PDF Oxu

Siyasət

  • 559

8 Noyabr – Zəfər Günü qüdrətli dövlətimizin və xalqımızın şanlı qələbə tarixidir - ŞƏRH

8 Noyabr – Zəfər Günü qüdrətli dövlətimizin və xalqımızın şanlı qələbə tarixidir - ŞƏRH

Hər bir xalq üçün müstəqil dövlətə sahip olmaq və öz taleyini təyin etmək ən böyük nailiyyətdir. Bu gün şəhidlərimizin və qəhrəman qazilərimizin qanı hesabına bərpa olunan ərazi bütövlüyümüz milli sərvətimizdir. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı.
Dövlət başçısının 2020-ci il 3 dekabr tarixli Sərəncamı ilə 8 Noyabr ölkəmizdə Zəfər Günü elan edildi. Qüdrətimizin və milli qürurumuzun təntənəsinə çevrilən bu tarixi gün hər bir azərbaycanlı üçün ən şərəfli bayramdır.
8 Noyabr 2020-ci il - Azərbaycanın şanlı dövlətçilik tarixinin Zəfər zirvəsidir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində göstərdiyi rəşadət 28 illik torpaq həsrətinə son qoydu. Strateji əhəmiyyətə malik Şuşa şəhərinin azad edilməsi ilə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi.Bu tarixi Qələbə ölkəmizin ərazi bütövlüyünü bərpa etməklə yanaşı, son iki yüz il ərzində regionda cərəyan edən geosiyasi proseslərə və erməni şovinizminə sarsıdıcı zərbə vurdu. 30 illik işğala son qoyulması Azərbaycanın milli təhlükəsizliyini və gələcək inkişaf prioritetlərini köklü şəkildə təmin etdi.44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Ordusu bir addım da geri çəkilmədən, hər gün irəliləyərək şanlı Zəfər salnaməsini yazdı. Döyüş meydanında nümayiş etdirilən yüksək peşəkarlıq və sarsılmaz iradə düşmənin müqavimətini tamamilə qırdı. Bu fasiləsiz irəliləyiş hərbi tariximizə misilsiz bir şücaət nümunəsi kimi daxil oldu.
44 gün ərzində Azərbaycan dövləti, xalqı və ordusu sarsılmaz birlik nümayiş etdirərək öz qüdrətini bütün dünyaya sübut etdi. Ön cəbhədəki hərbi şücaət arxa cəbhədəki milli həmrəyliklə tamamlanaraq vahid dəmir yumruğa çevrildi. Bu tarixi birlik Qələbəmizin əsas təminatçısı olmaqla yanaşı, dövlətimizin gücünü və sarsılmaz iradəsini təcəssüm etdirdi. Zəfərə aparan yol çoxşaxəli və ardıcıl dövlət siyasətinin nəticəsidir. Bu strateji xəttin prioritet vəzifəsi yüksək döyüş qabiliyyətinə və müasir təminata malik Silahlı Qüvvələrin formalaşdırılması idi. Həyata keçirilən məqsədyönlü islahatlar nəticəsində yaradılan qüdrətli Azərbaycan Ordusu qarşıya qoyulmuş tarixi tapşırığı ləyaqətlə icra etdi.
Bu şanlı tarix Azərbaycan dövlətçilik salnaməsində əbədi yaşayacaqdır. Qazanılan müstəsna Qələbə gələcək nəsillər üçün milli qürur mənbəyidir. Azərbaycan xalqı öz qəhrəmanlıq tarixini hər zaman yüksək fəxarət hissi ilə yad edəcəkdir.
44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun Zəfəri ilə başa çatdı.Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. Bu bir daha Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı ölkə Prezidenti İlham Əliyevin siyasi diplomatiyasının bütün dünyaya nümayişinin əyani təzahürü idi.
Tarixi Qələbəmiz yalnız hərbi və siyasi müstəvidə deyil, cəmiyyətin sosial və mənəvi həyatında da dərin izlər buraxmışdır. Dövlətimizin qüdrətini nümayiş etdirən bu böyük Zəfər, eyni zamanda milli birliyin və mənəvi dəyərlərin daha da möhkəmlənməsinə təkan vermişdir. Bu çərçivədə, Zəfər Günü münasibətilə amnistiya aktlarının qəbul edilməsi dövlətimizin ali hümanizm prinsiplərinə və milli həmrəyliyə verdiyi yüksək dəyərin təzahürüdür. Bu addım tarixi Qələbəmizin sevincini cəmiyyətin bütün təbəqələri ilə bölüşməklə yanaşı, insanpərvərlik ənənələrinin dövlət siyasətindəki möhkəm yerini bir daha nümayiş etdirdi.

Azərbaycanın zəngin tarixinə möhtəşəm Qələbə səhifəsini yazan Müzəffər Ali Baş Komandana xalqımızın etibarı və ehtiramı sonsuzdur. İşğaldan azad edilmiş ərazilərə davamlı səfərlər edən Prezident İlham Əliyev Zəfər sevincini xalqı ilə bölüşməklə yanaşı, Qarabağ və Şərqi Zəngəzurun sürətlə bərpa edilməsi və dirçəldilməsi iradəsini nümayiş etdirir. Qədirbilən xalqımız ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini hər zaman uca tutacaq, onların qəhrəmanlığını müqəddəs əmanət kimi qəlbində yaşadacaqdır.

Rövlan Heydərov

YAP Naftalan şəhər təşkilatının sədri

Digər xəbərlər