PDF Oxu

Siyasət

  • 501

Şuşada Böyük Qayıdış: Zəfərdən quruculuğa uzanan yol - ŞƏRH

Şuşada Böyük Qayıdış: Zəfərdən quruculuğa uzanan yol - ŞƏRH

Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər xalqımızın milli iradəsinin, dövlətimizin siyasi qətiyyətinin və ordumuzun gücünün təntənəsi olmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərdə yeni inkişaf mərhələsinin başlanğıcını qoydu. 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi ilə tarixi ədalətin bərpası istiqamətində mühüm nailiyyət əldə olundu. Lakin qarşıda duran vəzifə yalnız torpaqların işğaldan azad edilməsi ilə yekunlaşmırdı. Dağıdılmış şəhər və kəndlərin yenidən qurulması, infrastrukturun bərpası, əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi və həmin ərazilərdə davamlı həyatın formalaşdırılması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrildi. Bu gün Şuşada həyata keçirilən genişmiqyaslı quruculuq işləri Zəfərin real nəticələrinin təzahürü, Azərbaycanın gələcəyə hesablanmış inkişaf strategiyasının mühüm istiqamətidir.
Şuşanın bərpası xüsusi əhəmiyyət daşıyır. Çünki bu şəhər Azərbaycanın yalnız coğrafi məkanlarından biri deyil, milli-mədəni kimliyimizin, tarixi yaddaşımızın və dövlətçilik ənənələrimizin mühüm daşıyıcısıdır. İşğal dövründə şəhərin tarixi simasına ciddi zərər vurulmuş, bir sıra mədəniyyət abidələri, dini məkanlar və yaşayış binaları dağıdılmışdı. Buna görə də Şuşanın yenidən qurulması qarşıya qoyulan vəzifələrin kompleks şəkildə həyata keçirilməsini tələb edirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhərin bərpasına dərhal başlanılması, infrastruktur layihələrinin ardıcıl icrası və tarixi abidələrin ilkin görkəminə qaytarılması bu istiqamətdə dövlətin müəyyən etdiyi məqsədlərin ardıcıllığını nümayiş etdirdi.
Şuşanın dirçəldilməsi prosesi şəhərin strateji inkişafını müəyyən edən Baş plan əsasında həyata keçirilir. Şəhərin tarixi memarlıq üslubunun qorunması, müasir şəhərsalma prinsiplərinin tətbiqi, yeni yaşayış məhəllələrinin yaradılması və sosial infrastrukturun formalaşdırılması bu planın əsas istiqamətlərindəndir. 2021-ci il avqustun 29-da Şuşanın ilk yaşayış kompleksinin təməlinin qoyulması şəhərin yenidən məskunlaşdırılması istiqamətində mühüm addım oldu. Sonrakı illərdə yeni yaşayış komplekslərinin inşasına başlanıldı, məktəb, səhiyyə, inzibati və xidmət obyektlərinin yaradılması istiqamətində layihələr həyata keçirildi. 2026-cı il iyunun 23-də Prezident İlham Əliyevin Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovla birlikdə birinci yaşayış kompleksinə səfəri zamanı verilən məlumata görə, 23 binadan ibarət kompleksdə 450 mənzil inşa edilib. Bu göstərici Şuşada daimi yaşayış mühitinin formalaşdırılması istiqamətində görülən işlərin miqyasını əks etdirir.
Böyük Qayıdış siyasətinin əsas mahiyyəti keçmiş məcburi köçkünlərin təhlükəsiz, rahat və layiqli yaşayış şəraiti ilə doğma torpaqlarına qayıtmasının təmin edilməsidir. Şuşada bu prosesin başlanması xüsusi tarixi və mənəvi məna daşıyır. 2024-cü il mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə birinci yaşayış kompleksinin açılışı keçirildi, şəhərə köçmüş ilk sakinlərlə görüş baş tutdu. Bununla 32 ildən artıq davam edən ayrılıqdan sonra Şuşada daimi yaşayışın bərpası istiqamətində yeni mərhələ başlandı. İnsanların doğma evlərinə qayıtması, küçələrdə yenidən həyatın canlanması və şəhərdə gündəlik fəaliyyətin bərpası quruculuq siyasətinin ən mühüm nəticələrindəndir. 2026-cı ildə Şuşa rayonunun Kiçik Qaladərəsi kəndinə də sakinlərin köçürülməsi Böyük Qayıdışın şəhərlə yanaşı, rayonun kəndlərini də əhatə etdiyini göstərir.
Şuşanın yenidən qurulması yalnız yaşayış binalarının tikintisi ilə məhdudlaşmır. Şəhərdə həyatın bütün sahələrinin bərpası üçün zəruri infrastrukturun yaradılması da ardıcıl şəkildə həyata keçirilir. Elektrik enerjisi, su təchizatı, yol infrastrukturu, rəqəmsal idarəetmə, səhiyyə və təhsil sahələrində görülən işlər şəhərin davamlı inkişafı üçün əsas yaradır. Zəfər yolunun istifadəyə verilməsi, “Şuşa” yarımstansiyasının açılması, sutəmizləyici qurğular kompleksinin və Rəqəmsal İdarəetmə Mərkəzinin yaradılması bu istiqamətdə mühüm layihələrdəndir. Şuşa şəhər 1 nömrəli tam orta məktəbinin fəaliyyətə başlaması, Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılması isə sakinlərin sosial xidmətlərə çıxışının təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar Şuşanın yalnız tarixi abidələrin yerləşdiyi şəhər kimi deyil, müasir həyatın bütün tələblərinə cavab verən yaşayış məkanı kimi formalaşdırıldığını göstərir.
