Müsahibimiz YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Elman Nəsirov
- Elman müəllim, xalqımız böyük qürur hissi ilə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci ildönümünü qeyd edir. Silahlı Qüvvələrimiz şanlı tarixi bir yol keçmişdir. Bu barədə fikirlərinizi bilmək istərdik.
- Şanlı və yenilməz Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 108-ci ili tamam olur. Müsəlman Şərqində Azərbaycan Xalq Cümhuriyyəti (AXC) adlanan ilk demokratik respublikanı yaradan “qurucu atalar” dərk edirdilər ki, misilsiz xidmətlərinin bu “şah əsəri”ni qorumaq üçün güclü orduya malik olmaq əsas şərtdir. Müəllifi olduqları “İstiqlal Bəyannaməsi”ndə də məsələ məhz belə qoyulurdu: Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Hökumət tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi irəli sürüldü. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Həmin ilin 1 avqust tarixində Azərbaycanın Hərbi Nazirliyi təsis olundu. Xosrov bəy Sultanov hərbi nazir təyin edildi. Nəticələr özünü çox gözlətmədi. Qısa zaman kəsiyində Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf əraziləri erməni-bolşevik işğalından azad etdi. AXC-nin 23 aylıq tarixi fəaliyyətinə Sovet işğalı nəticəsində son qoyuldu. Hərbi nazirlik ləğv olundu. Milli Ordumuzun 15 generalı bolşevik hökuməti tərəfindən güllələndi.
XX əsrin sonunun titanik gosiyasi təlatümlərinin məntiqi nəticəsi olaraq dağılan SSRİ-nin yerləşdiyi coğrafi məkanda yeni müstəqil dövlətlər yarandı. Azərbaycan Respublikası da həmin dövlətlər sırasında yer alsa da, daha ağır təhdid və çağırışlarla sınağa çəkilmişdi. Bu, ilk növbədə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə bağlı idi. Yeni mürəkkəb geosiyasi reallıqlar ordu quruculuğu məsələsini həyati zərurətə çevirmişdi. Düzdür, o zamankı Azərbaycan hakimiyyəti 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul etsə də, bu, formal xarakter daşıyırdı. Vahid ordu quruculuğu konsepsiyası yox idi. Ayrı-ayrı siyasiləşmiş komandirlərə tabe olan hərbi qruplaşmalar bir çox hallarda ön cəbhədə düşmənə qarşı deyil, daxili siyasi problemlərin həlli üçün bir alət olaraq istifadə olunurdu. Bu reallıq ermənilərin ərazi iddialarını həyata keçirmək üçün münbit şərait yaradırdı.
Yalnız Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra nizami ordunun formalaşdırılması istiqamıtində misilsiz addımlar atıldı. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1993-cü ilin dekabr - 1994-cü ilin yanvar aylarında həyata keçirilən məşhur “Horadiz əməliyyatı”nın nəticəsi olaraq həmin şəhər də daxil olmaqla, 22 yaşayış məntəqəsi azad edildi. Azərbaycanın formalaşan ordusundan ilk ağır zərbəni alan düşmən tərəf elə həmin ilin may ayının 12-də atəşkəs sənədi imzalamağa məcbur oldu. Azərbaycan Respublikası öz ordusunu mohkəmləndirib, torpaqlarını azad etmək üçün strateji pauza əldə etdi. Bu məsələnin prioritetliyini nəzərə alaraq, Ulu Öndər Heydər Əliyev 1998-ci il 22 may tarixli qərarı ilə 26 iyun tarixini Silahlı Qüvvələr Günü kimi müəyyən etdi. Azərbaycan Ordusunun hərbi hazırlığı, maddi-texniki təchizatı, xüsusilə də vətənpərvərlik ruhu daha da yüksəlmiş oldu. Bütün sahələrdə olduğu kimi, ordu quruculuğu məsələlərində Prezident İlham Əliyev Heydər Əliyevin siyasi kursuna sadiq qaldı. Tarixi nəticələri isə goz qabağındadır.
- Elman müəllim, növbəti sualımız elə toxunduğunuz məsələ ilə bağlıdır. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuz möhtəşəm Zəfərə imza atdı. Bu Qələbəni şərtləndirən amillər və konkret tarixi nəticələr haqqında nə deyə bilərsiniz?
- Əvvəla onu qeyd edim ki, Azərbaycan Ordusu öz gücünü 2016-cı ildə təkcə düşmənə deyil, eləcə də bütün dünyaya nümayiş etdirdi. 2016-cı il aprelin 2-də Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğalda olan ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi ordumuzun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu dörd günlük Aprel döyüşləri ilə xalqımıza əsl qələbə sevinci yaşatdı.
