Son dövrlərdə biabırçı hala gəlmiş yas mərasimlərinin və dəfn qaydalarının normal hala gətirilməsi ilə müxtəlif səviyyələrdə cəhdlər olsa da, bu iş bir iki xırda məqamları nəzərə almasaq heç bir effekt verməyib. Tarix və təcrübə açıq şəkildə göstərrir ki, bizim cəmiyyətdə maarifləndirmə yolu ilə heç vaxt heç nəyə nail olmaq mümkün olmayıb. Nəticədə toy mərasimləri kimi, yas mərasimləri də biabırçı hala gəlib. Beləliklə, aydın olur ki, artıq bu istiqamətdə xüsusi qanun qəbul edilməli, müvafiq dövlət orqanları tərəfindən ciddi inzibati işlər həyata keçirilməlidir:
Azərbaycandakı yas mərasimləri elə bir biabırçılıqdır ki, bunun dünyada analoqu yoxdur. Yəni, belə bir dəhşətli mərasimin, belə bir israfçılığın, yemək-içmək məclisinin heç bir dini, mənəvi əsası yoxdur. Ümumiyyətlə, dini olaraq, bu tamamilə günahdır, dinə ziddir və qadağandır. Necə deyərlər, bu insanların bir-birinə qarşı apardıqları bir social-mənəvi terrordur. Bu ənənələri, belə qaydaları kim qoyub, nə vaxt qoyub bilinmir. Niyə cəmiyyət bunun qarşısını ala bilmir, bilinmir.
20-30 ildir bu sahədə maarifləndirmə aparılır. Biz də danışırıq, fikrimizi deyirik, dünya ölkələrinin təcrübəsini nümunə göstəririk, bunun yaratdığı sosial faciələri açıqlayırıq, problemləri söyləyirik. Hamı sözdə bunları qəbul edir, lakin əməli işə gələndə heç kim uzun müddət formalaşdırılmış zərərli adətlərin əksinə gedib normal məclis keçirmir. Təsəvvür edin ki, rəhmətə gedən adamın dərdi qalıb bir qıraqda, düşüb küçələrə ət, göyərti, kartof daşıyıb gətirməyə ki, məclisdə kimlərsə qarınlarını dolduracaq. Əgər yoxsul ailədirsə, çox ağır vəziyyətə düşür. Sələmə, borca, kreditə girir və sonda da borclu qalır.
Bu, artıq yas məclisi deyil, yemək məclisidir. Sanki insanlar, yas mərasiminə yox, ziyafət, yemək-içmək məclisinə yığışırlar. Bununla belə, məcburi vəziyyətlər də var. İndi yas məclisləri üçün mərasim evlərində xüsusi menyular tərtib olunur ki, minimum menyu budur. Misal üçün, menyuda mütləq şəkildə 15-16 cür şey olmalıdır, yoxsa bu yas mərasimi sayılmır. Lakin sadə evlərdə, mağarlarda keçirilən mərasimlərdə də müxtəlif yeməklər, içkilər, şirniyyatlar, ekzotik meyvələr verilir ki, toydan fərqlənməsi üçün süfrədə yalnız spirtli içki çatışmır.
Bu məsələ dəfələrlə deyilib, ziyalılar da danışıb, dövlət də müəyyən metodlarla tənzimləmək üçün bir qədər çalışıb, lakin heç cür əmələ gəlmədi. Biz bu sahədə düzəlmirik. Düzdür, bu məsələnin inzibati həll yolu çətindir. Bu elə bir məsələdir ki, bunu qanuna salmaq olmur, hər hansı bir inzibati metoddan məcbur istifadə etmək olmur. Amma bilirik ki, bəzi ölkələrdə bunu ediblər, müəyyən vaxtlarda xəbəri də yayılır. Bəzi ölkələrdə- Orta Asiya respublikalarında, digərlərində dövlət belə bir konkret normalar qoyub ki, bundan o yana olmaz. Belə çıxır ki, bizdə də artıq başqa yol yoxdur. Artıq dövlət sırf inzibati qaydada müdaxilə eləməlidir. Çünki camaatımız sanki yığılıb rəhmətə gedəni olan ailəni çökdürmək üçün əlindən gələn hər şeyi edir. Dəfn xərcləri çox yüksəkdir, qəbir yeri, məzar daşı bahadır, 1,3,7, 40 məclisləri və s. xərcləri də ailəni ağır vəziyyətə salır. Məsələn, yaxın qohumlar da 5 dəfə məclisə gəlir, yemək yeyir, yalnız bir dəfə 5-10 manat pul yazdırır. Xeyir vermək əvəzinə zərər vururlar.
Ümumiyyətlə, bizdə verilən ehsanlar ehsan deyil. Çünki ehsan sözünün mənası çox açıq və konkretdir. Ehsan pulsuz, təmənnasız verilən şeyə, görülən işə deyilir. Bizim yas məclislərinin 99 faizində isə insanlar yemək yeyib pul yazılır. Nə məcburdur ki, yemək verəsən, camaat da pul yazıla? Sanki bura kafedir, yemək yeyib, hesab ödəyirsən. Bu tamamilə biabırçılıqdır. Bunun heç bir nə dini, nə mənəvi, nə sosial, məntiqi əsası var. Bunun heç bir əsası yoxdur. Adi çay da vermək olar, su da vermək olar ehsan olaraq. İmkanı olan isə ehsan olaraq xeyriyyə işləri görə bilər.
