PDF Oxu

Sosial

  • 3 363

Bənövşə, bəndə düşə, bizdən sizə kim düşə?..

image

Hər saniyə daha çox virtuallaşan həyatımızda çoxdan rəqəmsal müstəviyə keçən sosiallaşma ehtiyacımız bizi var edən ən təməl ehtiyaclardan biridir. Üzbəüz ünsiyyət hər bir insanın mənəvi qidasıdır və biz bu qidanı hər gün almalıyıq. Necə ki, su içir, hava ilə tənəffüs edirik, eləcə də mənəviyyatımızı doyurmaq üçün sosial ehtiyaclarımızı da ödəməliyik. Xüsusilə uşaqların virtual dünyadan qopub real dünyada əyləncə tapa bilmələri, real ünsiyyət vasitəsi ilə oyun oynamaları onların sağlamlığı üçün çox vacibdir.

Sirr deyil ki, bütün günü küçədə qaçıb-oynayan, yaşıdları ilə top qovan, kəndirdən atlayan uşaqların öz fiziki və mənəvi inkişafına verdiyi töhfə, rəqəmsal oyunlarla vaxt keçirən uşaqlardan kifayət qədər çoxdur. Bu o deməkdir ki, küçə oyunları oynayan, yaşıdları ilə canlı sosiallaşan uşaqlar fiziki və əqli cəhətdən daha çox inkişaf edir.

Oyun uşaqlar üçün zəruridir. Küçədə oynayan uşaq həm əylənir, həm də əyləncə ilə ətrafı, həyatı öyrənir. Alman pedaqoq və filosof Fredik Frobelin dediyinə görə, oyun uşağın ən səmimi, ən real davranışı və özünü ifadə etmə üsuludur. Filosof deyir ki, uşaq əylənərək öyrənir, oyun zehni və ruhu birləşdirir. Küçədə oynayan uşaq öz hiss və düşüncələrini ortaya qoyur, sosiallaşır, həm oynayır, həm də oyun zamanı həyatı yaşayaraq öyrənir. Oyun oynayarkən uşaqda özünə inam hissi inkişaf edir, özünü ifadə etmək bacarığı qazanır. Komanda oyunları isə uşaqlarda etibar, güvən hissini artırır.

Ümumdünya Sağlamlıq Təşkilatının hesabatlarına görə, 5-17 yaş arasında olan uşaqların hər gün bir qayda olaraq idmana göndərilməsi, fiziki hərəkətə məcbur edilməsi vacibdir. Fiziki hərəkətə hər şey daxildir – rəqs etmək, kəndirdən atlanmaq, evdə təmizlik işləri görmək və yaxud sadəcə gəzmək. Həkimlər deyir ki, uşaqlarınıza yaxşılıq edin, onları virtual həyatdan qoparıb küçə oyunlarına yönləndirin, uşaqlar tər içində qalanadək futbol oynasın, velosiped sürsün, yıxılıb dizləri qanayanadək yaşıdları ilə qaçdı-tutdu oynasın.

Küçədə oynayan uşaq daim hərəkətdə olur. Buna görə də küçə oyunları uşaqların böyük və kiçik əzələlərinin inkişafı, həmçinin sümük sağlamlığı baxımından orqanizmə böyük töhfə verir. Bundan əlavə, uşağın dil inkişafı həmyaşıdları ilə ünsiyyət zamanı daha da irəliləyir. Küçədə dostları ilə vaxt keçirən uşaqlarda sevinc, etibar, inam, mərhəmət, dostluq və güvən kimi duyğular inkişaf edir. Uşağı sosial cəhətdən inkişaf etdirən küçə oyunları onun dostları ilə harmoniyada yaşamasına və başqalarına qarşı həssas insan kimi inkişaf etməsinə kömək edir. Dostları ilə dil tapan uşaq cəmiyyətə da asanlıqla uyğunlaşır. Küçə oyunları uşağa özünə inam, sərbəst qərar qəbuletmə təcrübəsi də aşılayır.

Tibb elmi deyir ki, uşaqların qaçdı-tutdu oynaması, ipdən atlaması, top dalınca qaçması onların həzm sisteminə, mədə-bağırsağın düzgün işləməsinə, qan dövranına, nəfəs almasına olduqca müsbət təsir edir. Xüsusilə, dərslərini hazırlamazdan və yatmazdan əvvəl uşaqların bu cür oyunlar oynaması daha qənaətbəxşdir. Uşaqların qrup halında oynaması onların ünsiyyət qurmasına, daha humanist və paylaşan olmasına xidmət edir. Qaçmaq, harasa dırmaşmaq, nəsə düzəltmək onların həm zehninə, həm də fiziki inkişafına kömək edir. Cəmiyyət içində necə davramağı da yoldaşları ilə oynayanda öyrənir, özünü ifadə etməyi bacarır.

Yeni nəsil virtual asılılığı davam etdirsə, gələcək nəsil böyük təhlükə altındadır. Həm psixoloji, həm də fizioloji olaraq deqradasiya gedəcək, cəmiyyətin sağlam təməli axsayacaq. Uşaqları hovuz yerinə dənizə, gölə aparın, kompyuter oyunları əvəzinə küçədə beşdaş, çilingağac, bənövşə oynasın, evdə gizlənmək yerinə bayırda qaçıb-yıxılsın, mikroblarla tanış olsun, immun sistemi inkişaf etsin, süni kondisioner havası yerinə həyətdə günəşin altında yansın, D vitamini qəbul etsin, təmiz havanı tənəffüs etsin, evdə valideynin çəkdiyi siqaretin passiv aludəçisi olmaq yerinə küçədə ağacların tozlarını udsun.

Uşaqlarınızı küçədə oynamağa göndərin, məcbur edin, lap evdən qovun. Amma əvvəlcə küçədə onlar üçün təhlükəsiz ərazi təyin edin, avtomobili olan qonşulara bu barədə məlumat verin. Fiziki iş, oyunlar, hərəkət sağlamlıq deməkdir, uşaqlarınızı küçə oyunlarından məhrum etməyin, evdə kompyuter arxasında sağlamlığını itirən uşaqlarınızı küçəyə sağlamlığını bərpa etməyə göndərin. Uşaqlar küçədə fiziki inkişaflarını gücləndirən küçə oyunları oynamalıdır, bu onların gələcəyi üçün çox vacibdir. Qoyun onlar da ipdən hoppansınlar, top qovalasınlar, şüşə düzüb qoz atsınlar, bənövşəni bəndə salsınlar, girov düşən yoldaşlarını xilas etsinlər, küçə boyu yumru daş axtarıb beşdaş oynasınlar. Daha sağlam ruh, daha güclü bədən üçün buna ehtiyacları var.

Lalə Mehralı

Digər xəbərlər