PDF Oxu

Müsahibə

  • 1 100

Strateji tərəfdaşlığın yeni mərhələsi

image

Müsahibimiz Milli Məclisin deputatı Əli Hüseynli

- Əli müəllim, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın ölkəmizə səfərini tərəflər arasında qarşılıqlı münasibətlərin yeni mərhələdə inkişafı baxımından necə dəyərləndirirsiniz?
- Martın 11-də Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilən görüşlər və mətbuata verilən birgə bəyanatlar çoxtərəfli münasibətlərin strateji xarakterini bir daha nümayiş etdirir. İlk növbədə qeyd etməliyik ki, Avropa İttifaqının (Aİ) rəhbərliyini təmsil edən yüksək ranqlı rəsmisinin ölkəmizə səfəri böyük siyasi əhəmiyyətə malik hadisədir. Bu səfər yalnız diplomatik protokol xarakterli hadisə deyil, həm də Avropa ilə Cənubi Qafqaz arasında formalaşan yeni geosiyasi və iqtisadi əməkdaşlığın mühüm mərhələsi kimi dəyərləndirilir.
Hazırkı mərhələdə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi dialoqun intensivləşməsi, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişlənməsi, regional təhlükəsizlik və sülh gündəliyinin müzakirəsi tərəfdaşlığın strateji mahiyyətini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin bəyanatında vurğuladığı kimi, biz müxtəlif səviyyələrdə tərəfdaşlığın fəal mərhələsindəyik. Son illər ərzində Aİ qurumlarının nümayəndələrinin Azərbayacana çoxsaylı səfərləri çərçivəsində yüksək səviyyəli siyasi dialoqun intensiv xarakter alması tərəflərin strateji əməkdaşlığa verdiyi əhəmiyyəti nümayiş etdirir.
İqtisadi göstəricilər də yaxın münasibətlərin real məzmununu təsdiq edir. Cari ilin yanvar ayına olan məlumatlara əsasən, Azərbaycanın ticarət dövriyyəsinin təxminən yarısı Avropa İttifaqı ilə bağlıdır. Bu faktor Aİ-ni ölkəmizin əsas ticarət tərəfdaşı kimi ön plana çıxarır. Qarşılıqlı investisiya proseslərinin genişlənməsi isə iqtisadi əməkdaşlığın gələcəkdə daha da dərinləşəcəyini göstərir. Eyni zamanda, tərəflər yeni və əhatəli hüquqi çərçivə yaradacaq ikitərəfli sazişin tezliklə yekunlaşdırılması istiqamətində siyasi iradə nümayiş etdirirlər. Bu sənəd Azərbaycan–Aİ münasibətlərinin institusional əsaslarını daha da möhkəmləndirəcəkdir.
- Enerji sahəsində tərəfdaşlıq, xüsusilə qaz ixracı Avropa ölkələri ilə münasibətlərdə mühüm yer tutur. Sizcə, mövcud enerji əməkdaşlığı gələcəkdə hansı yeni layihələr və imkanlarla genişlənə bilər?
- Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin ən mühüm istiqamətlərindən biri enerji əməkdaşlığıdır. Xüsusilə 2022-ci ildə imzalanmış “Enerji sahəsində Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanmasından sonra sözügedən sahədə əməkdaşlıq daha da genişlənib. Bu gün Avropa İttifaqının 10 üzv dövləti ölkəmizdən təbii qaz alır və ümumilikdə Azərbaycan qazını idxal edən ölkələrin sayı 16-ya çatıb. Bu göstərici dövlətimizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolun əhəmiyyətini ortaya qoyur.
Eyni zamanda, Azərbaycan qaz hasilatının artırılması istiqamətində yeni layihələr həyata keçirir və yaxın illərdə əlavə qaz həcmlərinin Avropa bazarına çıxarılması planlaşdırılır. Bu prosesdə Cənub Qaz Dəhlizi layihəsi mühüm rol oynayır və həmin boru xətti Avropanın enerji mənbələrinin şaxələndirilməsi strategiyasına ciddi töhfə verir. Enerji məsələləri üzrə əməkdaşlığın digər mühüm istiqaməti isə bərpaolunan enerji sahəsidir. Azərbaycan geniş Günəş və külək potensialına malik ölkə kimi Avropa bazarı üçün yaxın perspektivdə yaşıl enerji mənbələrindən birinə çevrilmək niyyətindədir. Ölkəmizdə həyata keçirilən enerji strategiyasına görə, yaxın 5–6 il ərzində 6-8 giqavat həcmində bərpaolunan enerji istehsalının ixrac potensialı formalaşdırılması planlaşdırılır. Bu çərçivədə Avropa tərəfdaşları əməkdaşlıq çərçivəsində elektrik ötürmə xətləri, enerji infrastrukturu və Qara dənizin dibi ilə çəkilməsi planlaşdırılan enerji kabelləri üzrə iş aparılır. Təsadüfi deyil ki, Azərbaycan Aİ tərəfindən təkcə qaz ixracatçısı deyil, həm də gələcəkdə Avropanın yaşıl enerji təminatında mühüm tərəfdaş kimi qəbul olunur.