Ermənistan silahlı qüvvələri bu döyüşlərdə böyük itkilər verdi. Düşmənin 320-dən artıq hərbçisi məhv edildi, 500-dən artıq hərbi qulluqçusu yaralandı, 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsində yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılmasına imkan verən strateji mövqelər ələ keçirildi. Bu hərbi qələbə əslində Vətən müharibəsində əldə olunacaq tarixi Zəfərin ilk müjdəçisi oldu. Bunun ardınca yenilməz Azərbaycan Ordusu uğurlu Naxçıvan əməliyyatı həyata keçirdi. Tarixi hərbi qələbələrə yüksək qiymət verən Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi paradda vurğulamışdır: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi qabağa aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq”.
Prezident İlham Əliyevin böyük uzaqgorənliklə söylədiyi bu fikirlərin həyatda tam təsdiqini tapması üçün cəmisi 4 illik zaman kəsiyi lazım gəldi. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. 2020-ci il noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı Üçtərəfli Bəyanat regionda uzunmüddətli münaqişənin hərbi fazazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiya aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu.
8 Noyabr - Zəfər Günü xalqımızın qürur mənbəyinə çevrilmiş şanlı tarixdir. Həmin tarixin üç qəhrəmanı vardır: Müzəffər Ali baş Komandan, Onun formalaşdırdığı yenilməz ordu və dəmir yumruğa çevrilmiş xalq. Bu reallıqda Prezident+Ordu+ Xalq sözləri sinonimləşmiş, tarixi Zəfərin simvollarına çevrilmişdir.
Bu tarixi Zəfərlə Prezident İlham Əliyev öz adını müzəffər sərkərdə olaraq təkcə mənsub olduğu ölkənin deyil, əslində dünyanın hərb tarixinə əbədi olaraq həkk etdirdi. Tarixi qalibiyyət nəticəsində ordumuzun yenilməzliyi, qüdrəti və vətənpərvərliyi sözdə deyil, qanlı döyüş meydanlarında sübuta yetirildi. Xalq olaraq qəddimiz düz, başımızı uca oldu. Qürurumuz özümüzə qaytarıldı. Alnımızdan xəcalət təri birdəfəlik silindi. Ən qatı əleyhdarlarımız belə bu həqiqəti etiraf etmək məcburiyyətində qaldılar.
Tarixi Zəfər nəticəsində təkcə ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunmadı, həm də erməni faşizminə ölümcül zərbə endirildi. Eyni zamanda, Ermənistanın və dünya ermənilərinin son 30 il ərzində sitayiş etdikləri Miatsum ideologiyası - İrəvan və Qarabağ ermənilərini vahid dövlət tərkibində görməyi hədəfləyən, bu prosesdə qonşu Gürcüstan ərazisinə də ilhaq zonası kimi yanaşan irticaçı ideya iflasa uğradı. Artıq Ermənistan dövləti və erməni xalqı milli ideologiyadan məhrum olmuşdur.
Təsadüfi deyildir ki, bəzi Qərb mətbu orqanlarında, habelə ABŞ-ın Milli Müdafiə Kollecinin (National War College) və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbinin analitik nəşrlərində Azərbaycan Ordusunun hərbi taktikası çox yüksək qiymətləndirilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər. O hərbi əməliyyatlar ki, düşmənin üzləşdiyi hərbi texnika və sursat baxımından itkiləri 4 milyard ABŞ dollarına bərabərdir. Dövlət büdcəsi cəmisi 350 milyon ABŞ dollarına malik olan təcavüzkar Ermənistanın belə iri həcmdə silah-sursat almaq imkanına malik olmaması bəlli həqiqətdir. Deməli, təcavüzkarın şirnikləndirilməsi siyasəti “arxayınçılıq sindromu” formalaşdırmış və cəzasız qalacağına inam yaratmışdır. Bu baxımdan beynəlxalq ictimaiyyətin də üzərinə məsuliyyət payı düşür. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu həmin “arxayınçılıq sindromu”nu və “cəzasızlıq rejimi”ni darmadağın etdi.
- Postmüharibə dövründə yaranmış yeni geosiyasi reallıqlar Cənubi Qafqazda təhlükəsizlik arxitekturası və sülh prosesinin formalaşmasına necə təsir göstərmişdir?
- 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradı keçirildi. Bu tarixi əhəmiyyətli hərbi paradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə yanaşı, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak etməsi bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Türkiyə qardaşlığı əbədidir, sarsılmazdır.
Zəfər paradında çıxış edən Prezident İlham Əliyev tarixin sınağından şərəflə çıxmış Azərbaycan-Türkiyə birliyinə və qardaşlığına diqqəti cəlb edərək vurğuladı ki, Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik: “Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda, bütün dünyaya göstəririk”.
