Azərbaycan milli folklorunda xüsusi yeri olan rəqs bədii obrazın ritmik plastik hərəkətlərinin və insan bədəninin ifadəli vəziyyətlərinin dəyişilməsi ilə yaranan incəsənət növüdür. Azərbaycan xalq rəqslərinin çox qədim tarixi var. Bunu bilməyən yoxdur.
Milli rəqslərimiz hər zaman xalqımıza baş ucalığı gətirib. Onlar xalqın milli xüsusiyyət və xarakterini ifadə edib hər zaman. Rəqslərimiz kişilərin igidliyindən, cəsurluğundan, qorxmazlığından, vətənpərvərliyindən, qadınların xanım-xatınlığından söhbət açıb. Bu rəqslərdəki hərəkətlər sanki zərrəbinlə hesablanıb. Kişilər üçün ayrı, qadınlar üçün ayrıca, yerli-yerində öz əksini tapıb. Milli rəqslərimizə tamasa edərkən sanki bir filmə baxırsan, onun bir başlanğıcı və sonu var. Rəqslərimiz məna, çağırış ifadə edir. Azərbaycan xalqının kişi və qadınlarına məxsusluğu ortaya qoyur.
Bəs bu gün necə, rəqs məşğələlərində övladlarımıza hansı rəqslər öyrədilir. Bunun fərqinə varan varmı? Yoxsa müasirlik pərdəsini gözümüz önünə çəkib baş verənlərə göz yummağı qarşımıza məqsəd qoymuşuq? Bu barədə danışaq.
Görünəndən söhbət açaq
Bu gün sosial şəbəkələrdə, xüsusilə Tiktokda qarşımıza çıxan rəqs videoları bizi düşünməyə vadar edir. Bəziləri üçün “nə gözəl rəqs edir”, “maşallah” ifadələri ilə qarşılanan, bəziləri üçün “gör övladım necə gözəl öyrənib” kimi “qürur” yaradan hisslərə bir də milli rəqslərimizin fonunda nəzər salaq. Bu rəqslərdə Azərbaycan qadınına məxsusluqla hazırkı rəqs məşğələlərində öyrədilənləri qarşı-qarşıya qoyaq. Fərqə nəzər salaq. Və bir qədər düşünməyə çalışaq. Görək, milli rəqslərimizdən onlarda əsər-əlamət varmı? Yaxşı bunu qoyaq kənara. O mənada qoyaq ki, bəzi valideynlər deyə bilər ki, biz uşağımızı milli rəqs öyrənməyə göndərmirik ki, sadəcə rəqsi öyrənməyə göndəririk.
Elə əsas məsələ də bu zaman ortaya çıxır. Uşaqlara necə rəqslər öyrədilir, bu rəqslərdəki hərəkətləri görürsünüzmü? Baxmaq kifayət deyil, görürsünüzmü? Onlara necə rəqs öyrədildiyinin fərqindəsinizmi?
Çox təəssüf hissi ilə qeyd edim ki, artıq bu rəqsləri öyrənən yeniyetmə-gənc oğlan və qızların bəzi kliplərə də çəkildiyini görmüşük. Oğlan başlayır, öz yerini qıza verir və rəqs eyni hərəkətlərlə davam olunur. Adam baxdıqca ürəyi ikrah hissi ilə döyünür. Nə üçün döyünür? Çünki qarşımızda bizim mentalitetlə, dəyərlərlə əlaqəsi olmayan səhnə görürük. Xanım-xatınlıqdan əsər-əlaməti olmayan qadın rəqsi görürük. Kişiliyə yaraşmayan, əzilib-büzülən, ilan kimi qıvrılıb-açılan, kişidən çox qadını ifadə edən rəqsləri görürük. Sanki qadınlar kişilərşir, kişilər isə qadınlaşır. Bax, budur müasir rəqslərimizdəki “kolorit”.
Valideynlər hara baxır?
Rəqs gözəl, həm də əyləndirici, eyni zamanda sağlamlığa da xidmət edən bir sənət növüdür. Uşaqları kiçik yaşından rəqsə yazdırmada, əlbəttə, fayda var. Həm xüsusi istedadın ortaya çıxması, həm məşğuliyyət, əyləncə baxımından bu, gözəl bir seçimdir. Lakin uşağın əlindən tutub hər hansı rəqs müəlliminin yanına aparmaq, onun gələcək taleyini tanımadığımız bir nəfərə tapşırmaq nə dərəcədə doğrudur, bu barədə düşünürükmü? Araşdırırıqmı ki, bu rəqs müəllimi bizim uşağımıza nə öyrədəcək?
Görünən odur ki, bu barədə düşünən çox az valideyn var. Belə olmasa idi, Tiktokda, İntaqramda dəqiqə başı oğlanlaşan qızlarla, qızlasan oğlanlarla qarşılaşmazdıq. Bu uşaqların müəllimlərinin kənardan dayanıb fərəhlə gülməsinin, utanmazcasına əl çalmasının şahidi olmazdıq.
Görəsən bu müəllim uşağa nə öryətdiyinin fərqinə varırmı? Nəyə gülür, nə üçün qoltuqlarına qarpız yerləşir? Nə öyrətdiyi üçün?
