Sosial

  • 2 036

Babaların babasının babası...

image

Bu gün babalardan danışaq. Və bugünkü babalarla dünənkiləri, dünənkilərlə də keçmişdəkiləri müqayisə edək. Müqayisə edək, görək, bugünkü babaların babasının babasından nə qalmışdı, onlar öz nəvələrinə nəyi verə bilmişdilər? Babamızın bizə yanaşması necə idi? Və onların nəvəsi olan bugünkü babalar nəvələri ilə münasibətlərini necə qururlar? Beləliklə, keçmişdən bu günə yola çıxaraq ayrı-ayrı dövrlərə nəzər salaq. Lakin onu bəri başdan vurğulayaq ki, keçmişdən, dünən və bu gündən asılı olmayaraq babalar nəvələrini hər zaman çox seviblər. Elə məsələ də bu sevginin üzərindədir. Bu sevgini nəvələrə kim hansı formada təqdim edir zaman-zaman...

Vaxt var idi ki?..

Bu, həmin vaxt idi ki, biz onu görməmişik. Həmin dövr haqqında kitablardan oxumuşuq, rəvayətlərdən dinləmişik. Vaxt var idi ki, babalar nəvələrini övladlarını necə yetişdirirdisə, eləcə yetişdirməyə çalışarmış. Evdə ki, nəvə dünyaya gəldi, babalar qırx gün şadyanalıq edər, qonaqlıq verər, bütün el-elatı bu qonaqlıqda ağırlayıb-əzizləyərmiş.

Daha sonra uşağa ulu babamızın yaşadığı dövrdə yaşayan Dədə Qorqud tərəfindən ad qoyular, bunun üçün də el mərasimi təşkil olunarmış.

Nəvə qız oldusa, babalar yalnız onun başına sığal çəkər, nağıl söyləyərdi. Ümumilikdə tərbiyəsini isə nənəyə tapşırardı. Nəvə oğlan olanda isə elə ki, həddi-buluğa çatdı, baba hara, nəvə də ora. At minib, ox götürüb, ov ovlamağa, o zamanlar meydanlarda təşkil olunan oxatma, güləş yarışlarına, dağın bağrını yağıb kəndə su çəkməyə, camaatın yığışıb birlikdə el arxını çıxarmağa və sair. Yəni, özünün məsləhət bildiyi hər yerə nəvəsi ilə birlikdə gedərdi babalar.

Babalar həm də nəvələrin nağıl, rəvayət söyləyini idi. Elə ki, axşam oldu, nəvələr babaların şirin avazından süzülən gözəl nağılları dinləmədən yuxuya getməzdilər. Bu nağıllar isə o babaların həyat nağılı idi. Gördüklərini, şahidi olduqlarını nağıl formasına salıb nəvələrinə danışardılar.

Oğlan nəvələr də, qız nəvələr də bu nağıllardan öz payını alardı. Hər gün söylənən yeni-yeni nağılların şirinliyi ilə yanaşı, onların qəhrəmanlarının igidliyi, ərliyi, gücü, mübarizliyi, sadiqliyi, eyni zamanda nağılların xanım qəhrəmanlarının xanımlığı, sədaqəti, kişilərlə birlikdə at çapıb, ox atması, qılınc çəkib düşmən üstünə getməsi nəvələrdə zaman-zaman xarakter formalaşdırardı. Elə bu səbəbdən də Babəklər, Koroğlular, Nəbilər, Həcərlər, Banuçiçəklər... babamızın babası, nənəmizin nənəsi olub. Yəni baba-nənədən aldığı mənəvi qida nəvələrin hər birinin sabahı, gələcəyi olardı. Tarixdə iz salmaları, qəhrəmanlıq, ərlik, igidlik, xanımlıq rəmzinə çevrilməsinə səbəb olardı.

