Hamiləlik yaradılış möcüzəsidir, hamilə qadın da o yaradılışın ən böyük möcüzəsi. Yaylagül bu möcüzələrin ən mübarizi, ən cəsurudur. Bir neçə gündür bizi qürurlandıran, gülümsədən, sevindirən, Azərbaycan Olimpiya Oyunlarındakı oxçuluq yarışına göndərdiyi ilk idmançısı Yaylagül haqqında yazmağı borc bildim özümə. Həm bir jurnalist, həm bir qadın, həm də 3 uşaq anası, dəfələrlə hamiləlik keçirmiş bir qadın kimi.
Qadın anadır, bütün bəşəriyyət onun bətnindən törəyib. Yaradan ona elə bir qüdrət verib ki, bu qüdrətin eynisi yalnız özünəməxsusdur. Qadın da yaradır, eynilə Tanrı kimi. Bətnində yeni bir can, yeni bir insan yaradır. İlmə-ilmə toxuyur, hüceyrə-hüceyrə inşa edir, damla-damla böyüdür balasını. 9 ay boyunca bir damla mayedən var edir bətnindəki insanı. Qadın bətni yaradılışın özüdür, təməlidir, özəyidir.
Kişilər hamiləliyi sıradan, sadə, adi bir proses sanır bəzən, sanmayın. Ən az bir dəfə hamilə olan qadınlardan soruşun o prosesi. Yazımın girişində yazdım hamiləliyin möcüzə olduğunu. Bəs bu möcüzə 7 ayında bizə nəyin hesabına başa gəlir, onu bilirsinizmi?
Körpə ana bətnində olarkən 7 ayında orqanları və bədən əzaları tam formalaşır. Bu balaca insanın boyu 41-42 santimetrdir, yəni təxminən 2 qarış. Çəkisi isə orta hesabla 1 kq 500 qram civarında olur. Yəni qadın bu ayda qarnında daimi olaraq dölyanı mayesi ilə bərabər təxminən 2 kilodan artıq çəki gəzdirir. Bəzən hamilə qadına yaşlı nəsil “yüklü” deyir. Biz onu yük kimi görmürük, alışırıq və o çəki bizim üçün normala çevrilir.
7-ci ayında körpənin əl dırnaqları, saçları tam formalaşıb, O balaca barmaqları ilə arabir içəridən uşaqlığın divarını da qıdıqlayır. Beyin və sinir sistemi tam inkişaf etdiyi üçün bunu şüurlu şəkildə edə bilir. Atanın, ya da ananın səsinə olan reaksiyası, əl-qol hərəkətləri ilə qarına, orqanlara təzyiq göstərməsi də bunu sübut edir. Artıq böyüdüyü üçün yeri daralıb, ona görə hərəkətləri də daha çox hiss edilir, çünki o əvvəlki kimi dölyanı mayedə “üzə” bilmir, əl-qolunu tərpətmək üçün yeri məhduddur, buna görə də gərnəşəndə, hərəkət edəndə anaya daha çox təzyiq edir.
Əzələləri bu ayda çox güclənir və gücləndikcə zərbələri daha sərt olur. “7 aylıq körpənin zərbəsi nə qədər sərt ola bilər ki?” deyə düşünür insanlar, amma içinizdə yaşayan bir canlının ağciyərinizə, sidik kisənizə tərəf atdığı bir təpiyi düşünün və bunun insana hiss etdirəcəyi ağrını hesablayın. Hamiləliyin 7-ci ayında bu təzyiqlərə görə həzmsizlik, qəbzlik, ayaqda damar qaçmalar, tənginəfəslik, ombada, çanaq sümüyündə və beldə, habelə onurğada kəskin ağrılar olur.
Oxatma idman növü diqqət tələb edən sahədir. Nəfəsini düzgün tənzimləməli, diqqətini düzgün kökləməli, bədənini tarım saxlamalısan. Bu idman növünün ana maddəsi səbr, nizam-intizam və konsentrasiya prinsiplərinə əsaslanır. Bu idman növü fiziki-mənəvi güc və dəqiqlik tələb edir. Oxatma zamanı diqqəti yayındıran şeylər hədəfdən uzaq düşmək üçün kifayətdir.
Yaylagülün diqqətini yayındırmaq üçün balasının bircə hərəkəti kifayət edərdi. Dediyim kimi, bu həftədə körpənin hərəkətləri sərt olur. Balası gərnəşib ağciyərinə təzyiq göstərsə nəfəsalması çətinləşər, diqqəti pozula bilərdi. Yaylagülün peşəkarlığı o qədər yüksək olub ki, asanlıqla turu keçib, birinci turda məşhur çinli rəqibi An Qixuanaya qalib gələrək 2-ci tura yüksəlib. Amma Yaylagül 1/16 finalda olduqca güclü rəqiblə yarışırdı, komanda yarışlarında Tokio Olimpiadasının bürünc medalçısı, Dünya və Avropa çempionu Mişel Kroppenə qarşı. Yaylagül ikinci turda 2:6 yenilərək çıxışını tamamladı.
Onun olimpiadada hamilə olaraq iştirakı bütün dünyada maraqla qarşılanıb. Haqqında dünya mətbuatı yazdı, manşetləri Yaylagül bəzədi bir neçə gün. Yaylagüldən başqa daha bir iştirakçı da 7 aylıq hamilə idi - misirli qılıncoynadan Nada Hafez. İdmançı 1/8 finala yüksəlməyi bacardı, amma finalda Hafez koreyalı rəqibi Çunq Hayunqa 7:15 hesabı ilə uduzdu. Amma o da öz xalqının və dünya qadınlarının gözündə ən az Yaylagül qədər qalibdir.
Yaylagülün hamilə olaraq olimpiadada iştirakını qınayanlar da oldu. Elə öz cameəmizdən, jurnalistlərdən oldu qınayanlar, amma qarşı cinsdən. Onun olimpiadada iştirakını da, onun hamilə olduğunu əks etdirən fotolarını paylaşanları da “düşük” adlandıran kişi jurnalist də tapıldı. Adını çəkməyi lüzüm bilmədim, heç onun yazdığını – internetdə “əl-əl dolaşan”, sonradan ictimai qınağa tab gətirməyib sildiyi statusunun surətini də bu yazıya əlavə etməyəcəm. Onun sözləri, düşüncəsi Yaylagülün zəfərinin və hamiləliyinin yanında o qədər cılız görünür ki...
Sən bizim qəhrəmanımızsan, sən bütün dünya qadınların təbəssümlə izlədiyi, haqqında danışdığı, fəxr etdiyi, hamiləliyin xəstəlik yox, möcüzə olduğunu bütün geri zəkalılara sübut edən qəhrəmanımızsan. Yaxşı ki, səni tanıdıq, yaxşı ki, bətnindəki 7 aylıq körpənlə o kamanı əlinə aldın, o yayı çəkdin, o oxu atdın və özünü bizə tanıtdın. Sağ ol, Yaylagül!
Lalə Mehralı