Ümumiyyətlə, Azərbaycan xalqının keçirdiyi yas və dəfn mərasimlərinin İslama, Qurana, müsəlmanlığa zərrə qədər də aidiyyatı yoxdur. Yəni, orda elə bir element, elə bir şey yoxdur ki, dinə, Quranda göstərilənlərə aidiyyatı olsun, tam əksinədir. Tam dinsizlik, dinə zidd getmək, mənəvi dəyərlərə tüpürmək, sosial problem yaratmaq, insanları xərcə salmaq, borca salmaq, başını ağrıtmaq, yormaq və s. Məqsəd və mahiyyət ancaq budur.
Dediyim kimi, bunun qarşısını maarifləndirmə ilə almaq mümkün deyil. Dəfələrlə cəhdlər olub, mətbuatda da bu məsələləri uzun müddət aparmışıq. Qafqaz Müsəlmanları İdarəsi də cəhd eləyib, müəyyən ziyalılar, ağsaqqallar dəfələrlə bu barədə çıxışlar edib, amma heç bir təsiri olmayıb. Əksinə, getdikcə vəziyyət pisləşir. Düzdür, tək-tük yerlərdə, Azərbaycanın bəzi yerlərində bu məsələlər bir az tənzimlənib, çox sadə ehsan məclisi verilir. Amma ümumən ölkənin 99%-də vəziyyət biabırçıdır. Mən elə hesab edirəm ki, artıq bu məsələnin başqa həll yolu qalmayıb. Bununla bağlı xüsusi qərar verilməlidir, ya qanun qəbul edilməlidir.
Yas məclislərinin, dəfn mərasimlərinin təşkili ilə bağlı müəyyən tələblər, normalar olmalıdır ki, sırf bu formada olsun, insanları bu normalara məcbur etmək lazımdır, başqa heç bir yolu yoxdur. Yəni bu, artıq aztəminatlı əhalinin faciəsi deməkdir. Əgər insanın ailəsində bir nəfər rəhmətə gedirsə, o, mənəvi faciədən əlavə bir də sosial, iqtisadi fəlakətə düçar olur. Belə biabırçılıqların olduğu xəstə cəmiyyətlərdə radikal yoldan başqa həll yolu yoxdur. Bunun mexanizmini hüquqşünaslar, sosioloqlar, din xadimləri hazırlamalıdır. Bəziləri üçün bu insan hüquqlarına zidd kimi görünə bilər, amma belə insan hüquqları olmur, bu biabırçılıqdır. Ona görə, bir formada bununla bağlı dövlət səviyyəsində çox ciddi, sərt nəzarət, sərt qaydalar, normalar qoyulmalıdır və hamı buna riayət etməlidir.
Bu məsələ təkcə yas məclisləri ilə bağlı deyil, eyni zamanda dəfn mərasimlərinin digər tərəfləri də var. Misal üçün, qəbir daşlarının dəbdəbəli qoyulması. Dəbdəbəli qəbir daşlarının qoyulması rəsmi şəkildə qadağan olunmalıdır. Bir forma müəyyənləşdirilməlidir, çox sadə bir daş. Bilirsiniz, dünyanın nümunəvi ölkələrində necədir. Çox sadə bir formada, standart qəbir daşı qoyulur. Biz elə bir millətik ki, öləndən sonra da insanlar arasında ayrı-seçkilik qoyuruq. Kimsə on-əlli minlik bahalı mərmərlər, kimsə yanında sadə, ucuz daş. Yəni, öləndən sonra qəbiristanlıqda da insanları puluna, varına görə seçirik və belə bir vəziyyət mənəvi deqradasiyadır. Bu, artıq dinə də, mənəvi dəyərlərə də, sosial münasibətlərə də tüpürməkdir. Bundan o yana heç nə yoxdur.
Bunların dövlət bütün tərəflərini, xüsusi tənzimləmə, qanun formasında, bir qərar formasında tənzimləməlidir. Bütün dəfn mərasimi normalar əsasında müəyyənləşdirilməlidir. Hardan-hara, nədən-nəyə, çox sadə, minimum şəkildə hamıya aid, istər milyoner olsun, istər sadə, yoxsul insan olsun, heç bir fərq qoymadan standart yanaşılmalıdır.
Eyni zamanda, bu mərasim evləri ilə bağlı da bir tədbir görülməlidir. Mərasim evləri minimumlar müəyyənləşdirib ki, bu menyudan aşağı məclis təşkil etmək olmaz. Məsələn, tutaq ki, mən mərasimdə ehsan olaraq sadə çay, halva vermək istəyirəm. Dində deyilir ki, pulsuz, təmənnasız verilən hər hansı bir şey ehsan sayıla bilər. Amma mərasim evləri insanları məcbur edir ki, stolun üzərində minimum 15-16 cür nemətlər olmalıdır, menyuda bundan aşağı olmaz. Bax, bu tələb biabırçılıqdır və bunun da qarşısı alınmalıdır.
Xüsusi bir qanun formasında, təlimatla və başqa nə formadasa bilmirəm, kompleks şəkildə bütün detallar müəyyənləşdirilməli və Azərbaycanda tətbiq olunmalıdır. Hamıya, bütün vətəndaşlara standart, eyni tipdə yanaşma olmalıdır. Bu dünyada, həyatda sosial bərabərlik yarada bilmiriksə, insanlar öləndən sonra onun dəfn mərasimində, qəbir daşında bu ayrı-seçkiliyi etməmək lazımdır. Normal insani cəmiyyətin tələbi budur, hazırkı vəziyyət deyil.
Elçin Bayramlı