PDF Oxu

Siyasət

  • 527

Azərbaycan bayrağı – milli qürurumuzun, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi - ŞƏRH

Azərbaycan bayrağı – milli qürurumuzun, dövlətçiliyimizin və müstəqilliyimizin rəmzi - ŞƏRH

Azərbaycan Respublikasının Dövlət Bayrağı xalqımızın milli kimliyini, tarixi keçmişini, azadlıq mübarizəsini və müstəqil dövlətçilik iradəsini özündə əks etdirən müqəddəs dövlət rəmzlərindən biridir. Hər bir xalqın tarixində onun birliyini, mənəvi dəyərlərini və gələcəyə inamını ifadə edən simvollar xüsusi yer tutur. Azərbaycan bayrağı isə üçrəngli görünüşü ilə təkcə dövlətimizin deyil, həm də xalqımızın milli qürurunun, azadlıq əzminin və tarixi yaddaşının təcəssümüdür.
Azərbaycanın üçrəngli bayrağının tarixi XX əsrin əvvəllərində, milli dövlətçilik ideyalarının geniş vüsət aldığı dövrə təsadüf edir. 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə mavi, qırmızı və yaşıl rənglərdən, üzərində ağ aypara və səkkizguşəli ulduzdan ibarət Dövlət Bayrağı qəbul edildi. Bu bayraq Azərbaycan xalqının müstəqillik iradəsini, milli özünüdərkinin yüksəlişini və demokratik dövlət quruculuğu əzmini ifadə edirdi. Mavi rəng türk mənşəyimizi, qırmızı müasirlik və inkişaf ideyalarını, yaşıl rəng isə İslam mədəniyyətinə mənsubluğumuzu simvolizə edir.
Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra üçrəngli bayrağımız dövlət rəmzi kimi istifadə olunmasa da, xalqımızın yaddaşında və müstəqillik arzularında yaşamaqda davam etdi. Müstəqilliyin bərpasına aparan yolda bu bayraq yenidən milli azadlıq hərəkatının əsas rəmzlərindən birinə çevrildi. Xüsusilə ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti üçrəngli bayrağımızın dövlətçilik tariximizdə öz layiqli yerini tutmasında mühüm rol oynadı. 1990-cı il noyabrın 17-də onun təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımız ilk dəfə rəsmi şəkildə qaldırıldı və muxtar respublikanın dövlət bayrağı kimi qəbul edildi. Eyni zamanda, Azərbaycan SSR-in dövlət rəmzlərinə münasibətin dəyişdirilməsi və üçrəngli bayrağın ölkənin rəsmi dövlət rəmzi kimi tanınması barədə məsələ qaldırıldı. Bu qərar müstəqil dövlətçiliyə gedən yolda tarixi əhəmiyyət daşıyırdı.
1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi. Beləliklə, xalqımızın milli istiqlal arzularının rəmzi olan bayrağımız yenidən dövlətçilik həyatımıza qayıtdı. Ulu öndər Heydər Əliyevin bu tarixi hadisə ilə bağlı mövqeyi onun dövlətçilik düşüncəsinin və milli dəyərlərə bağlılığının bariz ifadəsi idi. Ulu öndərin fikrincə, həmin qərar Azərbaycan Respublikasının siyasi həyatına ciddi təsir göstərmiş və müstəqilliyə doğru mühüm addımlardan biri olmuşdur.
Dövlət bayrağının ucaldılması və qorunması hər bir vətəndaşın mənəvi məsuliyyətidir. Bayrağımız dövlət orqanlarının binalarında, diplomatik nümayəndəliklərdə, hərbi hissələrdə, mühüm rəsmi tədbirlərdə və qanunvericiliklə müəyyən edilmiş digər məkanlarda dalğalanaraq Azərbaycanın suverenliyini və dövlət müstəqilliyini təcəssüm etdirir. Onun istifadəsi, qaldırılması və qorunması müvafiq qanunvericiliklə tənzimlənir. Dövlət bayrağına hörmət göstərmək, onu uca tutmaq milli dəyərlərimizə və dövlətçiliyimizə sədaqətin göstəricisidir. Ulu öndər Heydər Əliyevin “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim vətənimizə, millətimizə, müstəqilliyimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir” fikri də bu həqiqəti aydın ifadə edir.
Dövlət bayrağımızın xalqımızın həyatında daşıdığı mənəvi məna sonrakı illərdə həyata keçirilən dövlət siyasətində də xüsusi diqqət mərkəzində olmuşdur. Prezident İlham Əliyevin 2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılış mərasimində səsləndirdiyi fikirlər bayrağımıza göstərilən ehtiramın və onun milli birliyimizdəki rolunun əhəmiyyətini bir daha nümayiş etdirdi. Dövlət başçısı bayrağımızı qürur mənbəyimiz adlandıraraq onun Azərbaycanın hər yerində dalğalanmasının xalqımız üçün böyük mənəvi dəyər daşıdığını vurğuladı.
2020-ci ildə Vətən müharibəsində qazanılan tarixi Zəfər üçrəngli bayrağımızın rəmzi mənasını daha da ucaltdı. İşğaldan azad edilən torpaqlarımızda, Şuşada, Xankəndidə və digər ərazilərimizdə Azərbaycan bayrağının dalğalanması dövlət suverenliyimizin və ərazi bütövlüyümüzün bərpasının ifadəsinə çevrildi. Bu gün bayrağımızın azad edilmiş torpaqlarımızda qürurla dalğalanması xalqımızın uzun illər boyu yaşatdığı arzuların gerçəkləşdiyini göstərir.
9 Noyabr – Dövlət Bayrağı Günü hər bir azərbaycanlı üçün milli qürur, birlik və vətənə bağlılıq günüdür. Bu gün biz yalnız dövlət rəmzimizi deyil, həm də müstəqilliyimiz uğrunda mübarizə aparmış insanların irsini, xalqımızın tarixi yaddaşını və gələcək nəsillərə ötürəcəyimiz dövlətçilik dəyərlərini ehtiramla yad edirik. Üçrəngli bayrağımız daim uca zirvələrdə dalğalansın, onun kölgəsində yaşayan hər bir vətəndaş müstəqil Azərbaycanın uğurları ilə fəxr etsin!

Səltənət Möhsünlü
YAP Tərtər rayon təşkilatının məsləhətçisi

Digər xəbərlər