PDF Oxu

Siyasət

  • 507

Şuşa və Zəfər- ruhumuzun azadlığı! - ŞƏRH

Şuşa və Zəfər- ruhumuzun azadlığı! - ŞƏRH

“Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik. Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” Bu tarixi çıxışı Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandanımız İlham Əliyev 8 noyabr 2020-ci ildə məhz Şuşanın azad edilməsini elan edərkən səsləndirmişdi. Şuşanın işğalçılardan təmizlənməsi ilə ruhumuzun öz azadlığına qovuşması hisslərini böyük məğrurluqla qarşılamaq xalqımızın əyilməyən qəddinin, sınmayan vüqarının təcəssümü idi. Vətən sevgisi yalnız sözdə deyil, əməldə də sübuta yetirildi. Şuşanın hər qarışında sanki mənəvi bir zənginlik mövcuddur. Şuşa Xurşidbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül, Xan Şuşinski kimi böyük şəxsiyyətlərin diyarıdır.

1992-ci il mayın 8-də Şuşa şəhərinin işğalı günü və 2020-ci il noyabrın 8-i isə Şuşanın işğaldan azad edildiyi gün. Məhz bu eyni rəqəm xalqımızın yaddaşına iki fərqli tarix yazdı və iki fərqli taleyin başlanğıcını bizə təqdim etdi.

Şuşanın 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı olması, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı kimi tanınması Şuşanın beynəlxalq mədəniyyət məkanındakı mövqeyini daha da gücləndirdi.

Şuşa dedikdə ilk başda Azərbaycan xalqının musiqi yaddaşı olan muğamı, poeziyası, Şuşanın simvollarından olan dünyada məşhur Qarabağ atları, xarıbülbül yada düşür. Bir sözlə Şuşa – gələcək nəsillərə ötürüləcək zəngin bir xəzinədir. Azərbaycan əsgərinin Şuşanı düşmən tapdağından xilas etdiyi zaman keçilməz dağlardan, sıldırım qayalardan keçərək göstərdiyi o misilsiz qəhrəmanlıq hərb tariximizə qürurverici bir hadisə kimi daxil edildi.

2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı elan edilən Şuşa şəhərində genişmiqyaslı bərpa və quruculuq işlərinə start verildi. Məscidlər, küçələr, tarixi abidələr yenidən öz əvvəlki görkəminə qovuşdu. Vaqif Poeziya Günlərinin, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının yenidən Şuşada keçirilməsi şəhərin mədəni həyatının dirçəlişi oldu. 2024-cü ilin may ayında keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı şəhərin əsl gözəlliyinə yeni bir abu-hava bəxş etdi.

Qarabağ bu gün Zəfərin, qürurun, birliyin məkanıdır. İllər əvvəl qələmə alınmış misralar bu gün öz həqiqi ünvanına qovuşdu. Görkəmli xalq şairimiz Səməd Vurğunun dili ilə desək: “Könlüm keçir Qarabağdan,

Gah bu dağdan, gah o dağdan,

Axşamüstü qoy uzaqdan

Havalansın Xanın səsi,

Qarabağın şikəstəsi”.

Bu gün Xanın səsi Şuşanın azad səmasında yenidən ucalır. Çünki Qarabağ artıq xəyal deyil, Vətənimizin qoynunda, qürurla dalğalanan Bayrağımızın kölgəsində yaşayır!

Əliəskərova Nuray,

YAP Yasamal rayon AMEA Fəlsəfə və Sosiologiya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini

Digər xəbərlər