PDF Oxu

Siyasət

  • 925

Dövlətçilik dəyərlərinin qorunmasında vətəndaş məsuliyyəti - ŞƏRH

Dövlətçilik dəyərlərinin qorunmasında vətəndaş məsuliyyəti - ŞƏRH

Dövlət rəmzinə hörmət hər bir məsuliyyətli vətəndaşın borcudur. Dövlət rəmzləri xalqın milli kimliyini, tarixini, müstəqilliyini, suverenliyini və dövlətçilik ənənələrini özündə əks etdirən müqəddəs dəyərlərdir. Hər bir dövlətin özünəməxsus rəmzləri olduğu kimi, Azərbaycan Respublikasının da dövlət bayrağı, gerbi və himni xalqımızın milli qürurunun, birliyinin və müstəqilliyinin ifadəsidir. Bu rəmzlər yalnız dövlət atributları deyil, həm də xalqın keçdiyi tarixi yolun, mübarizəsinin və gələcəyə olan inamının simvoludur.
Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət xalqımızın dövlətçilik düşüncəsinin mühüm tərkib hissəsidir. Üçrəngli dövlət bayrağımız, üzərindəki gerbimiz və dövlət himnimiz Azərbaycan xalqının milli mənsubiyyətini, azadlıq istəyini və müstəqil yaşamaq iradəsini nümayiş etdirir. Bu rəmmlərin hər biri özündə dərin məna daşıyır. Onlara ehtiram göstərmək, qorumaq və gələcək nəsillərə ötürmək hər bir vətəndaşın mənəvi və vətəndaşlıq məsuliyyətidir.
Azərbaycanın üçrəngli bayrağı milli tariximizin və dövlət müstəqilliyimizin ən mühüm rəmzlərindən biridir. Bayrağımızın mavi, qırmızı və yaşıl rəngləri xalqımızın milli-mənəvi dəyərlərini, müasir inkişaf düşüncəsini və mədəni irsini ifadə edir. Bu bayraq uzun illər xalqımızın azadlıq və müstəqillik arzularının təcəssümü olmuş, dövlət müstəqilliyimizin bərpasından sonra isə suveren Azərbaycanın rəsmi atributlarından birinə çevrilmişdir. Bu gün ölkəmizin müxtəlif bölgələrində, dövlət müəssisələrində, təhsil ocaqlarında və beynəlxalq tədbirlərdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin mövcudluğunu və xalqımızın milli birliyini nümayiş etdirir.
Dövlət bayrağına hörmət yalnız onun qarşısında ehtiramla dayanmaqla məhdudlaşmır. Bu, eyni zamanda, ölkənin qanunlarına hörmət etmək, dövlətçiliyin qorunmasına töhfə vermək, cəmiyyət qarşısında məsuliyyətini dərk etmək və milli dəyərləri yaşatmaq deməkdir. Vətəndaşın dövlətə münasibəti onun gündəlik davranışında, ictimai mövqeyində, əməyində və ölkənin inkişafına verdiyi töhfədə özünü göstərir. Dövlət rəmzlərinə ehtiram da məhz bu məsuliyyətli münasibətin ayrılmaz hissəsidir.
Azərbaycan Respublikasının dövlət gerbi də xalqımızın tarixi keçmişini, milli-mədəni irsini və dövlətçilik ənənələrini özündə birləşdirən mühüm atributdur. Gerbdə əks olunan elementlər ölkəmizin zəngin tarixini, milli dəyərlərini və müstəqillik ideyasını ifadə edir. Dövlət gerbinə hörmət etmək Azərbaycanın dövlətçilik simvollarına və milli kimliyinə hörmət göstərmək deməkdir. Bu baxımdan dövlət atributlarının mahiyyətinin cəmiyyətə, xüsusilə də gənc nəslə düzgün çatdırılması mühüm əhəmiyyət daşıyır.
Dövlət himni isə xalqın birliyini, vətən sevgisini və müstəqillik ruhunu ifadə edən mənəvi dəyərdir. Himnimiz səsləndikdə hər bir azərbaycanlı özünü vahid xalqın və müstəqil dövlətin bir parçası kimi hiss edir. Dövlət himninə hörmət milli mənsubiyyətə, tarixə və dövlətçiliyə ehtiramın göstəricisidir. Bu səbəbdən himnimizin sözlərinin və musiqisinin gənc nəslə öyrədilməsi, onun daşıdığı mənanın izah olunması xüsusi diqqət tələb edir.