“Hörmətli Qardaşım, əziz Azərbaycan xalqı. Türkiyə Azərbaycanın apardığı mübarizəyə ilk günlərdən bütün qurum və təşkilatları ilə dəstək vermiş, bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmuşdur. Türkiyə olaraq Azərbaycan ilə münasibətlərimizdə özümüzə hər zaman böyük lider Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarını rəhbər tutduq. Qazi Mustafa Kamal Atatürkün dəqiq ifadəsi ilə Azərbaycanın kədərini kədərimiz, sevincini sevincimiz bildik. Bu anlayışla Qarabağı otuz il boyunca sinəmizdə yara etdik. Bu gün də bu yaranın sağalmasının sevincini paylaşmaq, bu şanlı zəfəri birlikdə qeyd etmək üçün aranızdayıq”. Bu fikirləri isə hərbi paraddakı çıxışında Türkiyə-Azərbaycan qardaşlığını yüksək qiymətləndirən və dünya dövlətləri üçün örnək hesab edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyıb Ərdoğan söyləmişdir.
2021-ci ilin 15 iyun tarixində iki qardaş dövlətin prezidentlərinin Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzaladıqları Bəyannamə ilə ikitərəfli münasibətlərimiz strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş oldu. Azərbaycan və Türkiyə dövlətləri hərbi müttəfiqə çevrildilər. Bu, o deməkdir ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlərdən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. Bu yardımın həcm və forması təxirəsalınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaqdır.
Xüsusi olaraq onu da qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva 44 günlük Vətən müharibəsinin çətin və şərəfli günlərində torpaq uğrunda canını fəda etmiş şəhidlərlə bağlı rəsmi “İnstaqram” səhifəsində çoxsaylı paylaşımlar edərək, onların şücaətini əsl qəhrəmanlıq, rəşadət və qorxmazlıq nümunəsi kimi qiymətləndirmişdir. “Bu gün mən şəhidlərimizin ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq”, – deyən ölkəmizin birinci xanımı Mehriban Əliyeva şəhidlərimizin əziz xatirəsinin hər zaman qəlbimizdə yaşayacağını vurğulamışdır.
Təəssüf hissi ilə onu da qeyd edək ki, Ermənistanın siyasi-hərbi rəhbərliyi və onun himayəsi altında Qarabağdakı xunta rejimininin tör-töküntüləri, görünür, öz strateji məğlubiyyətlərindən lazımı nəticə çıxara bilmədilər. Əks halda Ermənistanla şərti sərhədlərimizdə törətdikləri hərbi insidentlərə, doyüş mövqelərimizi iri çaplı silahlarla atəşə tutmalarına, mülki şəxslərə və polis nəfərlərinə qarşı mina terroru siyasəti həyata keçirmələrinə, qondarma “prezident seçkiləri” keçirmələrinə nə ad vermək olar?
Bu xüsusda məsələlərə qiymət verən Prezident İlham Əliyev vurğulamışdır ki, təxribat hərəkətlərinə son qoymaqla bağlı Azərbaycanın etdiyi çoxsaylı çağırışlar təəssüf ki, bütün ciddiliyi ilə qəbul edilmədi: “Vəziyyət daha da gərginləşdi, çünki bu il sentyabrın 2-də Ermənistanın baş naziri qondarma “Dağlıq Qarabağ respublikasının” yaradılmasının ildönümü ilə bağlı təbrik məktubu göndərdi. Bu, qırmızı xətti keçmək demək idi və təbii ki, Azərbaycan buna dözə bilməzdi. Bu, bizim ərazimizə qarşı açıq-aşkar iddia irəli sürülməsi idi. Sentyabrın 9-da qondarma “Dağlıq Qarabağ”ın qondarma hakimiyyət orqanları “seçki” keçirdilər, özlərinə yeni başçı seçdilər, bu isə mövcud reallıqların tam şəkildə inkar edilməsi demək idi”.
- 2023-cü ilin antiterror tədbirləri və sonrakı siyasi-diplomatik proseslər Azərbaycanın regional liderliyini bir daha bütün dünyaya nümayiş etdirmişdir...
