PDF Oxu

Siyasət

  • 851

8 Noyabr – Zəfər Günü: Tarixi Qələbəmizin və milli birliyimizin təntənəsi - ŞƏRH

8 Noyabr – Zəfər Günü: Tarixi Qələbəmizin və milli birliyimizin təntənəsi - ŞƏRH

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində milli qürurun, dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsini əks etdirən ən möhtəşəm günlərdən biridir. Bu əlamətdar tarix xalqımızın uzun illər qəlbində yaşatdığı torpaq həsrətinin sona çatmasını, ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizənin şanlı nəticəsini təcəssüm etdirir. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycan Ordusunun möhtəşəm Qələbəsi ilə başa çatdı. Noyabrın 8-də Şuşa şəhərinin işğaldan azad edilməsi isə Zəfər tariximizin ən parlaq səhifəsinə çevrildi.
Azərbaycanın tarixi Qələbəsi uzun illər ərzində həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi idi. İşğal dövründə ölkəmiz iqtisadi potensialını artırmaqla yanaşı, ordu quruculuğuna xüsusi diqqət yetirdi. Hərbi xərclərin artırılması, Silahlı Qüvvələrin müasir silah və texnika ilə təchiz edilməsi, döyüş qabiliyyətinin yüksəldilməsi əsas prioritetlərdən oldu. Beynəlxalq müstəvidə isə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün ardıcıl siyasi və diplomatik fəaliyyət aparıldı.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev həmin dövrü belə xarakterizə etmişdir: “Mən işğal dövründə deyirdim, hər birimiz azadlıq gününü, bu müqəddəs günü öz işimizlə yaxınlaşdırmalıyıq, yaxınlaşdırırdıq və yaxınlaşdırdıq.” Dövlət başçısının 2003-cü ildən etibarən həyata keçirdiyi siyasətin başlıca məqsədi Azərbaycanın gücləndirilməsi və torpaqlarımızın azad edilməsi idi. Onun sözləri ilə desək: “Vətən müharibəsinə qədər bütün addımlarım bir amala xidmət edirdi ki, biz torpaqlarımızı azad edək, düşməni torpağımızdan qovaq və biz buna nail olduq.”
Vətən müharibəsində Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq və peşəkarlıq nümayiş etdirdi. Ali Baş Komandanın rəhbərliyi ilə hər gün irəliləyən ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək yaşayış məntəqələrimizi bir-birinin ardınca azad etdi. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi.” Bu Qələbənin əsasını güclü ordu, xalqımızın birliyi və hərbçilərimizin Vətən sevgisi təşkil edirdi. Əsgər və zabitlərimizin “Öldü var, döndü yoxdur!” şüarı ilə döyüşlərə atılması onların misilsiz fədakarlığının göstəricisi idi.
Zəfər Azərbaycan xalqının birliyini və dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Müharibə dövründə Prezident İlham Əliyevin xalqa müraciətləri və beynəlxalq media nümayəndələrinə verdiyi müsahibələr ölkə ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılandı. Onun qətiyyətli mövqeyi Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında mühüm rol oynadı.
Vətən müharibəsindən sonra da Azərbaycan öz suverenliyinin tam bərpası istiqamətində qətiyyətli addımlar atdı. 2023-cü ilin sentyabrında keçirilən antiterror əməliyyatı nəticəsində separatizmə son qoyuldu və dövlət suverenliyimiz bütün ərazilərimizdə təmin edildi. Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın öz sərhədləri üzərində nəzarətinin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdı. Zəfər paradı isə ordumuzun gücünü və xalqımızın tarixi Qələbəsinin əzəmətini nümayiş etdirdi.
Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işlərinə başlanılmışdır. Yeni yollar, tunellər, hava limanları, yaşayış məntəqələri və sosial obyektlər inşa edilir, Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur. Dövlət başçısının qeyd etdiyi kimi: “Azərbaycanın quruculuq missiyası başlanır. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.”
Qələbəmizin qazanılmasında canlarından keçmiş şəhidlərimizin ailələri, sağlamlığını itirmiş qazilərimiz və müharibə iştirakçıları dövlətin daim diqqət və qayğısı ilə əhatə olunur. Onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil və avtomobillərlə təminatı, məşğulluq və reabilitasiya imkanlarının genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu, dövlətimizin Vətən uğrunda fədakarlıq göstərmiş insanlara verdiyi yüksək dəyərin ifadəsidir.
8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının qəhrəmanlığını, milli birliyini və sarsılmaz iradəsini təcəssüm etdirir. Bu tarixi Qələbə sübut etdi ki, güclü dövlət, qüdrətli ordu və xalq birliyi qarşısında heç bir qüvvə dayana bilməz. Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Bu şanlı tarix bizimlə əbədi olacaq. Azərbaycan xalqı, gələcək nəsillər bu şanlı Qələbə ilə haqlı olaraq fəxr edəcəklər.” Zəfər Günü xalqımızın yaddaşında əbədi yaşayacaq, gələcək nəsillər üçün Vətənə sevginin, qəhrəmanlığın və dövlətə sədaqətin ən böyük nümunəsi olacaqdır.

Elnur Əsədov
YAP Kəngərli rayon təşkilatının əməkdaşı

Digər xəbərlər