Quruculuq siyasətinin mühüm istiqamətlərindən biri də Şuşanın tarixi-mədəni irsinin qorunması və bərpasıdır. Şəhərin memarlıq nümunələri, məscidləri, muzeyləri, tarixi binaları və görkəmli şəxsiyyətlərin xatirəsi ilə bağlı məkanları milli irsimizin ayrılmaz hissəsidir. Bu baxımdan Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Bülbülün ev-muzeyinin, Üzeyir Hacıbəylinin ev-muzeyinin bərpası, Natəvanın, Bülbülün və Üzeyir bəyin büstlərinin öz yerlərinə qaytarılması xüsusi əhəmiyyət daşıyır. Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, Saatlı, Mamayı, Çöl Qala və digər məscidlərdə aparılan bərpa işləri də şəhərin dini-mədəni irsinin qorunmasına xidmət edir. 2026-cı il iyulun 11-də Şuşada tarix-memarlıq abidəsi olan Sadıqcanın evinin bərpadan sonra açılması bu istiqamətdə işlərin davamlı xarakter daşıdığını göstərir.
Şuşanın iqtisadi potensialının inkişaf etdirilməsi də şəhərin gələcək həyatında mühüm yer tutur. Turizm, mehmanxana təsərrüfatı, xidmət sektoru, sənətkarlıq və digər fəaliyyət sahələrinin genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır. “Qarabağ”, “Xarıbülbül” və “Yasəmən” hotellərinin fəaliyyəti, “İsa bulağı” istirahət kompleksinin açılması, yeni hotel və konfrans mərkəzlərinin yaradılması şəhərin turizm imkanlarının genişləndirilməsinə xidmət edir. Dövlət və özəl sektor arasında əməkdaşlıq əsasında həyata keçirilən layihələr də Şuşanın iqtisadi həyatının canlanmasında mühüm rol oynayır. Bu prosesdə əsas məqsəd şəhərin tarixi və təbii xüsusiyyətlərini qorumaqla onun iqtisadi potensialından səmərəli istifadə etmək, yeni iş imkanları yaratmaq və uzunmüddətli inkişafı təmin etməkdir.
Şuşada həyata keçirilən quruculuq işləri Azərbaycanın beynəlxalq nüfuzunun və müasir inkişaf modelinin təqdimatı baxımından da diqqətəlayiqdir. Şəhərin müxtəlif ölkələrin dövlət və hökumət başçılarını, beynəlxalq təşkilatların nümayəndələrini qəbul etməsi burada aparılan bərpa prosesinin beynəlxalq miqyasda tanıdılmasına imkan yaradır. Xarici dövlətlərin rəhbərlərinin Şuşaya səfərləri zamanı yaşayış kompleksləri, tarixi abidələr, dini məkanlar və digər obyektlərlə tanış olmaları şəhərin yeni simasının nümayişi baxımından əhəmiyyətlidir. Bu səfərlər eyni zamanda Şuşanın regional və beynəlxalq əməkdaşlıq məkanına çevrildiyini göstərir.
Şuşanın dirçəldilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi Böyük Qayıdış strategiyasının ardıcıl icrasının mühüm nümunəsidir. Bu prosesdə dövlətin qarşısında duran əsas vəzifə yalnız dağıdılmış binaları yenidən tikmək deyil, həm də insanların doğma yurdda təhlükəsiz, rahat və layiqli yaşayışını təmin etməkdir. Yaşayış məntəqələrinin bərpası, sosial xidmətlərin təşkili, iqtisadi fəaliyyətin genişləndirilməsi və tarixi irsin qorunması bir-birini tamamlayan vahid inkişaf siyasətinin tərkib hissələridir.
Bu gün Şuşada yüksələn yeni binalar, bərpa olunan tarixi abidələr, açılan sosial obyektlər və doğma yurduna qayıdan sakinlər Azərbaycanın qazandığı Zəfərin davamlı nəticələrini nümayiş etdirir. Bir zamanlar işğalın ağır izlərini daşıyan şəhər indi quruculuğun, dirçəlişin və gələcəyə inamın ünvanına çevrilir. Şuşanın yenidən həyata qayıtması Azərbaycan dövlətinin öz tarixi torpaqlarına, milli-mədəni irsinə və vətəndaşlarına münasibətinin bariz nümunəsidir. Zəfərlə başlanan yol bu gün quruculuq və Böyük Qayıdışla davam edir. Şuşa isə bu böyük tarixi prosesin ən parlaq rəmzlərindən biri kimi Azərbaycanın gələcək inkişaf salnaməsində özünəməxsus yer tutur.

Nəcibə Abdullayeva,
YAP Neftçala rayon təşkilatının fəal üzvü
Neftçala rayon Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri

Digər xəbərlər