- Regionda formalaşan yeni reallıqlar, xüsusilə sülh gündəliyi və Orta Dəhlizin inkişafı fonunda Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat və ticari əməkdaşlığın perspektivlərini necə görürsünüz?
- Antonio Koştanın Azərbaycana ayırdığı xüsusi diqqət regional sülh və yeni geosiyasi reallıqlar kontekstinndə də diqqət mərkəzindədir. Belə ki, görüş zamanı regional təhlükəsizlik məsələləri və Cənubi Qafqazdakı sülh prosesi geniş müzakirə olunub. Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan ilk dəfə olaraq uzunmüddətli sülh mərhələsinə daxil olmaq imkanı əldə edib. 2025-ci ilin avqustunda əldə olunmuş Azərbaycan-Ermənistan sülh razılaşması regionda yeni siyasi reallıq formalaşdırıb. Azərbaycan tərəfi bu prosesdə real addımlar ataraq Ermənistana neft məhsullarının tədarükünə başlayıb, tranzit daşımalar üçün məhdudiyyətləri aradan qaldırıb.
Avropa İttifaqı regionda davamlı sülhün qurulması istiqamətində iki ölkə arasında aparılan dialoqu dəstəklədiyini bəyan edib. Bu mövqe Cənubi Qafqazın gələcəkdə daha sabit və əməkdaşlığa açıq regiona çevrilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, Azərbaycanın Avropa ilə Asiya arasında logistika və nəqliyyat mərkəzinə çevrilməsi tərəfdaşlığın mühüm istiqamətlərindən biridir. Bu kontekstdə Orta Dəhliz layihəsi xüsusi əhəmiyyət daşıyır. Aİ Global Gateway təşəbbüsü çərçivəsində bu dəhlizin inkişafına dəstək verməyə hazır olduğunu bildirib. Bu əməkdaşlıq Qara dəniz, Cənubi Qafqaz və Mərkəzi Asiya regionları arasında iqtisadi əlaqələrin güclənməsinə, ticarətin və tranzit daşımalarının artmasına xidmət edir. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirdiyi genişmiqyaslı yenidənqurma və bərpa işləri də Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirilir. Aİ minatəmizləmə sahəsində əsas beynəlxalq donor kimi regionun təhlükəsiz və dayanıqlı inkişafına töhfə verir. Bu əməkdaşlıq post-müharibə dönəmində regionun sosial-iqtisadi inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.
Görüş zamanı tərəflər, həmçinin rəqəmsal transformasiya, innovasiya, süni intellekt texnologiyaları və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi məsələlərini də müzakirə ediblər. Bununla yanaşı, terrorizm, transmilli cinayətkarlıq, qanunsuz miqrasiya və digər təhlükələrə qarşı mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi də tərəfdaşlığın mühüm komponentlərindən biri kimi qeyd olunub. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, regional sülh, yaşıl enerji və iqtisadi əməkdaşlıq sahələrində əldə edilən razılaşmalar tərəfdaşlığın daha geniş geosiyasi məzmun kəsb etdiyini göstərir.
Beləliklə, Azərbaycan-Aİ münasibətlərinin mövcud dinamikası və danışıqların pozitiv əhval-ruhiyyədə keçməsi onu deməyə əsas verir ki, əlaqələr yaxın illərdə daha da dərinləşəcəkdir. Bu əməkdaşlıq yalnız ikitərəfli deyil, həm də Avropa ilə Asiya arasında yeni siyasi-iqtisadi konfiqurasiyanın formalaşmasında mühüm rol oynayacaqdır.

Digər xəbərlər

Bəhruz Quliyev: “Səs” tarixə düşmüş bir qəzetdir Müsahibə

“Səs” qəzetinin ən layiqli qiymətini ulu öndər Heydər Əliyev verib