- Formalaşmış şəraitdə 2023-cü il sentyabrın 19-da Azərbaycana antiterror tədbirləri keçirmək və öz suverenliyini tam şəkildə bərpa etmək üçün başqa seçim yolu qalmadı. Bir sutkadan da az davam edən tədbirlər nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildi, 10-15 min nəfərlik çoxminli kontingent silahsızlaşdırıldı və ərazimizin üzərində tam nəzarət bərpa olundu. Qeyd olunan tədbirdə Prezident İlham Əliyevin vurğuladığı kimi, buna paralel olaraq, biz artıq Qarabağın erməni əhalisinin reinteqrasiya planını açıq şəkildə dərc etdik, bu plan internetdə də mövcuddur: “Erməni əhalisinə öz evlərində qalmaqla bağlı çağırış edildi, çünki bizim tədbirlərin hədəfləri dəqiq xarakter daşıyırdı. Mülki infrastruktur, mülki obyektlər və mülki şəxslər zərər çəkmədilər. Artıq dediyim kimi, bütün tədbirlər 24 saatdan da az davam etdi. Bu müddət Ermənistanın qanunsuz hərbi birləşmələrinin tam şəkildə demoralizasiyası və mahiyyət etibarilə, təslim olması üçün kifayət etdi”.
Uzun illər ərzində ilmə-ilmə işlənən, müxtəlif dövrlərdə Cənubi Qafqazla bağlı planları olan qüvvələrin dəstəyi ilə reallaşdırılmağa çalışılan “böyük Ermənistan” planı Azərbaycan liderinin uzaqgörən siyasəti, qətiyyəti və iradəsi sayəsində süquta uğradı, darmadağın edildi. Erməni “miatsum”u, “ikinci erməni dövləti” xəyalları birdəfəlik məhv edildi.
2023-cü il noyabrın 8-də isə Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad keçirildi. Hərbi parad ilk növbədə Azərbaycanın ərazi bütövlüyünün, dövlət suverenliyinin bərpasını, uzun illər Xankəndidə yuva qurmuş erməni separatizminin kökünün kəsildiyini bütün dünyaya bir daha nümayiş etdirdi. Eyni zamanda dövlətin suveren hüquqlarını tam şəkildə həyata keçirdiyini və bu ərazilərin Azərbaycanın ayrılmaz hissəsi olduğunu göstərdi.
Qarabağda Azərbaycan xalqının qanını tökmüş, Xocalıda soyqırımı törətmiş hərbi canilər artıq əli qandallı Bakıya gətirilmiş, onlara qarşı istintaq hərəkətlərinə başlanılmışdır. İnsanlıq əleyhinə ağır cinayətlər törətmiş bu müharibə canilərinə qarşı sərt və ədalətli cəzanın tətbiq olunacağı labüddür.
2025-ci il 8 avqust tarixi Vaşinqton razılaşmaları, bu xüsusda Sülh müqaviləsinin paraflanması, Azərbaycan və Ermənistan siyasi liderlərinin ABŞ Prezidentinin şahidliyi və iştirakı ilə birgə Bəyanat imzalaması, ATƏT-in Minsk qrupunun ləğvi və digər reallıqlar sülhə olan inamı kəskin artırmışdır. Rəsmi Bakı və İrəvan arasında etimad mühitinin formalaşması istiqamətində atılan addımlar, xüsusilə də Azərbaycandan tranzit olaraq Ermənistana keçəcək yüklərə məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı Prezident İlham Əliyevin Astanada səsləndirdiyi mövqe, bunun qarşılığında Ermənistanın müvafiq öhdəliklə çıxış etməsi, hər iki dövlətin vətəndaş institutları təmsilçiləri arasında İrəvanda baş tutan görüş sülh gündəliyinin irəli aparılmasında mühüm amillər kimi dəyərləndirilə bilər. 2026-cı il regiona sülh və təhlükəsizlik gətirəcək il kimi tarixə düşə bilər.
Sonda onu da qeyd edək ki, 2025-ci il noyabrın 8-də Bakıda Azadlıq meydanında tarixi Zəfərin beş illik yubileyi ilə bağlı üçüncü hərbi parad keçirilmişdir. Qardaş dövlətlərin liderləri: Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif də Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı olaraq bu tarixi hərbi paradda iştirak etmişdir.
Azərbaycan Zəfərimizin 5-ci ildönümünə həsr edilən bu tarixi hərbi paradı keçirməklə bütün dünya ictimaiyyətinə, xüsusilə Cənubi Qafqaza sülh və sabitlik arzulayan xarici tərəfdaşlarımıza, habelə müxtəlif təxribatlarla regionumuzu qarışdırmaq istəyən beynəlxalq qaragüruhçu qüvvələrə və onların ölkə daxilindəki miskin tör-töküntülərinə də mühüm mesajlar verilmişdir. Bu hərbi parad həm Azərbaycanın hərbi üstünlüyünü, həm siyasi iradəsini, həm diplomatik məharətini, həm də güclü müttəfiqlərə malik olduğunu nümayiş etdirmişdir. Bu hərbi parad vasitəsilə tarixin ən qüdrətli Azərbaycanı bir daha dünyaya təqdim edilmişdir.
“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib