Zaman-zaman kəndlərimiz boşalıb. İnsanlar təmiz, günəşli havanı, sərin bulaqları, yaşıl yamacları, zirvəsi buludlarla öpüşən dağları, güllü-çiçəkli düzləri qoyub şəhərlərə üz tutublar. Bu, bir neçə səbəbdən olub. Birincisi, təhsil almaq üçün şəhərlərə gedənlərin geri qayıtmaması səbəbindən. İkincisi, bir qrup insan işsizlik səbəbindən kəndini tərk edib, harada işini qura, ailə büdcəsini yarada bilibsə, orada yaşamağa başlayıb. Digər bir qrup insan isə kəndlərimizi tənbəllikdən tərk ediblər, şəhərdə rahat, ağır iş görmədən yaşamaq, gün keçirmək üçün. Beləliklə, bir də baxmışıq ki, kəndlərimizdə boş evlərin, qapısı qıfıllı həyətlərin sayı gündən-günə çoxalır. Kim nə edə bilər ki... İnsan qərarını vermiş, kəndi tərk etmişdir. Artıq onu saxlamaq gecdir. Ya qapılar birdəfəlik bağlanır, ya da ata-ana bir evin altında tək buraxılır. Oğul-qız üz tutur şəhərə... Bəzən “onları qınamaq da düzgün deyil. Çünki kəndlərdə iş yerləri yetərli qədər deyil”,-deyənlər də olur. Lakin bəs özünüməşğuluq proqramı? Bununla axı istənilən işi qurmaq olar kəndlərdə. Ta ki, iradə və istək ola.
Kəndləri boşalmağa qoymayın!
Necə ki, heç kimə qaynayıb-qarışa bilməyən atasız-anasız uşaq bir tərəfə çəkilər, sadəcə sakit-sakit, ürkək-ürkək baxar, kəndlərimizdə qapısı bağlı evlər, həyət-bacalar da həmin yetim uşaq təsirini bağışlayır adama. Yetim uşağın saçları tumar, könlü nəvaziş istədiyi kimi, kəndlərimizdəki boş evlər də insan əlinə möhtacdır. Həyətlərdəki ağaclar yetim uşaq kimi tumar, qayğı istər. Gözü sahibini axtarar. Lakin daha gecdir. O, evini də, həyətini də tərk etmiş, şəhərlərə üz tutmuşdur. Qapısının mal-heyvanını satıb-sovmuş, toyuq-cücənin əl-ayağını kəsmiş, bar üstündə olan onlarla ağacı tərk edib getmişdir. Bu ağacların kölgəsini, altındakı samovar çayını, nənələrin əllərinin izi yaşayan xalçaların üstündə qohum-qonşu ilə deyib-gülməyi tərk edib getmişdir. İndi bu ağaclar o günləri yaman xatırlayır, ətrafa baxır, lakin heç kimi görməyəndə qolu-budağı qırılır, yanına düşür.
Gəlir kölgəsində oturub deyib-gülən qohum-qonşulardan hərdən, ağaclara su vermək üçün, meyvəsindən dərib onu tərk edən sahibinə göndərmək üçün. Lakin ağaclar sahibindən aldığı nəvazişi bu insanlardan ala bilmir. Onların tumarı nədənsə əvvəlki tumara bənzəmir. Yetimləşir ağaclar, boynu çiynində, sakitcə bir kənara çəkilir, yol gözləyir. Sahibinin nə vaxtsa qayıdacağı ümidi ilə gözləri yollara dikilir...
Göz yolda, könül intizarda...
Kənddən insanların ayrılma səbəbləri barədə yuxarıda danışdıq. Bəli, birinci təhsil üçün, dedik. Təhsil almaq üçün gənc şəhərə üz tutur və yenidən kəndə qayıtmır. Belə hallar kəndlərimizdə çox sayda baş verir. Ya oğlumuz, ya da qızımız olsun, təhsildən sonra şəhərdə qalıb işləmək, təhsilini davam etdirmək qərarına gəlir. Və bir daha kəndə geri dönmür. Kəndi ikinci tərk edənlər isə işsizlik üzündən gedənlərdir. Məlumdur ki, hələ sovet dövründən kəndlərimiz diqqətdən kənarda qalmış, təhsil, səhiyyə, mədəniyyət və digər sahələr üzrə az sayda iş yerləri olmuşdur. Bu iş yerləri də təbii ki, zamanla tutulur. Gənc bir ailə başçısı nə etməlidir? Təbii ki, işləməli, ailəsini dolandırmalıdır. Sual oluna bilər ki, kəndin kənd işləri var da, onlarla niyə məşğul olmurlar. Kənd işləri ilə məşğul olanlar az deyil. Kənd camaatı bu işlər olmasa, necə dolana bilərlər. Lakin təhsil alıb, kəndə qayıdan insanlar da var ki, kənd işləri ilə yanaşı, həm də təhsil aldığı sahə üzrə çalışmaq istəyir. Belə olan halda isə iş yeri tapmır, məcburən üz tutur şəhərlərə. Bəli, işsizlik səbəbindən kənddən gedən insan özünə iş tapır, işləyir, evini qurur. Beləliklə, o da qayıtmır.
