Sosial

  • 3 105

OXATMA: kişilik, igidlik məktəbi

image

Çoxəsrlik tariximizin özü qədər qədim adət-ənənələrimiz, mərasimlərimiz, eləcə də oyunlarımız var. O oyunlar ki, zaman-zaman qəhrəmanlıq, igidlik, ərlik-kişilik məktəbi olub. Bu məktəbin imtahan yeri meydanlar olub. Bu meydanlarda yeniyetmə-gənclər at minib, ox atıb, güləşib, qalib gəldikdən sonra kişiləşib, ərləşib, ona igid adı verilib, igidlər cərgəsinə qoşulub. Məhz bundan sonra da sevdiyi qıza da qovuşa bilib, yəni atalar bu mərhələdən sonra onlara qızları ilə evlənməyə icazə verib.

Belə möhtəşəm adət-ənənələrimiz çərçivəsində yaşadılan onlarla oyun növü var. Onlardan biri də oxatmadır. Belə isə xalqın özünəməxsus keçmişini özündə yaşadan, bu gün isə idman növü kimi yaşadılan oxatmadan danışaq.

Cıdır tamaşalarından çox əvvəl

Necə ki, bu gün milli bayramımız olan Novruz şənliklərində adət-ənənələrimiz, müxtəlif mərasimlərimiz, qədim oyunlarımız nümayiş etdirilir, keçmişdə isə qədim türk tayfalarının açıq havada keçirdiyi ilk meydan tamaşaları içərisində öz kütləviliyi ilə seçilən cıdır tamaşaları olardı ki, burada da bir sıra mərasimlərlə yanaşı, igidlər ox atar, at yarışdırar, güləşərdilər. Lakin bu, o demək deyil ki, haqqında danışdığımız oxatmanın tarixi həmin cıdır tamaşalarının yaranma tarixi ilə eynidir. Xeyr, oxatma cıdır tamaşalarından çox-çox əvvəl yaranmışdır.

Ox türk tayfalarının lap qədimdən hücum və müdafiə silahı olmuşdur. Bu barədə tarixi mənbələrdən də məlumat alırıq: albanlarda zirehləri və uzun dördkünc qalxanları olan nizəçilər və oxatanlar vardı. Oxatanlar vardısa, deməli, nizələr və oxlar da olmalı idi. Arxeoloji material yazıçıların dediklərini təsdiq edir. Albaniya ərazisində çoxlu silah aşkar edilmişdir və bunun xeyli hissəsi küp, katakomba və taxta qəbirlər mədəniyyətinin daşıyıcılarına məxsusdur. O dövrdə üçpərli, saplaqlı dəmir ox ucluqları oymaqlı, çıxıntılı tunc ucluqları, habelə daha erkən dövr (eramızdan əvvəl VII-VI əsrlər) üçün səciyyəvi olan oymaqlı, üçüzlü tunc və sümük ucluqları sıxışdırıb aradan çıxartmışdı. Bununla yanaşı, küp qəbirlərin birindən əvvəlki vaxtların tunc oxlarına nisbətən daha səliqəli hazırlanmış tunc ox ucluğu tapılmışdır. Mingəçevirdə e.ə. III-I əsrlər təbəqəsində bişmiş gildən olan ox ucluqları aşkar edilmişdir. Yaloylutəpə tipli torpaq qəbirlərin birində (Çuxur Qəbələ yaxınlığında) çoxlu miqdarda saplaqlı üçpərli ox ucluqları üzə çıxarılmışdır. Görünür, Albaniya ərazisində də saplaqlı üçpərli ox ucluqları e.ə. I əsrin başlanğıcında Orta Asiya və Parfiya vasitəsilə yayılmışdır. Ucluqların bir qismi buraya sarmat tayfaları ilə gəlib çıxa bilərdi. Güman etmək olar ki, qədim albanlar qarğı oxlar da işlədirdilər. Parfiya tayfalarında skif yayı (kamanı) əsas yer tutur, sikkələrdə, ritonlarda və başqa əşyalarda təsvir olunurdu. Bu kaman uzunluğu 60-70 santimetrdən çox olmayan oxlar üçün idi. Eraların ayrıcında skif kamanı ilə yanaşı, daha mürəkkəb hun kamanı tətbiq edilirdi, onun uzunluğu 120 santimetrdən 160 santimetrə qədərdi, üzərində qoyma sümüklər vardı. Daha yüngül və daha ağır ucluqların olması antik Albaniyada yüngül və ağır kamanların mövcudluğunu güman etməyə imkan verir. Bunlarla həm süvarilər, həm də piyada qoşun silahlanmışdı. Elə atlı oxatma da həmin zaman yaranmışdı.

