Sosial

  • 896

Bizim küçə mədəniyyətimiz

image

Dünya binə olandan insanlar ev qurub, içərisində yaşayıblar. Çox da gözəl ediblər. Çünki bir ailənin dörd divar arasında, bir evdə yaşaması, orada dərd-sərini bölüşməsi, gündəlik həyatını məxsus olduğu birliyin üzvləri ilə paylaşması tamamilə doğru düşünülmüş məsələdir.

Zamanla xalq arasında evlə-dörd divarla bağlı deyimlər də formalaşıb. Bir söz-söhbət olanda ata-babalarımız ailəyə onu dörd divar arasında həll etməsini tövsiyə edib. Sözün evdən bayıra çıxmamasını məsləhət biliblər. Ana-nənələrimiz qızlarını ər evinə yola salanda da ona səsinin dörd divardan bayıra çıxmamasını tapşırıblar.

Beləliklə ev nədir? Ev pərdədir. Bizim xüsusi həyatımızla ümumi həyat arasına çəkilən pərdə. O pərdə rahatlığımız, sərbəstliyimiz, müstəqil yaşamağımızla yanaşı, həm də eyib-qüsurlarımızı arxasında saxlaya biləcəyimiz ən etibarlı yerdir.

Bütün bunları səhər işə gələrkən metroda qarşılaşdığım bir ailənin timsalında bir daha yada saldım. Ailə üzvləri olan gənc qadın və kişinin metroda sərnişin qatarının gurultusunu batıran səsləri fonunda düşündüm ki, İlahi, görəsən dörd divar nə üçün imiş? Yolboyu düz iş yerinədək dörd divar haqqında deyilənləri də öz-özümə xatırladım. Əgər elə küçədə savaş elan edəcəkdiksə, dörd divara nə ehtiyac vardı? Hər kəs bir çadir qurub yaşayardı da küçənin ortasında.

Deməli, ər-arvad bir stansiya boyu deyişdilər. Həm də o qədər ucadan deyişirdilər ki, qatardakı hər kəs dönüb onlara baxırdı. Aralarında oturan 5-6 yaşlı qız övladları isə deyişən valideynlərinə tərəf baxır, onların nə üçün dalaşdığının, çığırdığının səbəbini bilməyə çalışırdı.

Qatardakı hər kəs həm də bu səs fonunda bir-birinə baxırdı. Bütün nəzərlərdən də eyni sual yağırdı: bunlar görəsən problemlərini evlərində-dörd divarları arasında nə üçün həll etməyib, bayıra çıxarıblar.

Əslində bizə belə bir tərbiyə də veriblər ki, uşağın yanında əsla dalaşmaq, səsi yüksəltmək olmaz. Lakin görünür, bu ər-arvad ya həmin məsləhətləri eşitməyib, tərbiyəni almayıb, ya da bir qulağından alıb, o biri qulağından ötürüb havaya. Nəticə isə göz önündədir.

Nə isə, qatar dayandı, lakin deyişmə sona çatmadı. Yaranan sakitlik də bu qadınla kişiyə təsir etmədi. Elə deyişə-deyişə də metro stansiyasını tərk etdilər. Yanlarındakı uşaq isə hələ də təşviş içərisində o tərəf-bu tərəfə dönməkdə idi. Aqressiv valideynlər özlərindən asılı olmayaraq uşağın əlindən elə möhkəm yapışmışdılar və elə sürətlə yeriyirdilər ki, uşağın ayaqlarının yerdən üzüldüyü hiss olunurdu.

Söz sözü gətirər, deyərlər. Bir də görürsən ki, küçədə cavan qadın və kişi telefonla danışır. Və ətrafa əsla məhəl qoymurlar. Sanki evlərindədir. Elə ucadan danışırlar ki, adam onların əvəzinə utanır.

Bir də baxırsan ki, iki gənc oğlan dünənki futbolu müzakirə edir yolun ortasında. Səsləri də ətrafa yayılıb. Düşünürsən ki, görəsən bunlar səslərinin nə dərəcədə ucadan səslənməsinin fərqinə varırlar?

Baxırsan ki, səki ilə bir dəstə gənc qız gedir. Səsləri ətrafa yayılıb. Biri deyir, o birilər gülür. Tam sərbəst şəkildə. Sanki ətrafdakı insanlar bunlar üçün yoxdur. Belə baxırsan, deyirsən, İlahi, bizim küçə mədəniyyətimiz budurmu?

Maraqlıdır, nə üçün kiminsə səsi kimlərisə narahat etməlidir?

Həqiqətən də kaş ki, insanın özünə kənardan baxmaq kimi bacarığı olardı. Bu halda görə bilərdi ki, yüksək səslə danışmaq kənardakı insanlara necə təsir edir. Düşünürəm ki, özümüzə aid söhbətlərin başqalarını narahat etməməsi və mədəniyyətimizin nə səviyyədə olduğunu sərgiləməməsi üçün bu kimi hallara bir qədər diqqət etməliyik.

Mətanət Məmmədova

Digər xəbərlər