PDF Oxu

Sosial

  • 2 979

Milyonların sıfırı

image

Bu günlərdə istəmədən, arzulamadan, xatırlamadan, sadəcə təsadüfən bir mahnıya qulaq asmalı oldum. Adı “Çini çaydan”dır. Ritmik mahnıdır, necə deyərlər, bir qulağından eşit, o biri qulağından oyna, getsin. Lakin bu mahnının yazarı nə demək istəyib, sonadək ha qulaq verdim, anlaya bilmədim. Musiqisi də bəsit gup-gupdan başqa bir şey deyil.

Maraq məni bürüdü, dedim görüm, buna məndən başqa da bir baxan olubmu? Baxıram ki, cəmi 2 ay bundan əvvəl ortalığa çıxan mahnıya 2,9 milyon baxış olub. Məəttəl qalıram ki, bu sıfır milyonları özünə necə cəlb edib?

Qərara gəldim ki, bir şou-biznesə nəzər salım, görüm nə var, nə yox? Belə mahnılardan yenəmi var?

Qarşıma başqa bir mahnı çıxır: “Osiyoda Evropada”. 3 gün öncə ortaya çıxıb, 430 min baxış olub. Bu mahnıya iki dəfə qulaq asdım, lakin heç nə anlamadım. Yenə bayağı sözlər, bayağı musiqi, musiqi zövqünü darmadağın edən gup-gup...

Növbəti mahnı “Gəlmişəm” adlı mahnıdır. 6 ay öncə meydana çıxıb, 5,5 milyon baxışa malikdir. Sözün həqiqi mənasında, bu mahnıdan isə əsla bir şey anlaya bilmədim.

Bizim hər kəsə məlum olan, musiqi zövqümüzün tacı mahnılarımız var: “Bəri bax”, “Səkinə dayıqızı nay-nay”. İndi gəlin siz, 1 il öncə bu mahnıların bir papuridə birləşən və 2,5 milyon baxış toplayan yeni versiyasına baxın. O 2,5 milyon insan bir də dinləsin, bu dəfə elə dinləsin ki, xalq mahnılarımızın başına açılan oyunları görə, onların nə günə salındığına acıya bilsin.

Digər bir mahnı isə “Yansın-yansın” oldu. Bir il əvvəl meydana çıxan və bu günədək 15 milyon insanın baxdığı sıfırlardan biri. Burada iki gənc qızın rəqsinə də diqqətlə baxaq və onların kişi xeylağı kimi rəqs etməsini bir daha nəzərdən keçirək. Bir düşünək, görək, bizim xanım-xatın qızlarımızın nazlana-nazlana süzməsi harada qaldı? Bir nəzər salaq, düşünək, gözlərimizi dörd açıb görək, kim bu cür rəqsləri etməyə əsas verir onlara. Bu ixtiyarı kimdən alıb azərbaycanlı qadına məxsus olmayan rəqsləri nümayiş etdirib gənclərimizin tərbiyəsinə zərbə vururlar. Qadın nə vaxtdan atılıb-düşməklə rəqs edib Azərbaycanda?

Və son mahnı: “A love you” 6 ayın təsadüfi, 6,1 milyon baxışa sahib mahnısı. Sevdiyini bütün dillərdə sevmənin ifadəsi... Əttökən, bəsit, heç bir məna izhar etməyən, sadəcə o biri mahnılarda olduğu kimi gup-gupdan, bayağı rəqslərdən, atılıb-düşməkdən ibarət mahnı...

Elə bunu da dinləyəndən sonra əsəblərim necə pozuldusa, davam edə bilmədim. Dərin düşüncələrə qərq oldum. Gözlərim önünə xanım-xatın qadın və səsi ilə geyim-keçimi bir harmoniya təşkil edən kişi müğənnilərimiz gəldi. Onların bir-birindən gözəl mahnıları, ifaları nəzərimdə canlandı. Canlandıqca da yuxarıda sadaladığım mahnıları bir küncə sıxışdırdı. Bayağı rəqslər, geyimlər, artıq-əskik əl-qol hərəkətləri, bir də sözün bitiyi yerdə yazılan mahnı sözləri, musiqi anlayışından əsla xəbəri olmayan bəstələr necə olub ki, milyonlarla insanın diqqətini cəlb edib.

Təəssüf doğuracaq daha bir məsələ var ki, bu gün nişan və toy mərasimlərimizdə insanların əksəriyyəti məhz bu mahnıları rəqs edir.

Və nəticə. Nəticə ondan ibarətdir ki, bu xalqın başına nə gəlirsə, onun səbəbkarı bizik. Çünki biz nəyə isə yol açmasaq, o, heç vaxt bizə yaxın gələ, başımıza dırmaşa bilməz.

Elə bu mahnılar da onlar kimi. Sıfır səviyyəsində olan mahnı necə milyonların sevimlisinə çevrilə bilir, bax, bu günahımızı gözdən keçirməyin vaxtı çoxdan gəlib çatıb, lakin təəssüflər olsun ki, biz qəflət yuxusundan doya bilmirik.

Mətanət Məmmədova

Digər xəbərlər