Sosial

  • 2 604

Erkən nikah: övladımıza kölə kimi baxmayaq...

image

Erkən nikaha sövq etmək, razılıq vermək, ümumilikdə insanlığa qüsurdur. Bu, valideynlik kimi böyük məsuliyyəti çiyinlərinə alan ata-ananın, bəzən nənə-babanın, yaxın qohumların hər birinin günahıdır. O günah ki, doğma balasını, nəvəsini öz əlləri ilə oda atmaq, onun gələcəyini baltalamaq, arzularının, istəklərinin üzərinə qara kabus çökdürmək anlamındadır. Sabahı görə bilməmək, övladının nələrlə üzləşəcəyini düşünməmək kimi hisslərdən məhrum olmaq deməkdir.

Təəssüflər olsun ki, XXI əsrə gəlib çıxmağımıza baxmayaraq hələ də köhnə fikirli insanlar var. İllərdir bu nikahların acı nəticəsini görə-görə yenə də səhvə yol veririk. Çox təəssüf ki, bütün dünyada olan bu problem ölkəmizdə də var və bu qədər maarifləndirmə işlərinin aparılmasına baxmayaraq davam edir. Bu barədə danışaq.

Qadın, həyat yoldaşı, ana olmağa hazırsanmı?

Bəli, övladımıza kölə kimi baxanda, onun hüquqlarını tapdalayanda və ya heç bir hüququnun olmadığını zənn edəndə onu erkən nikaha sövq edirik. Statistik məlumata əsasən 2022-ci ildə ölkəmizdə 270 18 yaşadək qız nikaha daxil olub. Bunun illər üzrə ən yüksək göstərici kimi, 1993-cü ildə 5044, 2007-ci ildə 5023, 2008-ci ildə 5544, 2011-ci ildə 5138 qızın erkən nikaha daxil olması qarşısında zəif qalmasının səbəbi 2012-ci ildən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 10-cu maddəsinə əsasən nikah yaşının 18 yaş müəyyən edilməsi ilə bağlıdır. Qanunvericiliyə əsasən üzrlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər. Belə olan halda 270 nəfərin hamısına üzrlü səbəb də şamil edə bilmərik. Çünki belə olarsa, digər üzrlü səbəbi çıxmaq şərtilə, bu da bizim qüsurumuzdur. Deməli, övladımıza düzgün tərbiyə verə bilməmişik, onu doğru yetişdirməyi bacarmamışıq.

270 18 yaşa çatmayan qızın nikahı 270 valideynin, 2-yə vuranda isə 540 nəfərin günahıdır. Bu, hələ rəsmi statistikadır, qeydiyyata alınmamış onlarla belə nikah var ölkəmizdə. Deməli, 270 nəfər qız öz ailəsi tərəfindən istismar olunub, onların hüquqları valideynləri tərəfindən əlindən alınıb. Və yaxud da hüquqlarının nədən ibarət olduğu bu qızlara təlqin olunmayıb. Beləliklə də onlar erkən nikaha daxil olublar və bu da onların gələcək psixoloji vəziyyəti üçün zəmin yaradıb. Axı onlar həyatın, ailənin, qayınana-qayınata, ər qayğısının, uşaq doğmağın, onu böyütməyin nə olduğunu yetəri qədər anlamırlar.

Uşaqdan söz düşmüşkən, 2022-ci ildə ölkə üzrə 18 yaşınadək analar tərəfindən 2011 uşaq doğulub. Bu isə o deməkdir ki, 2011 uşaq ya ölümlə və ya baxımsızlıqla qarşı-qarşıya qalıb. Çünki onları dünyaya gətirən ananın hələ özünün qayğıya ehtiyacı var.

Maraqlıdır, qızlarını erkən ərə verən valideynlər onlara heç sual verirlərmi ki, qızım, sən qadın, həyat yoldaşı, ana olmağa hazırsanmı? Ümidvaram ki, bu sualı versələr, cavabında çarəsiz baxan gözlərlə qarşılaşarlar.

