığı görürük”.
- Enerji, nəqliyyat və müdafiə sahələrindəki işbirliyi regionda dayanıqlı – uzunmüddətli inkişaf və etibarlı təhlükəsizlik baxımından nə vəd edir?
- Slovakiyanın Avropa İttifaqının (Aİ) üzvü olması da münasibətlərdə vacib amil kimi səciyyələnir. Bu dost ölkənin Aİ-dəki rolu və sənaye potensialı da ölkəmiz üçün vacib əhəmiyyət daşıyır. Avropa şirkətlərinin investisiyaları yalnız regionda yeni iş yerlərinin yaradılmasına şərait yaratmır, həm də yerli sahibkarlığın inkişafına dəstək verir, texnoloji transfer imkanlarını artırır, müasir idarəetmə və istehsal standartlarının tətbiqinə yol açır. Eyni zamanda, bu investisiyalar regionun dayanıqlı iqtisadi infrastrukturunun formalaşmasına töhfə verərək, Azərbaycanın uzunmüddətli iqtisadi strategiyasına xidmət edir və ölkənin beynəlxalq rəqabət qabiliyyətini gücləndirir. Slovakiya ilə əlaqələr isə Avropa İttifaqı kontekstində müstəqil və milli maraqlara əsaslanan siyasətin nümunəsidir. Diplomatik səfərlər, parlament dialoqları və iqtisadi layihələr Slovakiya-Azərbaycan münasibətlərinin strateji tərəfdaşlığa doğru sistemli və davamlı inkişaf etdiyini göstərir.
İki ölkə arasında hərbi və müdafiə sahəsində əməkdaşlıq, xüsusilə təqdirəlayiqdir, ötən ay Bakıda Prezident İlham Əliyev Slovakiya Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Onların Vətən müharibəsində Qələbənin beşinci ildönümü münasibətilə keçirilmiş hərbi paradda iştirak etməsi iki ölkə arasında hərbi və strateji əməkdaşlığın əhəmiyyətini nümayiş etdirir. Bu faktor həm də regional təhlükəsizlik sahəsində əməkdaşlıq perspektivlərinin inkişafına işarə idi. Dövlətimizin başçısının Slovakiyaya rəsmi səfəri zamanı müdafiə sənayesi və hərbi sahədə əməkdaşlıqla bağlı aparılan müzakirələr bu istiqamətdə hədəflərdən xəbər verir.
Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında strateji əməkdaşlığın gücləndirilməsinə və siyasi- iqtisadi və mədəni sahələrdə əlaqələrin yeni impulslarla inkişafına təkan verəcəkdir.

Digər xəbərlər