Babaların babası

Babamızın babası da yaşadığı dövrə uyğun olaraq nəvəsini yetişdirməyə çalışmışdı. Onlara ayırdığı saatlarla vaxt, etdiyi söhbətlər, söylədiyi nağıl və rəvayətlər bu gün baba olanları kifayət qədər həyata hazırlamaq məqsədinə xidmət edə bilmişdi.

Babamızın babası nəvəsi yanında yaşayırdısa, onunla birgə həyat sürür, özü nə işlə məşğul olardısa, nəvələrinə də onu öyrədərdi. Müəllim olan müəllimliyi, dülgər olan dülgərliyi, zərgər olan zərgərliyi, misgər olan misgərliyi, nalbənd olan nalbəndliyi, çoban olan çabançılığın sirrini nəvələrinə aşılayardı. Nəvələr də bu peşə və sənətlər qəlbinə yatardısa, zamanla babasının yolunu davam etdirərdi.

Nəvələr babalarla birlikdə yaşamayanda, əgər yaxın məsafədə idilərsə, babagilə gələr, gününü baba ilə birlikdə keçirərdi. Beləliklə də baba öz həyat tərzindən nəvəsinə pay verə bilirdi. Odur ki, nəvələr həm xasiyyət, xaraktercə, həm də bacarığı ilə babalarına çox bənzəyərdi.

Nəzərə alsaq ki, nəvələr babaların şirin söhbətlərini, heyrətamiz nağıllarını dinləməklə böyüyür, onların ibrətamiz öyüd-nəsihəti ilə boya-başa çatır, bu zaman bugünkü babalardan söhbət açaq.

Bugünkü babalar...

Çox təəssüf ki, müasir dövrdə həyatımızın bütün sahələrində olan dəyişiklik baba-nəvə münasibətindən də təsirsiz ötməyib. Bu gün artıq babaların əksəriyyəti nə nağıl danışır, nə rəvayət. Onlar nəvələrinə çox az vaxt ayırır. Ayıranda isə bu vaxt nə onun babasının, nə də babasının babasının ayırdığı vaxta əsla bənzəmir.

Bu gün cəmiyyətimiz necə internet dünyasının gətirdiyi sosial bəlaların qurbanı olubsa, nəvələr də təəssüf ki, qurbanların bir parçasıdır. Birincisi, bu gün gənclər daha çox ayrı yaşamağa üstünlük verir. Bu da nəvələrin nənə-babadan ayrı yaşaması, onları həftədə bir-iki dəfə görməsi ilə nəticələnir. Bir yerdə yaşayanlar da var. Fərq etməz, bu gün baba-nəvə münasibətləri necə qurulur?

Bu münasibətlər etiraf edək ki, əvvəlki baba-nəvə münasibətlərindən xeyli fərqlənir. Düzdür, o dövrlərin ənənələrini bu gün də saxlayan, yaşadan babalar var, lakin təəssüf ki, onlar az saydadır. Bu gün əksər baba nəvəsinə nağıl danışmaq əvəzinə, telefonunu onun əlinə verib bir küncə çəkilməsinə şərait yaradır. Özü isə televizor qarşısında əyləşir, boş vaxtını bu cür keçirir. Eyni zamanda, həm də babalar sanki nəvə sevgisini ona telefonunu verməklə qazanmaq istəyir. Hansı ki, bu sevgi vaxtilə babaların nəvələrinə verdiyi dəyərlərimizlə yaranırdı. Qəhrəmanlığı, igidliyi, Vətənə, torpağa, zəhmətə, insanlığa sevgini özündə təcəssüm etdirən milli nağıllarla aşılanırdı. Babaların nəvəsinin əlindən tutub çıxardığı gəzintilərdə onun hər gördüyü üçün yeni bir sualına yorulmadan verilən cavablar əsasında yaranırdı. Bununla həm də nəvələrin dünyagörüşü formalaşırdı.