Cıdır tamaşaları əmək mövsümünün qurtarması və ya başlanması, habelə yazın gəlişi ilə əlaqədar keçirilərdi. Sonralar xalqın bir sıra mərasimləri- adqoyma, bəylikvermə, qızseçmə və s. cıdır tamaşaları ilə əlaqələndirilmiş, onlar xalq məişətini geniş lövhələrdə əks etdirən kütləvi meydan tamaşalarına çevrilmişdir. Cıdır tamaşaları atçapma ilə başlanar, daha sonra oxatma ilə davam edərdi. Ox atanlar da at üstündə çapar, hədəfi at çapa-çapa nişana alardı.

Kişilərlə yanaşı, qadınlar

Cıdır tamaşalarında ox atanların arasında bəzən qızlar da olardı. Lakin onlar kişi paltarında olduğundan başqa ox atanlardan o qədər də seçilməzdilər. Söhbətin bu yerində “Kitabi Dədə Qorqud” dastanının “Baybörə bəg oğlu Bamsı Beyrək boyu”nu xatırlayaq. Burada Banuçiçək özünü Beyrəyə tanıtmazdan əvvəl Beyrəklə at yarışır, ox atır, güləşir. Bu da onu deməyə əsas verir ki, Oğuzlar arasında at yarışları, ox atma yarışları və güləş oyunları-cıdır tamaşaları mütəmadi olaraq təşkil olunurdu və bu oyunlarda kişilərlə yanaşı, qadınlar da iştirak edirdilər.

Qadınların at çapıb, ax atmaqda heç də geridə qalmadığını Banuçiçəyin Beyrəklə söhbətində bir daha görmək olur. Banuçiçək: “indiyə kimi mənim atımı keçən olmayıb, məni məğlub edən olmayıb...”

”Dədə Qorqud kitabı” ilə bağlı Ensiklopedik lüğətdə də Banuçiçək adı ilə bağlı aşağıdakı fikirlər verilir: “Yarışda onun atını kimsə keçə bilməz, oxunu kimsə yarmaz. At minib ox atan, pəhləvanlarla güləşən bir qız” (1, 56)

Ensiklopediyada da yarış sözünün işlənməsi deməyə əsas verir ki, at minmək, ox atmaq, güləşmək Oğuzlar arasında keçirilən oyun, yarış olmuşdur. Bu oyunlar, yarışlar nəticəsində türklər çox gözəl at minərdilər, atın üzərində gedə-gedə arxaya çox sərrast ox atmaq vərdişi qazanırdılar. Tədqiqatçılar döyüşdə türklərin at üstündə hərəkətdə olarkən həm öndəki, həm də arxadakı hədəfləri çox sərrast nişan almaq bacarıqlarını ancaq türklərə xas olan xüsusiyyət kimi səciyyələndirmişlər. (2, 56)

Ox atma ilə bağlı dastanda rast gəlinən digər bir məsələ evlənməklə bağlıdır. “Bamsı Beyrək boyu” nun sonunda belə bir ifadə var ki, “otuz doquz qız talelü taleinə birər oq atdı. Otuz doquz yigit oxunın ardınca getdi. Qırq gün-qırq gecə toy-dügün eylədilər.” (3, 77) Göründüyü kimi, ərə gedən qızlar öz “taleyinə” ox atırlar və igidlər həmin oxların ardınca gedərdilər. Hansı igid, hansı qızın oxunu tapıb gətirərsə, həmin qız da o igidə ərə gedərmiş. Bir sıra dastan nümunələrindən, nağıllardan məlum olur ki, cıdır tamaşaları qız seçmə, qıza alma atmaqla sevdiyini ona bildirmək üçün bir fürsət olmuşdur. Alma atılan qız əyilib almanı götürsəydi, demək bu razılıq əlaməti idi, alma atılan qıza elçi göndərilə bilərdi.

Oxatmanın həm də qadınlara məxsusluğunu təsdiq edən amillərdən biri də Umay Ananın vəzifələrini etnik-mədəni çərçivədə həyata keçirən Fatma Qarının Azərbaycan inanclarında belində oxu və yayı olan bir varlıq şəklində göstərilməsidir. İnanca görə, Fatma qarı yayın göyə tutanda bolluq, yerə tutanda qıtlıq olur.

