3 noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş təntənəli yığıncaq keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edərək geniş məzmunlu çıxış edib. Prezidentin nitqi təkcə yubiley münasibətilə deyil, həm də ölkəmizdə elmin inkişafına göstərilən dövlət qayğısının, bu sahəyə olan strateji baxışın təcəssümü kimi xüsusi əhəmiyyət kəsb edir.
Prezident İlham Əliyev çıxışına bütün alimləri və Akademiya kollektivini 80 illik yubiley münasibətilə təbrik etməklə başlayıb. Dövlət başçısı qeyd edib ki, ötən 80 il ərzində AMEA Azərbaycanın elmi, mədəni və intellektual həyatında mühüm rol oynayıb, milli elmin inkişafında əvəzsiz xidmətlər göstərib. “Akademiya xalqımızın elmi potensialının formalaşmasında, yeni nəslin yetişməsində, ölkənin intellektual və mənəvi dəyərlərinin qorunmasında böyük rol oynamışdır”, – deyə Prezident vurğulayıb.
Ölkə başçısı çıxışında Azərbaycan elminin müxtəlif mərhələlərdən keçərək bu günə gəlib çıxdığını qeyd edib. O, tarixə nəzər salaraq bildirib ki, sovet dövründən etibarən elmin inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən biri olub. Xüsusilə 1970-ci illərdə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda elmin sistemli şəkildə inkişafına təkan verilib, yeni elmi-tədqiqat institutları yaradılıb, elm adamlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün mühüm addımlar atılıb.
Prezident İlham Əliyev bu siyasətin bu gün də uğurla davam etdirildiyini vurğulayıb. O qeyd edib ki, müasir dövrdə Azərbaycan elmi qarşısında duran əsas vəzifə elmi nailiyyətlərin praktiki tətbiqinə nail olmaq, elmin dövlətin iqtisadi və texnoloji inkişafına real töhfə verməsini təmin etməkdir. “Biz elmi yalnız nəzəri sahə kimi deyil, həm də ölkənin gələcək inkişafının mühüm dayağı kimi görürük”, – deyə dövlət başçısı bildirib.
Dövlətin elmə qayğısı bu gün konkret işlərdə öz əksini tapır. Prezident çıxışında elmin maddi-texniki bazasının gücləndirilməsi, AMEA-nın binalarının yenidən qurulması, elmi müəssisələrin müasir avadanlıqlarla təchiz olunması istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. O, həmçinin qeyd edib ki, gənc alimlərin xarici ölkələrdə təhsil alması, beynəlxalq elmi layihələrdə iştirak etməsi üçün dövlət tərəfindən geniş imkanlar yaradılıb. Bu, Azərbaycan elminin dünya elmi məkanına inteqrasiyasını sürətləndirən vacib amildir.
Prezident İlham Əliyev çıxışında XXI əsrdə texnologiya və innovasiyanın dövlət siyasətinin mərkəzində dayandığını, bu istiqamətdə elmi potensialın artırılmasının zəruriliyini vurğulayıb. O, alimlər qarşısında yeni çağırışlar qoyaraq qeyd edib ki, süni intellekt, kosmos texnologiyaları, enerji səmərəliliyi, ekologiya və biotexnologiya kimi istiqamətlərdə elmi tədqiqatların genişləndirilməsi ölkənin gələcək inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.
Prezident çıxışının sonunda elmin cəmiyyətin inkişafında əvəzolunmaz rolunu bir daha diqqətə çatdırıb. O, bildirib ki, elmi tərəqqi olmadan ölkənin davamlı inkişafını təmin etmək mümkün deyil. “Elm, təhsil və texnologiyanın vəhdəti Azərbaycanın gələcəyinin əsasını təşkil edir”, – deyə dövlət başçısı qeyd edib.
Tədbirin sonunda Prezident İlham Əliyev Akademiyanın 80 illiyi münasibətilə Azərbaycan alimlərini bir daha təbrik edib, onlara yeni uğurlar arzulayıb. Dövlət başçısı, həmçinin qarşıdan gələn “Zəfər Günü” və “Bayraq Günü” münasibətilə bütün xalqı təbrik edərək, bu günlərin həm milli qürur, həm də birlik rəmzi olduğunu bildirib.
AMEA-nın yubileyi təkcə elmi ictimaiyyət üçün deyil, bütövlükdə Azərbaycan üçün mühüm hadisədir. Bu yubiley, eyni zamanda, ölkəmizin elmə verdiyi dəyərin, dövlət və alim münasibətlərinin yüksək səviyyəsinin göstəricisidir. Prezidentin çıxışı bir daha təsdiqlədi ki, elm Azərbaycanın müasir dövlət siyasətinin əsas prioritetlərindən biridir və bu sahədə atılan hər bir addım ölkənin intellektual və texnoloji gələcəyinə xidmət edir.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri