Piknik mövsümü gəldiyi üçün elə piknikdən danışmağın da vaxtının çatdığını düşünüb bu barədə bir qədər söhbət açmağın yerinə düşdüyünü zənn etdim. Piknik nədir? Əvvəllər lüğətimizdə olmayıb sonradan xeyli söz kimi özünü dilimizə daxil edib piknik. Pikniki lüğətimizə daxil edənlər onun qrup şəklində istirahət mənasında olduğunu qeyd ediblər.
Lakin təəssüf ki, piknik deyiləndə bizdə gözlər önünə gələn ilk görüntü zibillik olur. Yəni insanlar düşünürlər ki, mən gedirəm piknikə, yəni ki, abad bir yeri bərbad etməyə. Yəni ki, təmiz bir yeri zibilləməyə. Yəni ki, gedib yeyib-içib, tullantıları da elə oraya dağıdıb gəlməyə. İnanırsınız, inanın, inanmırsınız da, bu, sizin öz işinizdir, piknik bizdə zibilləmək deməkdir.
Yaxşı, bəlkə də qalxıb mənim dediklərimlə razılaşmayanlar olacaq. Olsun, nə deyirəm ki... Razılaşmamaq olar, lakin dediyin sözü sübut etməlisən. Bunun üçün də indi ki, piknik sezonu başlayıb, çıxsın gəzməli-görməli yerlərə, parklara, meşələrə, harada bir qrup adamın yığışdığını, əyləşdiyini görsəniz, bilin ki, onlar piknikdədirlər. Bir qədər əziyyət çəkin, gözləyin, onlar qalxıb gedəcəklər. Burada gördüklərinizdən sonra mənimlə razılaşacaqsınız ki, bizdə piknik zibillik deməkdir. Pikniklə bağlı yaranan söz, söz birləşmələri və cümlələr:
-Piknik-zibil
-Piknikə gedirəm-zibilləməyə gedirəm
-Piknikdən gəlirəm-abad yeri bərbad etməkdən gəlirəm
-Gözəl piknik etdik-ətrafı yaxşıca zibillədik
-Bu həftə piknikə getməyək?-bu həftə yaşıllıqları zibilləməyək
Bax, dilimizə daxil olan bu sözdən qaynaqlanan arzu və istəklər yalnız yuxarıdakıları ifadə edir.
Yaxşı piknik etməyi qoyaq bir kənara. Molla əminin ruhunu çağırıb onunla bir qədər söhbətləşdim. Dedim, ay Molla əmi, dilimizi yaman günə qoyublar, gəl, gör. Gündə bir sözü lüğətə daxil edirlər. Molla əmi nə desə yaxşıdır?
- Əlbəttə, səninlə razıyam. Çünki mən bu insanları yaxşı tanıyıram. Bunlar biz zaman küftəyə “qofta” deyən abrazovannılardır da. İndi də istirahətə piknik deyirlər. Ay bala, sən bizim yanımızda uşaqsan. Biz bu insanlara illərlə dedik-dedik, bir qulaqlarından alıb o birindən ötürdülər havaya. İndi sən nəyi qoyub, nəyi danışırsan? Bilirəm, yaxşı bilirəm ki, bunlar düzələn deyil. Ona görə də barı siz dayanıb-durmayın. Bir ucdan yazın ki, bəlkə arada bir nəfərin qulağının açıq vaxtına düşər, eşidər və o birilərə də deyər...
Yaxşı, piknikə “istirahət” demirik, heç olmasa istirahət etdiyimiz yerləri bərbad etməyək...
Mətanət Məmmədova