Erkən nikaha ciddi cəza son qoya bilər

Erkən nikaha bütün regionlarda, hətta paytaxtda da rast gəlmək olur. Belə nikah haqqında statistikanın nə göstərməsindən asılı olmayaraq, hər kəsə məlumdur ki, o, daha artıqdır. Və belə qənaətə gəlmək olur ki, nə qədər ki, erkən nikaha sövqetmədə ağır cəza qaydaları tətbiq olunmayıb, bu, belə də davam edəcək.

Söhbətimizin bu yerində bir neçə gündür, medianın gündəmi olan bir erkən nikah haqqında danışmaq istəyirəm. Ağcabədi rayonunda 14 yaşlı Səbinənin ata və nənəsinin razılığı ilə özündən 11 yaş böyük Tufanla ailə qurması və bu hadisənin 6 aydan sonra üzə çıxması yenə də erkən nikahla bağlı həllini tapmayan məsələnin müzakirəsinə səbəb oldu.

Hadisənin üstü açılandan sonra Ağcabədi Rayon Məhkəməsinin hökmü ilə Tufan1 il 2 ay həbs cəzası verilib. Bu, çox az cəza müddətidir. Bir uşağın həyatını məhv etməkdən 1 il 2 ay cəza ilə yaxa qurtarılırmı? Bəs sonra necə olacaq? Cəzasını çəkəndən sonra nə baş verəcək? Bu qızın taleyi necə olacaq? Axı o, artıq qadındır, hələ üstəlik ana da ola bilər.

Biz bu təfəkkürlə əsrlər öncəyə qayıdırıqmı? Yoxsa, nə edirik? Bu ixtiyarı kim verir qızın ata və nənəsinə ki, azyaşlı qızı ərə verir? Onların hər ikisi haqqında ciddi cəza tədbiri görülməlidir. Belələri cəza almadıqca cəmiyyətdə fikir formalaşır ki, nə istəsək edə bilərik, odur, filankəsə heç buna görə cəza verən olmadı.

Kütləvi informasiya vasitələri, aid qurumlar erkən nikahların qarşısının alınması, bununla uşaq ölümlərinin, boşanmaların da azalması məqsədilə mübarizə apardığı bir vaxtda belə hadisələrin baş verməsi insanların dünyadan xəbərsiz olması təsəvvürünü yaradır. Görünür, regionlarda bu sahədə maarifləndirmə tədbirləri hələ də lazımi səviyyədə deyil. Yəni bu nikah haqqında o böyüklükdə rayonda heç bir aid qurum xəbər tutmayıb? Bu, onlara sual olunmalıdır.

Bu sahədə ciddi cəza mexanizmi tətbiq olunmalıdır. Elə bir mexanizm ki, qorxu effektində olmalı, bu fikrə düşənləri çəkindirməlidir. Yoxsa görünür ki, belə insanlarla başqa cür mümkün olmayacaq.

Məlum hadisə ilə bağlı söhbətləşdiyimiz jurnalist-sosioloq Lalə Mehralı nəzarət və cəza sisteminin təkmilləşdirilməsi və sərtləşdirilməsi fikrindədir: Zənnimcə, dövlət bəzən erkən nikaha rəvac verən insanlara, uşaqların valideynlərinə, qarşı tərəfə humanist davranır. Xüsusilə də qız uşaqlarının erkən nikaha cəlb edilməsi ilə bağlı məsuliyyətə cəlbedilmə məsələsində valideynlərlə yanaşı, qızla evləndirilən adam da məsuliyyət daşıyır. Çox vaxt bu adam yaşı çox olan biri olur, amma yaşına görə etdiyinin fərqində olmur. Qanunlarımız humanist davranır bu adamlara. Uşaqları erkən nikaha məcbur etmək eyni zamanda bir neçə hüquqlarının əlindən alınması deməkdir. Erkən nikah təhsil hüququnun məhdudlaşdırılması və ya tamamilə əlindən alınması, bədən toxunulmazlığının pozulması, istismarı deməkdir. Bu baxımdan dəyərləndirsək, həm uşaq istimarı, həm erkən evlilik, həm də təhsil hüququnun əlindən alınmasına görə analiz aparılıb cəza tətbiq olunmalı, sərtləşdirmə bu ümumi nəticəyə görə olmalıdır.