Üçüncü səbəb isə tənbəllik idi. İnsanlar var ki, tənbəllikdən həyatlarını nə kənddə, nə də şəhərdə qura bilir. Kəndin ağır iş-gücünə tab gətirə bilməyən gənc və ya orta yaşlı insan qaçıb canını qurtarmaq istəyir. Axı kənddə mal-heyvan saxlamalıdır, səhər o başdan yuxusuna haram qatıb ayağa qalxmalıdır. Bunun torpağı var, əkini-biçini var, ot biçini var, mal növbəsi, heyvan növbəsi var. Tənbəllik isə adamı basıb da, istəyir elə bir iş tapsın ki, bu qədər əziyyət çəkməsin. Düşünür-daşınır, deyir gedim şəhərdə fabrikdə, zavodda bir işə düzəlim, rahatlıq tapım. Əşi, bu qədər də iş olar?
Beləliklə, üz tutur şəhərə. Lakin tənbəllik elə burada da özünü göstərir. Adam haraya üz tutursa, ona təklif olunan işlə razılaşmır ki, razılaşmır. Ay bu iş ağırdır, ay bunun iş saatı çox geç bitir, ay burada işləmək üçün sübh çağından yola düşməlisən ki, vaxtında çata biləsən. Belə-belə, bir də baxıb görür ki, kənddən gətirdikləri də bitir, hələ bir qəpik pul qazana bilməyib. Ailə-uşağın da gözü onun əlindədir. Bu an başa düşür ki, yox, günah nə kənddə, nə də şəhərdədəir. Günah onun özündədir ki, tənbəlliyin daşını ata bilmir.
Tənbəllik tək kişilərə yox, həm də qadınlara aiddir. Kəndlərimizdə elə qadınlar var ki, ailəsini Allahın yurdumuza bəxş etdiyi nemətlərlə dolandırır. Yəni, ta yazdan qar yerə düşənə kimi, çölün həm yeməli, həm dərman bitkisi kimi istifadə olunan ot-avarını yığıb, qurudur, bazara çıxarır, qazanc əldə edir. Hələ ailələr tanıyıram ki, ər-arvad, həm də övladları hamısı bu işlə məşğul olur. Həyətlərində də mal-qara, toyuq-cücə saxlamaqla digər təlabatlarını da bu yolla ödəyirlər. Süd, pendir, şor, kərə, qatıqla, toyuq, yumurta satıb digər ərzaq məhsulları alır, kənddə çoxlarından yaxşı dolanırlar. Necə deyərlər, birlikləri dirlikləri olur.
Kəndlərimiz isə hər zaman gedənlərin geri qayıtmasını gözləyir: gözü yolda, könlü intizarda .
Özünüməşğulluq proqramı həm məşğulluğu təmin edir,
həm də kəndlərin boşalmasının qarşısını alır
Artıq illərdir ki, aztəminatlı ailələrin sosial rifahını yüksəltmək məqsədilə sosial siyasət sahəsində özünüməşğulluq tədbirlərinə xüsusi yer ayrılır. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” 7 aprel 2016-cı il tarixli Sərəncamına əsasən özünüməşğulluq proqramı həyata keçirilir. Bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərilir. Ailə təqdim etdiyi biznes plana uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir.
