Son vaxtlar marketlərdə istehlakçı narazılığı kəskin şəkildə artıb. Demək olar ki, hər gün vətəndaşlar müxtəlif şikayətlər səsləndirirlər. Aldadıcı qiymət cədvəlləri, vaxtı keçmiş məhsulların satışı, keyfiyyətsiz və kiflənmiş ərzaqlar, etiket və kassa qiymətləri arasında fərqlər və s bütün bunlar bazar sektorunda ciddi problemlərə işarə edir. Xüsusilə qida təhlükəsizliyi standartlarının pozulması, həm vətəndaşların sağlamlığına, həm də ümumi istehlakçı mədəniyyətinə zərbə vurur. Bəs bu məsələ necə həll edilməlidir? Əvvəlcə vəziyyəti nəzərdən keçirək. Ticarət sektorunda hazırda ciddi problemlər mövcuddur:
Demək olar ki, sahə tam anarxiya şəraitindədir, nə ictimai nəzarət, nə də bir çox sahibkarların özlərində məsuliyyət və vicdan anlayışı var. Bu sahə tənzimlənmədiyi üçün təklif edirəm ki, Azərbaycanda Ticarət Nazirliyi yaradılsın. Sovet dövründə mövcud olan bu nazirlik bütün ticarət sahəsində qayda-qanunların tətbiqinə, təlimatların icrasına nəzarət edir, keyfiyyətsiz mal satışı və müştərilərin aldadılmasının qarşısını alırdı.
Kadr məsələsi də ciddi problemlərdən biridir. Sovet dövründə mağaza və dükanlarda işləyən satıcılar xüsusi peşə məktəblərində və orta ixtisas texnikumlarında təhsil alır, savadlı satış və peşəkar xidmət mədəniyyətini mənimsəyirdilər. Hazırda isə istənilən şəxs satıcı kimi işə götürülür, satdığı məhsulun xüsusiyyətlərini bilmir, saxlanma şəraitinə nəzarət etmir, düzgün xidmət göstərmir.
Bundan başqa, işçilərin az götürülməsi də ayrı problemdir. Böyük marketlərdə belə satıcı tapmaq müşkül məsələdir. Mağazalarda yalnız kassirlər işləyir, müştərilərə məhsul barədə məlumat verəcək, rəflərə nəzarət edəcək əməkdaş yoxdur.
Bütün bunların nəticəsində müştəri hüquqları müxtəlif istiqamətlərdə pozulur. Saxta və keyfiyyətsiz qida məhsulları satılır, saxlanma temperaturu pozulur, çəkidə və qiymətdə uyğunsuzluqlar olur. Problemləri vətəndaşlar özləri üzə çıxardıqda isə bəzən marketlər yalnız zərəri ödəməklə kifayətlənir, bəzən isə ümumiyyətlə reaksiya vermirlər. Məhkəmə mexanizmi də demək olar ki, işləmir. İnsanlar aldadıldıqda və ya zərər çəkdikdə, xarici ölkələrdə olduğu kimi məhkəməyə müraciət edib təzminat almaq praktikasına sahib deyillər. Bu səbəbdən ticarət sahəsində anarxiya davam edir. Problemin həlli üçün kompleks yanaşma tələb olunur. Buna görə də, Ticarət Nazirliyinin yaradılması, dövlət nəzarəti ilə yanaşı ictimai nəzarətin gücləndirilməsi, müstəqil istehlakçı təşkilatlarının formalaşdırılması və məhkəmə mexanizmlərinin effektiv işləməsi vacibdir. Əks halda, bu sahədə vəziyyət getdikcə daha da kəskinləşəcək.
Problem təkcə mağazalarda deyil, bazarlarda da eyni vəziyyətdir. Bazarlar həmişə adi ticarət şəbəkələrinə nisbətən daha sərfəli və münasib alış-veriş məkanı olub. Qiymət baxımından bazarlarda məhsullar iki, bəzən hətta üç-dörd dəfə daha ucuz olur. Bundan əlavə, bazarlarda seçim imkanı daha genişdir, ölkənin müxtəlif bölgələrindən, kəndlərindən birbaşa gətirilmiş məhsulların müxtəlif növləri təqdim olunur. Lakin son illər market şəbəkələrinin sürətli inkişafı nəticəsində bazarların sayı azalıb, fəaliyyətləri məhdudlaşdırılıb. Bazarların yerləşdiyi ərazilərdə avtomobil saxlamaq üçün yerlərin olmaması da insanların bu məkanlara gəlməsini çətinləşdirir. Nəticədə, bazarlara gedənlərin sayı azalıb.

Digər mühüm səbəblərdən biri isə cəmiyyətdə tənbəlliyin artması, komfort həyat tərzinin güclənməsidir. İnsanlar artıq nəinki bazarlara, hətta marketlərə getməkdənsə, birbaşa onlayn sifariş verməyə üstünlük verirlər. Bir çox hallarda insanlar bir qədər uzaqda yerləşən, daha ucuz mağazaya getmək əvəzinə, qapısının qarşısındakı marketdən ikiqat baha məhsulu almağı rahatlıq hesab edirlər. Hətta yaxınlıqda bazar olan yerlərdə də alıcılar məhsulları marketdən almağa üstünlük verirlər.
Baxmayaraq ki, marketlərdə satılan meyvə-tərəvəzlərin böyük hissəsi genetik dəyişdirilmiş və dərman vasitələri ilə yetişdirilmiş məhsullardır. Onların uzun müddət təzə görünməsi üçün müxtəlif kimyəvi spreylərdən istifadə edilir. Halbuki bazarlarda satılan məhsullar əsasən kənd təsərrüfatçılarının öz həyətlərində, təsərrüfatlarında yetişdirdikləri təbii və təmiz məhsullardır. Təəssüf ki, bu və digər səbəblər bazarların tədricən sıradan çıxmasına gətirib çıxarıb. Bir tərəfdən, market şəbəkələri bazarların fəaliyyətini məhdudlaşdırmağa çalışır, digər tərəfdən isə bazarların infrastruktur problemləri insanların ora üz tutmasını çətinləşdirir. Halbuki dünyanın bir çox ölkələrində bazar və yarmarkalar həm ucuzluq, həm də geniş seçim baxımından ən çox üstünlük verilən ticarət formasıdır. Hətta bəzi ölkələrdə küçə ticarəti belə qanuni şəkildə təşviq edilir. Bizdə isə əksinə, bu fəaliyyətlər məhdudlaşdırılıb, nəticədə alıcılar marketlərə yönəldilib.
Təklif edirəm ki, ölkənin bütün şəhərlərində daimi fəaliyyət göstərən yarmarkalar təşkil edilsin. Bakı şəhərində ən azı 10, digər şəhərlərdə isə 1-2 daimi yarmarka fəaliyyət göstərməlidir. Bu yarmarkalara yalnız öz məhsulunu istehsal edən kəndlilər və fermerlər buraxılmalı, alverçilərə icazə verilməməlidir. Yarmarka iştirakçılarından nə yer pulu, nə də vergi alınmamalıdır.
Bu cür yanaşma həm yerli istehsalçıların gəlirini artırar, həm də ölkədə məhsul bolluğu və ucuzluq yaradar. Eyni zamanda, insanlar daha keyfiyyətli və təbii məhsullara əlçatan olarlar. Belə bir sistemin qurulması həm kənd təsərrüfatının inkişafına, həm də istehlakçıların rifahına xidmət edər. Market şəbəkələrinin deyil, vətəndaşların marağı ön planda tutulmalıdır.
Elçin Bayramlı