Bəs indi? Nəvələrin əlinə verilən telefonlar onlara nəyi aşılayır? Özbaşınalığı, istədiyi hərəkəti etməyi, ətaləti... Süjet xətti səs-küy, qəddarlıq, qan-qada olan cizgi filmlərinə baxmaqla insanlığı unutmağı, əlinin bir andaca Tik-rok kimi sosial şəbəkəyə dəyməsi ilə qarısına çıxan iyrənc videoları vaxtından əvvəl görüb vaxtından əvvəl gözünün açılmasını aşılayır...

Bu gün babalar arasında nəvə sevgisini ona mağazadan hədiyyələr almaqla qazananlar var. Hansı ki, illər öncə bu hədiyyə babanın nəvəsinə mənəvi dünyasından verdiyi pay idi. Vaxtilə baba hədiyyəsi öz əlləri ilə ağacdan dərdiyi bir alma, bir armud, düzəltdiyi ox-kaman, oyuncaq maşın, araba olardı. Bu gün isə onları sağlamlığa ziyanı bildiyimizdən də artıq olan cipsi, şirniyyat, şirin sular, qorxunc oyuncaqlar əvəz edir...

Beləliklə...

Bu qənaətə gəlmək olur ki, həyatımızdakı bütün məsələlər kimi, baba-nəvə münasibətlərindən də çox az əsər-əlamət qalıb. Biz nəvələrimizin ata-anasını övladı ilə düzgün davranmağa, onları ziyanlı və zərərli vərdişlərdən uzaq tutmağa cəlb etməli olduğumuz halda, öz səhv hərəkətlərimizlə nəvələrin gələcəyini valideynləri ilə birlikdə məhv edirik.

Nə üçün babalar öz babalarını xatırlamırlar? Nəvələri ilə keçirdikləri vaxtı babasının onunla keçirdiyi vaxta oxşatmırlar? Bilə-bilə ki, telefon uşaqların bədbəxt gələcəyi deməkdir, lakin bunu onların əlinə verirlər. Məgər nəvə sevgisi bu cür qazanılır? Bilə-bilə ki, marketdən qucaq-qucaq aldıqları “hədiyyələr” onların sağlamlığı üçün təhlükədir, lakin yenə də alırlar...

Hələ bütün bunlar bir yana, nəvəsinə söyüş öyrədən, onun məclisdə, qonaqlıqda söyməyi ilə qürur duyan babalar da var. Hansı ki, vaxtilə babalar tərəfindən söyüş deyil, dəyərlər aşılanıb. Bu dəyərlər hansı şəkildə qəbul edilib bəziləri üçün görəsən?..

Kaş ki...

Kaş babamızdan öyrəndiyimizi, eşitdiyimizi nəvələrimizə aşılaya bilərdik. Kaş onların əlinə telefon verib başımızdan etməkdənsə, qarşı-qarşıya əyləşib şahmat oynaya bilərdik...

Kaş ərinib nəvəmizə oxumaq istəmədiyimiz nağıl kitablarının bircə sətrinin o telefonlarla keçirdiyi vaxtdan dəfələrlə əhəmiyyətli olduğunu anlaya bilərdik.

Kaş nəvəmizlə birlikdə gəzintiyə çıxarkən onun sual yağışında islanmayıb, hər birini yetərincə cavablandırmağın gələcək üçün yağışdan sonra doğan günəş qədər faydasını anlaya bilərdik.

Kaş sevginin nəvəmizin sağlamlığı üçün zərərli olan “nemətlərdə” deyil, bir alma, bir heyva, bir armudda... olduğunu, bir nağılda, bir rəvayətdə gizləndiyini anlaya bilərdik.

Kaş öz əyləncələrimizə ayırdığımız vaxtdan kəsib nəvələrə verə bilərdik. Bu, həm özümüz, həm də onlar üçün gözəl mənəvi istirahət olardı.

Kaş o babalardan bu babalara yadigar qalanlar belə tez sıradan çıxmazdı.

Bəlkə arzulayaq ki, o babalar geri qayıtsın? Babaların babası... Arzulayaq, bəlkə arzumuza nə vaxtsa, çatarıq...

Mətanət Məmmədova

Digər xəbərlər