Dövlət rəmzlərinə hörmətin formalaşmasında ailənin, məktəbin və cəmiyyətin üzərinə böyük vəzifələr düşür. Vətənə sevgi, milli dəyərlərə bağlılıq və dövlətçilik düşüncəsi ilk növbədə ailədə formalaşır. Təhsil müəssisələrində isə şagirdlərə dövlət atributlarının tarixi, mənası və əhəmiyyəti öyrədilməlidir. Gənclər anlamalıdırlar ki, dövlət rəmzləri sadəcə rəsmi atributlar deyil, xalqın birliyini və müstəqilliyini ifadə edən mənəvi sərvətdir.
Xüsusilə müasir dövrdə gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi dövlətçilik ənənələrinin davamlılığı baxımından vacibdir. Gənclər öz ölkələrinin tarixini bilməli, milli-mənəvi dəyərlərinə sahib çıxmalı və dövlət rəmzlərinə hörmətlə yanaşmalıdırlar. Vətənə bağlılıq yalnız sözlə deyil, əməl və məsuliyyətlə sübut olunur. Təhsildə uğur qazanmaq, cəmiyyətə faydalı olmaq, qanunlara riayət etmək, ölkənin inkişafına töhfə vermək də vətəndaşlıq borcunun mühüm istiqamətlərindəndir.
Azərbaycanın müstəqillik tarixində dövlət rəmzlərinin xüsusi yeri vardır. Xalqımız müxtəlif tarixi mərhələlərdə milli kimliyini, dövlətçilik ənənələrini və azadlıq ideallarını qoruyub saxlamışdır. Müstəqilliyin bərpası ilə dövlət atributlarımız yenidən rəsmi status qazanmış, ölkəmizin beynəlxalq aləmdə tanınmasının mühüm göstəricilərinə çevrilmişdir. Bu gün Azərbaycanın üçrəngli bayrağı beynəlxalq təşkilatların qərargahlarında, müxtəlif ölkələrdə keçirilən tədbirlərdə və idman yarışlarında dalğalanır. Bu mənzərə hər bir azərbaycanlı üçün milli qürur və dövlət müstəqilliyinin rəmzi kimi xüsusi məna daşıyır.
Qarabağda və Şərqi Zəngəzurda dövlət bayrağımızın dalğalanması da Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün rəmzi ifadəsidir. Uzun illər xalqımızın qəlbində yaşayan doğma torpaqlara qayıdış arzusu bu gün həmin ərazilərdə həyata keçirilən bərpa və quruculuq işləri ilə yeni mərhələyə qədəm qoymuşdur. Dövlət rəmzlərimizin bu torpaqlarda ucaldılması milli tariximizin mühüm səhifələrindən biridir. Bayrağımızın yüksəkliklərdə dalğalanması dövlət müstəqilliyinin, milli birliyin və suverenliyin əhəmiyyətini bir daha xatırladır.
Dövlət rəmzlərinə hörmət məsələsi eyni zamanda hüquqi məsuliyyətlə də bağlıdır. Azərbaycan Respublikasının qanunvericiliyində dövlət bayrağına, gerbinə və himninə hörmət göstərilməsi ilə bağlı müddəalar öz əksini tapmışdır. Hər bir vətəndaş dövlət atributlarına hörmətlə yanaşmalı, onların nüfuzunu qorumağa çalışmalıdır. Dövlət rəmzlərinə hörmətsiz münasibət yalnız müəyyən atributlara qarşı deyil, bütövlükdə dövlətçilik dəyərlərinə və cəmiyyətin mənəvi əsaslarına qarşı məsuliyyətsiz yanaşma kimi qiymətləndirilir.
Unutmamalıyıq ki, dövlətin gücü yalnız iqtisadi və siyasi imkanları ilə deyil, həm də vətəndaşlarının dövlətə münasibəti, milli birliyi və məsuliyyət hissi ilə ölçülür. Dövlət rəmzlərinə hörmət edən, qanunlara əməl edən, Vətəninin inkişafı üçün çalışan və milli dəyərlərini qoruyan vətəndaş cəmiyyətin inkişafına öz töhfəsini verir. Üçrəngli bayrağımızın daim yüksəklərdə dalğalanması, dövlət gerbimizin və himnimizin hörmətlə yaşadılması hər bir azərbaycanlının ortaq məsuliyyətidir. Çünki dövlət rəmzlərinə ehtiram müstəqil Azərbaycanın gələcəyinə, milli birliyinə və dövlətçilik irsinə ehtiram deməkdir.

Bilqeys Əkbərova
YAP Ordubad rayon 1 saylı tam orta məktəb ƏPT-sədri

Digər xəbərlər