2021-ci il iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” müasir tariximizin ən mühüm siyasi sənədlərindən biridir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı Zəfərdən sonra Azərbaycanın mədəniyyət paytaxtı Şuşada imzalanan bu sənəd iki qardaş ölkə arasında münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini nümayiş etdirmişdir.
Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini təsdiqləməklə yanaşı, regionda sülhün, təhlükəsizliyin və sabitliyin təmin olunmasına mühüm töhfə verir. Sənəddə siyasi, iqtisadi, hərbi, müdafiə sənayesi, enerji, nəqliyyat, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi öz əksini tapmışdır. Bu isə hər iki dövlətin milli maraqlarının qorunmasına və ortaq inkişaf məqsədlərinin həyata keçirilməsinə xidmət edir.
Şuşa Bəyannaməsinin ən mühüm əhəmiyyətlərindən biri Azərbaycanın beynəlxalq mövqeyini daha da gücləndirməsidir. Dünyanın aparıcı dövlətlərindən biri olan Türkiyə ilə müttəfiqlik münasibətlərinin rəsmiləşdirilməsi ölkəmizin regional və qlobal səviyyədə nüfuzunun artmasına səbəb olmuşdur. Bu sənəd beynəlxalq ictimaiyyətə Azərbaycanın etibarlı tərəfdaş, güclü dövlət və regionda söz sahibi olan ölkə olduğunu bir daha nümayiş etdirmişdir.
Bəyannamə həm də Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşdığını təsdiqləyən mühüm siyasi sənəddir. Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə nəticəsində yaranmış yeni vəziyyətin hüquqi və siyasi əsaslarının möhkəmləndirilməsində Şuşa Bəyannaməsinin xüsusi rolu vardır. Bu sənəd regionda uzunmüddətli sülhün və əməkdaşlığın təmin olunması üçün möhkəm zəmin yaradır.
Azərbaycan və Türkiyə arasında “Bir millət, iki dövlət” prinsipi üzərində qurulan münasibətlər Şuşa Bəyannaməsi ilə daha da möhkəmlənmişdir. Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi bu strateji xətt bu gün Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla davam etdirilir. Qardaşlıq və müttəfiqlik münasibətlərinin daha da inkişaf etməsi hər iki ölkənin beynəlxalq mövqeyinin güclənməsinə xidmət edir.
Bu gün əminliklə demək olar ki, Şuşa Bəyannaməsi təkcə Azərbaycan-Türkiyə münasibətlərinin deyil, bütövlükdə regionun gələcək inkişafını müəyyən edən mühüm siyasi sənəddir. Bəyannamə ölkəmizin beynəlxalq nüfuzunu artırır, dövlətimizin gücünü və etibarlılığını daha da möhkəmləndirir, Azərbaycanın müstəqil siyasət yürüdən, güclü və nüfuzlu dövlət kimi mövqeyini daha da yüksəldir.
Mansur Quliyev
YAP Ağdam rayon təşkilatının sədri
Bədheybət özünü ruhdan salır...