Bəlkə də yanılıram, bu, elə valideynlərin seçimidir? Belə isə əsla düzgün seçim deyil. Bu gün baxmaqla doymadığınız, qızınızın oğlan hərəkətlənin ifadəsi ilə etdiyi rəqs sabah onun özünün də, sizin də utanmağınızla nəticələnəcək. Hələ bəlkə də uşaqlarınız böyüyəndə sizi məhkəməyə verəcək ki, nə üçün mənə bu rəqslərin öyrədilməsinə icazə vermişiniz. Hələ bir üstəlik də böyük bir uğur kimi çəkib sosial şəbəkələrdə də paylaşırsınız.
Axı bu qızlar gələcəkdə sevib-seviləcək, ailə quracaq, ana olacaq. Bu rəqslərin onların gələcəyinə yamaq olmasından da çəkinmirsiniz? Yoxsa heç bu barədə düşünən yoxdur...
Diqqət edilməli məsələlər var
Övladımızın gələcəyi üçün hər addımına, hətta belə məşğələlərdə ona nələrin öyrədilməsinə diqqət yetirməliyik. Bu gün uşaqlarımıza öyrədilən rəqslər tək bayağı musiqilərlə atılıb-düşməklə bitmir. Bəzi rəqs müəllimləri uşaqlara öyrətdiyi rəqslərdə başqa nüanslar da var. Oğlan və qızların bir-birinə daha çox yaxın olması, kişiyə xas olmayan hərəkətlərin oğlan uşaqlarına, qadına xas olmayan hərəkətlərin qızlara öyrədilməsi, onların qeyri-adi hərəkətləri sabah bizim övladlarımızın probleminə çevrilə bilər.
Bütün bu səbəblərdən də valideyn rəqs dərnəyinə övladını yazdırandan sonra dərs prosesini hər an diqqətlə izləməlidir, görsün ki, uşağı nəyi öyrədirlər. yuxarıda da vurğuladığım kimi, yox, əgər bu, valideynin seçimidirsə, onun öz istəyidirsə ki, övladı məhz belə rəqsləri öyrənsin, burada böyük yanlışlıq var. Və buna onun ixtiyarı yoxdur. Çünki uşaq anadan olan andan etibarən şəxsiyyətdir və onun dünyanı dərk etməməsindən istifadə etmək olmaz. O, özünü dərk edən zaman bunun üçün bizi ittiham edə bilər. Odur ki, uşaqlarımızı öz istəklərimizin qulu etməyək. Onlara rəhm edək. Hər kəsin tamaşa etməsinə, bəzi hallarda ona baxmaqla xoşhal olmasına yol verməyək.
Uşaqlara öyrədilən ekzotik rəqslər bizim deyil. Məhz buna görə də uşaqlar böyüdükcə bu rəqslər onlara başqa münasibətləri ehtiva edəcək. Bu gün hind, arabesk və milli rəqs kimi qəbul etdiyiniz, lakin ondan əlaməti olmayan rəqs dərnəklərinə göndərdiyiniz uşaqlar sabah bizi bu yanlışa görə ittiham edəcək. Bu gün uşaqlara nə kimi rəqslərin öyrədilməsinə əsla məhəl qoymadan onları göndərdiyimiz məşğələlər sabah onun da, bəlkə özünüzün də utanmağına səbəb olacaq.
Gözlərimizi açıb övladlarımızın rəqsinə yaxşı-yaxşı baxaq
Belə etsək, inanın ki, gülmərik, ağlayarıq. Sosial şəbəkələrdə paylaşdığınız videolara verilən rəyləri oxuyun, bunları da görmürsünüz? Oxuyun və görün ki, insanlar sizin övladlarınız üçün nə qədər narahatdır. Sizə düzgün seçim etməyi, uşaqlarınıza yazığınız gəlməsini tövsiyə edirlər. Lakin sizlər nə bunu görür, nə də məna verirsiniz.
Qızlarımızın bu gün göbəyi açıq rəqs etməsinə, oğlanların darlıqdan hər an partlayac olan şalvarda qadın kimi rəqsinə, müxtəlif erotik hərəkətlərlə rəqs etməsinə yaxşı-yaxşı baxın. Özünə “like” toplamaq üçün onları küçənin ortasında oynadıb, videolarını paylaşan “müəllimlərinin” əməlinə baxın. Və sosial şəbəkələrdə milyonlarla insanın qarşısına çıxan övladlarınızın rəqsləri fonunda onların gələcəyinə nəzər salın.
Düşünürəm ki, bu barədə fikirləşmək heç də gec deyil. Gələcəkdə ağlayıb-sızlamamaq üçün bu gün gülməyin yeri yoxdur.
Uşaqlara diqqət edək, bu gün istənilən boşluq sabah bizlərin çəkəcəyi əziyyət olacaq. Özlərinin əziyyətinə isə söz ola bilməz. Belə isə uşaqları öz istəyimizin, düşüncəmizin qurbanı etməyək. Qoy onlar kişiliyi-ərlik-ərənliyi, qadınlığı-xanım-xatınlığı, nazı özündə ehtiva edən Azərbaycan milli rəqslərini öyrənsinlər. İnanın, bu, həm sizə, həm övladınıza, həm də sabahımıza baş ucalığı gətirər.
Mətanət Məmmədova