Azərbaycan xalqının milli kimliyini, dövlətçilik ənənələrini və müstəqillik ideallarını özündə əks etdirən müqəddəs rəmzlərdən biri də Dövlət Bayrağımızdır. Mavi, qırmızı və yaşıl rənglərdən ibarət üçrəngli bayrağımız xalqımızın azadlıq arzularının, milli birliyinin və müstəqil dövlətçilik iradəsinin təcəssümüdür. Bu bayraq tariximizin çətin və mürəkkəb dövrlərində belə müstəqillik düşüncəmizin yaşadılmasının, milli ruhumuzun qorunmasının rəmzinə çevrilmişdir.
1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə qəbul edilən üçrəngli bayrağımız ilk müstəqil dövlətimizin əsas atributlarından biri olmuşdur. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra dövlət bayrağımızın rəsmi statusuna son qoyulsa da, xalqımızın qəlbində azadlıq və müstəqillik rəmzi kimi yaşamaqda davam etmişdir.
Milli tariximizin ən əlamətdar hadisələrindən biri 1990-cı il noyabrın 17-də Naxçıvanda baş vermişdir. Həmin gün Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və sədrliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilmişdir. Bununla yanaşı, muxtar respublikanın adından “Sovet Sosialist” sözləri çıxarılmış, Azərbaycanın milli dövlətçilik atributlarının bərpası istiqamətində mühüm qərarlar qəbul olunmuşdur.
Bu tarixi hadisə yalnız Naxçıvanın siyasi həyatında deyil, bütövlükdə Azərbaycanın müstəqillik tarixində mühüm mərhələ təşkil etmişdir. Həmin dövrdə hələ sovet hakimiyyətinin mövcud olduğu bir şəraitdə üçrəngli bayrağımızın yenidən ucaldılması böyük siyasi iradə, cəsarət və milli qətiyyət tələb edirdi. Ümummilli Lider Heydər Əliyev bu addımı ilə xalqımızın müstəqillik istəyini əməli şəkildə ifadə etmiş, milli dövlətçilik ənənələrinin bərpasına güclü təkan vermişdir.
Ulu Öndər Heydər Əliyev sonralar həmin tarixi hadisəni xatırlayaraq demişdir: “90-cı il noyabrın 17-də biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, mənim sədrlik elədiyim sessiyada ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş Azərbaycan milli bayrağını qaldırdıq”.
Bu sözlər Naxçıvanda atılan tarixi addımın mahiyyətini və əhəmiyyətini aydın şəkildə ifadə edir. Üçrəngli bayrağımızın Naxçıvanda dövlət bayrağı kimi qəbul edilməsi Azərbaycanın digər bölgələrində də milli azadlıq və müstəqillik düşüncəsinin güclənməsinə mühüm təsir göstərmişdir. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızı dövlət bayrağı kimi qəbul etmişdir. Beləliklə, xalqımızın milli dövlətçilik irsinin ayrılmaz hissəsi olan müqəddəs bayrağımız yenidən müstəqil Azərbaycanın başı üzərində dalğalanmağa başlamışdır.
Bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı ölkəmizin suverenliyini, ərazi bütövlüyünü, milli birliyini və beynəlxalq aləmdə müstəqil dövlət kimi mövcudluğunu təcəssüm etdirir. Bayrağımızın mavi rəngi türk mənşəyimizi, qırmızı rəngi müasirlik və demokratik inkişaf ideyalarını, yaşıl rəngi isə İslam sivilizasiyasına mənsubluğumuzu ifadə edir. Onun üzərindəki aypara və səkkizguşəli ulduz milli-mənəvi dəyərlərimizin ayrılmaz atributlarıdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u Dövlət Bayrağı Günü kimi təsis edilmişdir. Bu qərar dövlət rəmzlərimizə hörmət və ehtiramın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu gün üçrəngli bayrağımız ölkəmizin bütün bölgələrində, dövlət müəssisələrində, beynəlxalq tədbirlərdə və idman arenalarında qürurla dalğalanır. Xüsusilə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasından sonra dövlət bayrağımızın ölkəmizin hər bir guşəsində ucalması xalqımızın milli qürurunu və dövlətçilik əzmini daha da artırır.
Dövlət Bayrağı Günü münasibətilə biz yalnız müqəddəs dövlət rəmzimizə ehtiramımızı ifadə etmir, eyni zamanda, onun yenidən ucaldılması naminə tarixi xidmətlər göstərmiş Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini dərin hörmətlə yad edirik. Bu bayrağın dalğalanması uğrunda canlarından keçən şəhidlərimizin qəhrəmanlığını minnətdarlıqla xatırlayır, qazilərimizin fədakarlığını yüksək ehtiramla anırıq.
Nicat Ələkbərov
YAP Şahbuz rayon təşkilatının sədri