Sosial

  • 4 607

O iynəni bəri gətir... -FELYETON

image

Yaxın qohumlardan biri nağıl edir ki, uşaqlarla birlikdə kəndə getmişdik. Anam bizimlə hal-xoş edər-etməz, nəvələri ilə görüşər-görüşməz gəlini Südabəni səslədi ki, ay gəlin, o iynə-sapı bura gətir. Dedim, ay ana, nə edirsən iynə-sapı bu dəqiqə? Nəyinə lazımdır? Uzaq yol gəlmişik, bir gəl, otur, görək nə var-nə yox. Dərdimiz nədir, odumuz nədir? İş həmişə var da, bizi gözləyirdin elə? İşini saxla biz gedəndən sonraya. Gəlinimiz də bir yandan düşdü anamın üstünə ki, ay ana, bir səbir elə də. Nə olub ki, səni qovalayan var? Nə edəcəksən, edərsən də, bir qızından, nəvələrindən doy, ondan sonra.

Arvad nə ağ dindi, nə qara. Başını saldı aşağı, yaxşı, nə deyirəm, siz deyən olsun, dedi. Lakin görürəm ey, bu arvad heç rahat deyil. Anama bələd olduğum üçün üstünü çox vurmadım. Bilirdim ki, o, bir işi olanda və ya yarımçıq qalanda tamam etməyənə qədər narahat olur.

Öz-özümə dedim, əşi, bu arvad yaşlandı da xasiyyətindən əl çəkmədi ey. İlin bir başı gəlmişik, gəlib bizimlə oturmaqdan, nəvələri ilə söhbətləşməkdən, durub iynə-sap axtarır. Elə il boyu işdir də, görürsən.

Nə isə, arvadı bir təhər ki, fikrindən vaz keçirib, əyləşdirdik yanımızda. Söhbətləşdik, dedik-güldük. Qonşu Həsənin oğlunun inəyi, dananı satıb şəhərə köçməsindən danışdıq. O biri qonşu Həsənxanın oğlunun ata-anasını evin altında illərdir, tək qoyub Rusiyada yaşamasından söhbət etdik. Sağ tərəfdəki qonşunun gözünün ağı-qarası bircə balasının atasının yasına gəlib çıxa bilmədiyini nağıl etdi anam. Sol tərəfdəki qonşunun qızının qayınana ilə bir yerdə yaşamaq istəmədiyi üçün boşanıb gəlib atasının evində oturduğunu da danışdı anam.

Kənddə kəndlik qalmadığından söhbət etdik. Əvvəlki kənd hara, bugünkü hara, dedi anam: kəndin dadını qaçırıblar. Qapıların çoxu qıfıllıdır, yaydan-yaya gələn ola, ya olmaya. Nə təndirə, nə samovara od salan var. Kəndlinin əkib-biçdiyinə alverçilər elə qiymət qoyur ki, sata bilmirlər. Qalır əlində, xarab olur. Deyir, ta niyə əkim ki?.. Məcbur qalıb o da şəhərli kimi gedib bazardan alıb gətirir. Ta bu, kənddə yaşamaq olmadı ki...

Nə isə, anamla gecə yarıyadək aranı dağa, dağı arana gətirdik. Xeyli söhbət etdik, ötənləri xatırladıq. Nə vaxt yuxuya dalmışıq, xəbərimiz olmayıb.

Səhər-o baş yerimdə qurcalananda, gördüm ki, anam oturub, eynəyini də taxıb gözünə, tikiş tikir. Başladım deyinməyə ki, ay ana, nə edirsən, qoy bir səhərin gözü açılsın da. Gün qurtardı məgər? Özünə nə üçün zülm edirsən, köməkli edərdik də.

Anam:

-Ay bala, dünəndən elə bil iynə üzərində oturmuşam, dedim, bu qızın niyə bir iynə-sapı yox idi ki, bu uşaqlar əyin-başı belə cırıq-cırıq şəhərdən kəndə gəlib çıxıblar?

Anam belə deyəndə dik atıldım. Nə görsəm yaxşıdır? Anam oğlumla qızımın şalvarındakı yarıqları tikib qoyub bir kənara. Qızımın da “kropunun” ətəyinə özünün köhnə gecəliyindən bir parça kəsib, əlindəcə deyinə-deyinə tikir: ah, qızım, mən səni belə öyrətmişəm? Qadının əlində iynəsi-sapı olar, uşağın-böyüyün cırılanını-yırtılanını tikər. Bu nədir, uşaqların dizi-budu, o yekəlikdə qızın qarnı-başı bayırda qalıb.

Bilmədim gülüm, yoxsa səhər-səhər hirsimdən ağlayım. Dedim, ay zalımın qızı, onlar yırtılmayıb ey, şalvarlardakı cırıq deyil, yarıqdır, dəbdir. Qızın köynəyini niyə o hala qoymursan, durub dünyanı dağıdacaq. Göbəyi açıq köynəklər dəbdir ey, qısalığı ondandır.

Mən belə deyəndə arvad eynəyin altından mənə tərs-tərs baxdı, baxdı, bircə kəlmə onu dedi ki, kül sənin kimi ananın başına.

Mətanət Məmmədova

Digər xəbərlər