Oxatma növləri: atlı oxatma, qopuq, piyalə

Atla oxatma Azərbaycan meydan tamaşalarına daxil idi. At üstündə oxatma uzun müddətli məşqlərlə həm oyunçunun, həm də atın səriştə qazanmasını tələb edən bir oyun növüdür. Bu oyunda atın hürkməməsi üçün onu yavaş-yavaş alışdırmaq, əvvəlcə atdan uzaqda oxatma təlimlərinə başlamaq, yavaş-yavaş ata yaxınlaşaraq məşq etmək və nəhayət, at üzərində təlimlərə davam etmək lazımdır. Məşqlər zamanı atın oxu və yayı qoxulamasına izin verilməlidir. Mahir ox atanlar hətta hədəfi atın boynunun altından nişan alaraq vura bilirlər.

Atlı oxatmaya başqa bir misal olaraq piyalə və ox oyununu nümunə göstərmək olar. Bu oyun daha sadə insanlar arasında oynanılır və qızıl camı piyalə əvəz edirdi. Oyunda məqsəd xüsusi dirəyin üzərindəki piyaləni atı çaparaq oxla vurmaqdır. Burada nişangah piyalə və ya hər hansı bir əşya da ola bilər. Bu oyun bir neçə variantda oynanılır. Piyalə və ox oyunu iştirakçılardan dəqiqlik və cəldlik tələb edir. Atın üstündə sürətlə hərəkət edərkən piyaləni dəqiq nişan almaq üçün həm də sərrastlıq tələb olunur.

Atla oxatma növlərindən biri olan qopuq zadəgan sinfinin saraylarda oynadığı idman növü idi. Hündür dirəyin başına qoyulmuş qızıl 140 cam oxla vurulub salınmalı idi. Sanki dirəkdən cam qoparılırdı, oyunun adı da buradan yaranmışdır. Bu oyun hərbi əhəmiyyətli oyun kimi çox şöhrət qazanmışdı və igidlik sınağı sayılırdı.

Koroğlu dastanında Koroğlu Dəmirçioğlunu sınamaq məqsədilə almanın saplağına bir üzük taxıb onun başına qoyur və qırx oxun hamısını üzüyün halqasından keçirir. Təkcə bu səhnə ox atıcılığında Koroğlunun necə böyük ustalığa malik olduğunu aydın göstərir. Koroğlu dəliləri də ox atmaqda çox usta idilər. Dəlilər Bağdadda oxla durna, Bayaziddə isə ceyran ovlayırdılar. Hər iki səfərdəki təsvirlərdən dəlilərin ox atıcılığında necə böyük ustalığa yiyələndikləri aydın görünür.

Oxatma müasir dövrdə

Biz iki ictimai formasiya görmüş xalq olsaq da, 70 ilimizi sovet dönəminə qurban versək də, lakin adət-ənənlərimizi, dəyərlərimizi tarixin o üzündən bu üzünə gətirə bilmişik. Arada uzun fasilələr olsa da, lakin dünənimizdə olanlara yenidən həyat verə bilmişik.

Bəzi məsələlərə isə hətta sovet dövründə nail ola bilmişik. Onlardan biri də elə haqqında danışdığımız oxatmadır. Belə ki, oyun 1969-1970-ci illərdə inkişaf etməyə başlamışdır. “Məhsul”, “Spartak”, “Lokomotiv” və sair idman cəmiyyətlərində oxatma bölmələri açılmışdır. V.Maksimov, S.Yusifova, S.İsmayılova, N.Hüseynova, O.Saraykina, E.Hacıyev və b. SSRİ kuboku, ümumittifaq və beynəlxalq yarışların qalibi və mükafatçıları olmuşlar.

Müstəqillik illərində isə yenidən bu sahənin inkişafına təkan verilmiş, 1993-ci ildə Bakıda Azərbaycan Kamandan Oxatma Federasiyası təsis edilmişdir. 2013-cü ildə İslam Həmrəyliyi oyunlarında Roman Vengerov, Aleksey Korpin və Zaur Qəhramanov komanda şəklində gümüş medal qazanmışlar.

2016-cı ildə Azərbaycan ilk dəfə Yay Olimpiada Oyunlarında kamandan oxatma üzrə iştirak etmişdir.

2019-cu ildə Gədəbəydə təşkil olunan Milli Yaylaq Festivalında digər milli oyunlarla birlikdə oxatma da keçirilmişdir.