Sosioloq deyir ki, istisna hal kimi erkən evlilik halı yolveriləndir – sadəcə 17 yaş həddində. Bu yaşda orta təhsilini başa vurmuş olur, fizioloji göstəriciləri də imkan verirsə, qanun bəzən icazə verə bilir bu yaşda nikaha. Lakin bu, istisnadır, qanun təyin etdiyi 2 üzrlü səbəbdən birinə görə mümkündür. Bu icazə bütün evliliklərin bu yaşda ola biləcəyi demək deyil. Valideynlər bunu anlamalıdır.

Erkən nikaha tibbi yanaşma

Erkən nikahın mənəvi tərəfləri kimi, tibbi tərəfi də vardır. Bu, sonrakı dövrdə özünü göstərir. Ginekoloq Ayşən Məmmədli qeyd edir ki, erkən nikah həm qadın, həm də kişi üçün müxtəlif problem deməkdir. Gələcək nəsillərin sağlamlığı yeniyetmə qızların - gələcək anaların sağlamlıq vəziyyətindən birbaşa asılıdır. Erkən nikahda fiziki və psixoloji baxımdan hazır olmadan hamiləlik baş verir, bu zaman doğuş və ölüm riski yaranır, nəticə etibarilə isə ana və uşaq ölümlərinin sayı artır. Həmçinin yeniyetmələrdə reproduktiv sağlamlıqla bağlı problemlər yaşanır.

Fizioloji cəhətdən ideal doğuş yaşı 20-30 arasında olmalıdır. Qadınlar tez ana olduqda orqanizm hamiləliyi özünə yad cisim kimi hesab edər və hormonlarda problem yarana bilər. Qadının dünyaya uşaq gətirməsi üçün ən az yaş 20-dir. Tədqiqatçılar hesab edirlər ki, əgər erkən nikahların sayı 10 faizə qədər azalarsa, bu, bütövlükdə 70 faizə qədər ana və uçaq ölümünün azalmasına gətirib çıxarar.

Bundan başqa, erkən nikahların və erkən hamiləliyin yalnız ana və körpə üçün deyil, cəmiyyət üçün də mənfi fəsadları ola bilər. Belə ki, təhsilsiz və nikahsız gənc ananın problemi təkcə onun cəmiyyətin inkişafı üçün töhfə vermək imkanından məhrum olması ilə bitmir, o, hətta ailəsi ilə birlikdə bu cəmiyyətdə artıq yükə çevrilə bilər.

Erkən nikaha son!

Statistikaya görə, indiyədək dünya miqyasında 650 milyondan çox qadın uşaq yaşlarında evliliyə sövq edilib. Hər il ən azı 12 milyon qız 18 yaşına çatmadan evlənir və ya buna məcbur edilir. Bu isə hər dəqiqədə 28 qızın erkən nikaha daxil olması deməkdir. UNICEF-in məlumatına görə, ən zəif inkişaf etmiş ölkələrdə bu rəqəm iki dəfə artıqdır. Orada qızların 40% -i 18 yaşından, 12% -i isə hətta 15 yaşından əvvəl ərə verilir. Bu təcrübə xüsusilə münaqişələrdən əziyyət çəkən və humanitar böhran şəraitində olan ölkələrdə daha çox müşahidə edilməkdədir. Bu baxımdan mütəxəssislər ən çox Cənubi Asiya və Afrikanın Sahara bölgəsini qeyd edirlər.

Belə qənaətə gəlmək olur ki, hər dəqiqədə 28 qız erkən nikaha daxil olmaqla, hər dəqiqədə dünya üçün 28 problem yaranır, 28 bəlanın təməli qoyulur. Bu dəqiqələr saata, saatlar aylara, illərə çevriləndə isə dünya qloballaşan problemlər qarşısında aciz qalır. Odur ki, erkən nikah məsələsini bir dəqiqə da yaddan çıxarmamalı, onunla hər saniyə mübarizə aparmalıyıq.

Qızlarımıza kölə kimi deyil, əzizimiz, onu bizə bəxş edən Ulu Yaradanın hədiyyəsi kimi baxaq. Bu zaman onu incitməyin nə qədər günah olduğunu da dərk etmiş olarıq.

Mətanət Məmmədova

Digər xəbərlər