PDF Oxu

Sosial

  • 697

33 əvvəlki, 33 il sonrakı XOCALI -MONOLOQ

image

Xocalı faciəsinin 33-cü ildönümündə Xocalı harayı abidəsi önündəyəm: -Bu gün bir başqa qürurla dayanmısan, əziz anam. Haqqın da var dayanmağa. İllərdir ki, vüqarlı duruşuna bu il daha bir vüqar qarışıb. Bir qərinə olacaqdı ki, bu ucalıqdan seyr edirdin uzaqları. O xəbəri gözləyirdin ki, bir gün küləklər “Xocalı azaddır” sorağını gətirəcək. Sənin də yurd həsrətin, torpaq hicranın sona yetəcək. 31 il ağlamaqdan nurunu itirən gözlərin, illərin acısının izlər saldığı üzün güləcək, gözlərin önündə xocalılıların başına gətirilən müsibətlərin cəzası veriləcək, qisas yerdə qalmayacaq...

31 il idi ki, hər gün səninlə biz də Xocalıdaydıq: həmin gün, fevralın 25-dən 26-na keçən gecə vəhşi ermənilərin törətdiyi soyqırımı hadisəsinin içərisində idik. Güllə-barana tutulmuşduq. Orada yaralanan, ev-eşiyindən zorla, silah burnunda çıxarılanlardan idik. Əzizlərinin gözü qarşısında öldürülən, dərisi soyulan, gözləri oyulan, əli-qolu, ayağı kəsilənlərdən idik. Donaraq meşələrdə həyatını itirənlərdən idik. Bu müsibətdən salamat qurtarıb, lakin illərlə məcburi köçkün kimi yaşayanlardan, yurd həsrəti çəkənlərdən idik. Torpağını itirib namus, şərəf acısı yaşayanlardan idik.

31 il idi ki, ay ana, səninlə idik. Sənin vüqarın qarşısında baş əyir, bir azərbaycanlı ananın öz balasını necə böyük əziyyətlə, əzmlə qorumasından, düşmən əlinə keçməməsi uçun bağrında gizlətməsindən, namusunu qurtarmaq üçün ölməsini yaşamasından üstün bilməsi kimi imrətamiz istəklərindən örnək alaraq yaşayırdıq. Bütün bunları gənclərə, yeniyetmələrə söyləyərək onların da eyni əxlaqi dəyərdə, düşüncədə olmasına çalışırdıq. Əslində səndəki bu məğrurluq, əzm xalqımıza məxsus olanların təzahürüdür. Bu xalqın hər bir qadını belə bir müsibətlə üzləşərdisə, yalnız sənin kimi edərdi. Çünki qeyrət, namus, iffət, hünər bizim kişilərimiz kimi, qadınlarımızda da eynidir. Onlar kişilərdən heç vaxt geridə qalmayıb. Yeri gələndə at minib döyüşə yollanıb, yeri gələndə silah götürüb düşmən üzərinə gedib, yeri gələndə həyat yoldaşına dayaq olub, yeri gələndə isə evinin xanımı, övladının anası olub.

Budur, ay əziz anam, builki duruşun da, baxışın da dəyişib. Çünki bu gün Xocalı azaddır. Xocalı düşmən tapdağından azad edilib, anası Azərbaycanın qoynuna qaytarılıb. 2023-cü il sentyabr ayının 20-də milli ordumuzun Xankəndidə apardığı birgünlük antiterror əməliyyatı ilə bir neçə yurd yerimiz kimi, Xocalı da vəhşi vandallardan xilas oldu. Düşmən özü öz ayağı ilə yurdumuzdan çıxıb getdi. Onlara Azərbaycan qanunları çərçivəsində qalıb yaşamaları təklif olundu. Lakin getməyi məsləhət bildilər. Çünki bizdə belə bir atalar misalı var: savaşanda elə savaş, barışmağa üz saxla. Lakin erməni bu üzü saxlaya bilməmişdi. Onun xisləti, acgözlüyü, ürəyində illərlə gəzdirdiyi nifrəti bunu etməyə qoymamışdı.

Beləliklə, azad oldu Xocalı. Dövlətimizin başçısı, Ali Baş Komandan sənin bağrında onun Azərbaycan bayrağını zirvəyə qaldırdı. Elə bir zirvəyə ki, sən bax, buradan-Bakıdan o bayrağı görə bildin. O andaca yurdunun azad olunduğunu öz gözlərinlə gördün. Bu bayrağın dalğalarında 31 il əvvəlki müsibətin qisasını gördün. O dalğalarda hər bir xocalılının qanının yerdə qalmadığını, min bir əzab-əziyyətlə qətlə yetirilən insanların ahının alındığını gördün. Bu dalğalarda 2020-2023-cü illərdə bir-birinin ardınca baş verən hadisələrin, 44 günlük Vətən müharibəsinin və birgünlük antiterror əməliyyatının nəticələrini gördün. Bu dalğalar deyirdi ki, 270 ildən artıq bir zamanda ilk dəfədir ki, Azərbaycan öz torpaqlarının bütövlüyü uğrunda mübarizəyə qalxmış və qalib ölkə olaraq Zəfər çalışmışdır. O dalğalar namusdan, şərəfdən danışır. Deyir ki, artıq başını dik tut, Azərbaycan, bir qarış torpağın da düşməndə qalmadı. Hər qarışı minlərlə şəhidinin hesabına azad olundu. Hər qarışı sağlamlığını itirmiş minlərlə azərbaycanlı balasının hesabına xilas oldu.