Bu proqram şəhərlərimizlə yanaşı, kəndlərimizdə də artıq öz faydasını verməkdədir. Bir tərəfdən dövlətdən asılılığın-ünvanlı sosial yardımların zaman-zaman azaldılmasına, digər bir tərəfdən isə insanın özünün çalışıb qazanmasına xidmət edən özünüməşğulluq proqramı işsiz aztəminatlı ailələrin həyatında böyük rol oynayır. Proqram dövlətin aktiv dəstəyi ilə özünüməşğulluğun və kiçik ailə təsərrüfatlarının yaradılmasının təmin edilməsinə, işsizlikdən kiçik biznesə çıxışın dəstəklənməsinə xidmət edir. Sərəncamdan ötən illər ərzində minlərlə ailə özünüməşğulluq proqramına cəlb edilib. Kəndlərimizdə onlarla ailələr tanıyırıq ki, bu proqramdan bəhrələnərək artıq kiçik bizneslərini, ailə təsərrüfatlarını qura biliblər. Hətta bu proqram kəndlərimizə qayıdışın da səbəbkarı olub. Proqramın tətbiqindən sonra rayon Məşğulluq Agentliklərində işsiz kimi qeydiyyatda dayanan yüzlərlə insan kəndinə qayıdıb və bu sosial xidmətdən mənfəətlənərək iş qura, məşğulluğunu təmin edə bilib. Onlar artıq bazarlara məhsul çıxarır, qazanc əldə edir, ailə büdcəsini zənginləşdirirlər.
Gələnlər geri dönür...
Bəli, bir zamanlar kəndlərdən şəhərlərə gələnlərin əksəriyyəti artıq şəhərləri tərk edib kəndlərə üz tuturlar. Bunun də bəzi səbəbləri var. Birincisi, artıq müstəqillik illərində quruculuqla, yenidənqurma ilə kəndlərimizdə də şəhərlərimiz kimi hərtərəfli şərait yaradılıb. Qazı, elektrik enerjisi, rahat yolları, məktəbi, tibb məntəqəsi, kitabxanası, klubu, interneti olan kəndlərimiz yaşamaq üçün ideal məkandır. Çünki şəhərlərimizdə tapa bilmədiyimiz təmiz hava, saf məhsullar kəndlərimizdə bol-boldur. Bu səbəbdən də insanlar kəndlərə üz tuturlar. İkinci tərəfdən, illərlə şəhərdə yaşayıb hələ də həyat şəraitini kənddə qoyub gəldiyi şərait qədər qura bilməyən insanlar böyük peşmançılıq hissi ilə yenidən kəndə qayıdırlar. Tikili evlərinə, həyət-bacalarına sahib çıxırlar. Məsələn, Bakının mərkəzdən uzaq bir yerində illərlə yaşayan adam müqayisə edəndə kəndinin, oradakı şəraitinin buradakından daha yaxşı olduğunu anlayır və geri dönür.
Üçüncü tərəfdən isə, indi bütün dünyada ərzaq böhranı, qlobal bahalaşma baş verir. Bu, bizim ölkəmizə də sirayət edir. Qiymətlər gündən-günə bahalaşır, dolanışıq çətinləşir. Kəndlərimizdə isə əkilmək üçün torpaq sahələri insanların yolunu gözləyir. İnsanlar da bu vəziyyətdən xəbərdardılar və yaxşı dolanışığın şəhərdən çox kəndlərdə olduğunu çox yaxşı dərk edirlər. Elə bu dərketmə ilə də kəndlərimizə qayıdırlar.
Torpaq onları geri çağırır. Deyir ki, gəl, sən mənə tər ver, mən sənə zər verim. Əz məni, əzizləyim səni. Həyatını nura çevirim, həyət-bacana bolluq gətirim. Həyat tərzini dəyişim. Evin, maşının, hər bir şeyin olsun. Ta ki, gəl, əlinə bel, dırmıq, kərənti al, köksümə endir onları, o köksdən sənə yeni həyat boylanacaq. Çək ciyərlərinə kəndinin təmiz havasını, çıx dağlara, düzlərə, yamaclara, bax, gör buradakı gözəllikləri harada görmüsən. Bu çiçəklərin rayihəsi qarışmış ətri harada almısan? Qayıt, qayıt kəndinə, təndir çörəyindən dürmək tut, buz bulaqlardan ovuc-ovuc iç, samovar sal ağacların kölgəsində, əlini uzat ağaclardan meyvə dər, ye. Saf məhsullardan süfrənə düz. Sübh çağı yuxudan qalx, get işinin ardınca. Zəhmətə qatlaş ki, o səni həmişə uca tutsun. Sənə nə lazımdır, ey insan. Bundan gözəl həyat varmı?..
Mətanət Məmmədova