Keçmişdə olduğu kimi, bu gün də oxatma ilə kişilərlə yanaşı, qadınlar da məşğul olur. Ötən il yanvarın 9-da 2022-ci ilin idman yekunlarına həsr edilən mərasimdə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin mükafatlandırdığı idmançılardan biri də Kamandan Oxatma Federasiyasının idmançısı Yaylagül Ramazanova idi. Yaylagül Ramazanovaya yüksək nailiyyətlərinə görə ölkə başçısı tərəfindən yeni mənzilin orderi təqdim edildi.

İdman ustası, dəfələrlə Azərbaycan çempionu, beynəlxalq turnirlərin qalibi Yaylagül Ramazanova 70 metr məsafədə oxatma üzrə ölkə rekordçusudur. O, həmçinin Banqladeşdə kamandan oxatma üzrə keçirilən İslam Ölkələrinin Həmrəyliyi çempionatının çempionudur. 2022-ci ildə Münhendə keçirilən Avropa çempionatında isə Yaylagül Avropa oyunlarına lisenziya yarışında 2-ci yeri qazanmış idmançıdır. Necə deyərlər, aslanın erkəyi, dişisi olmaz...

Bir zamanlar biz də kaman çəkib, ox atardıq...

Türklərin qədim zamanlarda müdafiə vasitəsi olan oxatma daha sonralar türk xalqlarında yarışa çevrilmişdir. Hətta bu xalqlardan biri kimi, azərbaycanlı balalarının uşaqlıq oyunu da olub. Yadımdadır, uşaq vaxtı söyüd ağacının kövrək budaqlarından qoparıb, o baş bu başına rezin bağlayardıq. Düz bir çubuğun isə ucunu yonar, ox düzəldərdik. Divara böyük halqa çəkər, oranı hədəf seçərdik və növbə ilə kaman çəkib ox atar, ya udar, ya uduzardıq. Uduzan adam ox-kamanını udana verməli olurdu. Bu heç də yaxşı hal deyildi. Çünki bu, yenilməyin, uduzmağin göstəricisi idi.

Oxatmanın kişilik, igidlik məktəbi olduğunu nəzərə alsaq, bu oyunda uduzmağımızın nə üçün o qədır acı olduğunu anlamaq çətin deyil. Uduzduqda bir neçə gün özümüzə qapılır, həyətə enə bilmirdik.

Hələ daha sonralar oxatmaya bənzər yeni bir oyun da icad etmişdik. Adı “raqatka” idi. Bunun üçün ağacın haça budaq hissəsini götürür, bir qarış uzunluğunda kəsir, qalın rezinin uclarını həmin haçanın uclarına bağlayırdıq. Buna isə ox deyil, daş qoyub atırdıq. Bununla ağacdan meyvə salmaq oyunu oynayırdıq. Meyvəni sala bilməyən uduzurdu.

Dəcəl uşaqlar isə “raqatka” vasitəsilə quş da ovlayırdı. Belə uşaqlara öz aramızda tərbiyəsiz deyirdik və bir daha onlarla oynamırdıq.

Sonra tirlər yarandı. Ox atmaq həvəsi həmin tirlərdə hədəfə yalançı tapança ilə tuşlandı. Lakin tirlərə qızlar getmədiyi üçün oxatma elə uşaqlığımızdaca qaldı.

Bu gün müasir texnologiya bütün bu kimi dəyərlərin üzərindən xətt çəkə-çəkə getsə də, lakin biz buna imkan verməməliyik. Onsuz da uşaqlarımız bizdən fərqli bir uşaqlıq yaşayır. Onlar həyətdə nə kollektiv şəkildə bir oyun oynayır, nə də bir oyun aləti hazırlayır.

Bu gün ölkəmizdə idmanın bütün növləri üzrə federasiyalar fəaliyyət göstərir. Elə haqqında danışdığımız oxatma ilə bağlı da Azərbaycan Kamandan Oxatma Federasiyası var və hər bir uşaq, yeniyetmə, gənc federasiyaya müraciət etməklə, bu qədim oyun növü ilə məşğul olub gələcəyin olimpiya birincisi ola bilər.

Oxatmanın kişilik, igidlik məktəbi olduğunu nəzər alsaq, bu sahənin daha da inkişaf etdirilməsinə böyük ehtiyac var. Çünki hər bir oğlan və qızın buradan keçən yolu həm də qədim ənənələrimizin yaşadılması deməkdir. Odur ki, valideynlər öz uşaqlıq oyunlarını övladlarına heç olmasa, bu şəkildə təlqin etsələr, gözəl nəticələr əldə etmiş olarıq.

Mətanət Məmmədova

Digər xəbərlər