O dalğalar söyləyir ki, Azərbaycan cəmi 44 gün ərzində namusunu və şərəfini elə xilas etdi ki, bunun əks-sədası bütün dünyaya yayıldı. O dünyaya ki, sənin-Xocalının harayını illərlə əsla eşitmədi. Gözlərini yumdu, qulaqlarını qapadı, yüzlərlə insanın faciəli şəkildə öldürülməsini, bir xalqa qarşı aparılan soyqırımını göz ardına vurdu. İllərlə deyilməsinə baxmayaraq nədənsə bu həqiqətləri gözlər görmədi, qulaqlar eşitmədi.

Lakin haqq nazilər, lakin üzülməz, deyib atalarımız. 31 il ərzində haqqımız olanların hər biri nazildi, lakin üzülmədi, qırılmadı. Çünki buna yol verməyən Liderimiz vardı. Hər an torpaqlarımızın azad olunması üçün yollar fikirləşən, haqq səsimizi dünyaya yayan, dünyadan bu problemin sülh yolu ilə həll edilməsini istəyən dövlətimizin başçısı vardı. Ölkə iqtisadiyyatının inkişafını reallaşdıran, bununla da ordumuzun intibahına nail olan ölkə başçımız vardı.

Elə bütün bunların sayəsində də biz torpaqlarımızın azad edilməsi üçün hərbi yolu seçəndə yanılmadıq. Güclü ordumuzla Zəfərə doğru irəlilədik. Vətənpərvər gənclərimizin hər biri sinəsini düşmən qarşısına sipər etdi.

Bunlar asanlıqla əldə olunmamışdı, əziz anam. Bunlar üçün uzun illər hazırlıq aparılmışdı. Milli ordumuz qüdrətləndiyi kimi, gənclərimiz də vətənpərvərlik hissi ilə böyüdülmüşdü. Odur ki, qalib gələ bildik. Torpaq sevgisi, namus, şərəf amili bizi böyük Zəfərə aparıb çıxardı.

Bu gün Qarabağ və Şərqi Zəngəzurun əraziləri azad nəfəs alır. Bu gün Xocalı faciəsinin ildönümünü Şuşa, Laçın, Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər, Xankəndi, Xocavənd, Ağdərə, ümumilikdə Azərbaycan hər iki gözündə yaşla anır. Lakin bir gözdən axan yaş Xocalının müsibəti üçündürsə, digər gözdən axan yaş sevinc gözyaşıdır. Çünki biz Xocalı faciəsinin 33-cü ildönümünü onun azadlığı şəraitində anırıq. Xocalı qurbanlarının qisasının alınması, azad Xocalıda bayrağımızın dalğalanması ilə qeyd edirik.

Söz yox ki, tarix çox müharibələrə, savaşlara şahid olub. Bu, bizin də xalqın taleyinə yazılmış bir acı imiş ki, o müharibələri, savaşları biz də yaşayacaqmışıq. Yaşadıq da. Birinci və İkinci Vətən müharibələri minlərlə Vətən övladının həyatını nöqtələsə də, sağlamlığını əlindən alsa da, itkinləri üçün əzizlərinin gözlərini hələ də yollara diksə də, qaçqınlıq, köçkünlük həyatı soydaşlarımızın bir qərinəyə yaxın nəsibi olsa da, sonu Zəfərlə bitdi. Biz zamanın bu sınağından alnıaçıq çıxa bildik. Deməli, böyük xalqıq. Böyük tariximiz var.

Biz zaman və tarix qarşısında mübariz, əzmli bir xalq kimi dayandıq. Tarix və zaman isə qiymətimizi özü verdi. Böyük Zəfərlə, qələbə ilə bizi hədiyyələndirdi. Bizə alnıaçıq yaşamağı, başımızı hər zaman dik tutmağı nəsib etdi.

Əziz anam, bax budur, duruşunda, əzmində bütün bu söylədiklərim var. Odur ki, azad nəfəs al, Xocalı azaddır çünki. Başını daha dik tut, xocalılıların qisası yetərincə alınıb. Sıx övladını sinənə. Çünki Azərbaycan da övladı Xocalını bağrına basıb.

Və bütün bu nail olduqlarımız üçün dövlətimizin başçısının siyasi bacarığını, böyük sərkərdəliyini tarixin səhifələrinə yazaq ki, gələcək nəsillər də xəbərdar olsunlar ki, Azərbaycan necə oğullar verib Vətənə. O oğul ki, sən azad olunandan sonra sinəndən göylərə üçrəngli bayrağımızı qaldırarkən deyirdi: Xocalıda bayrağı qaldıranda fikirləşirdim, bax, bu gün biz tam əminliklə deyə bilərik ki, Xocalı qurbanlarının qanı yerdə qalmadı. Xocalıda bayrağın qaldırılması daha da həyəcanlı idi, onu açıq deyə bilərəm.

Artıq Xocalı digər işğaldan azad edilmiş ərazilərimiz kimi abadlaşdırılır. Xocalılılar artıq doğma yurdlarına qayıdır.

33 il əvvəlki Xocalı... 33 il sonrakı Xocalı... Budur, tarix!

Mətanət Məmmədova

Digər xəbərlər