PDF Oxu

Sosial

  • 599

Hər yerdə yandırma!

image

Tütün çəkənlərin sayının artım dinamikası narahatlıq doğurur. Bununla yanaşı, ictimai yerlərdə siqaret çəkildikdə ətrafdakılar özgəsinin siqaret tüstüsünü udmaqla passiv siqaret çəkməyə məruz qalırlar.

Çox təəssüf ki, siqaret çəkməyənlər siqaret çəkənlərin qurbanı olurlar. Onların tüstüsündə boğulub zəhərlənirlər. Belə ki, Azərbaycanda siqaret çəkməyənlərin 29% evdə, 41% isə qapalı ictimai yerlərdə tütünün təsirinə məruz qalır:

Böyüklər arasında passiv tütünçəkmə göstəriciləri son illər azaldığına baxmayaraq, hələ də yüksək olaraq qalır. Araşdırmalara görə kişilərin 28% iş yerlərində, qadınların 23% evdə tütün tüstünün təsirinə məruz qalır.

Bəzən siqareti tərgitmək istəyən insanlara da rast gəlirik. Onlar elektron siqaretə keçməklə siqareti tərgidəcəklərini zənn edirlər. Lakin mütəxəssis həkimlər deyir ki, elektron siqaretdən istifadə etmək ən azı adi siqaret qədər təhlükəlidir. Siqaretin insan orqanizmi üçün ən təhlükəli tərəfi onun tərkibindəki qətrandır. Həkimlər də ən əsas buna görə insanlara siqaretdən imtina etməni məsləhət görür. Nikotin aludəçiləri isə çıxış yolunu elektron siqaretdə görür. Amma yanılırlar, siqaretin tərkibində olanlar demək olar ki, elektron siqaretdə də mövcuddur və bu, insan sağlamlığı üçün birbaşa təhlükədir.

Bu məsələlərin ciddiliyi nəzərə alınaraq ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun da qüvvəyə minib. Qanunu pozanların 30 manatdan 1000 manata qədər cərimə olunması müəyyənləşdirilib. Qanuna əsasən, tütün məmulatlarından (siqaret), sulu qəlyan və elektron siqaretdən istifadə müəyyən yerlərdə qadağan olunub. Hələ də aramızda bu qanuna zidd gedən insanlar var ki, onlarla hər kəs qarşılaşır.

Siqaretini harada gəldi yandıranların sayı-hesabı yoxdur. Küçədə, dayanacaqda, ictimai nəqliyyatda, mağazada, iş yerində-utanmadan, çəkinmədən hər yerdə. Mədəniyyətsizcəsinə, qadın-kişi, uşaq, xəstə, qoca-cavan tanımadan, məhəl qoymadan siqaretə od vuranlar var.

Çox təəssüf, onlar arasında sürücülər də var ki, bəzən taksidə utanmazcasına səndən “siqaret çəkə bilərəmmi?”,- deyə soruşurlar...

Görəsən bu siqaret nə qədər vacib tələbatdır ki, 10 dəqiqəlik yolda sürücü onsuz narahat olur. Bilə-bilə ki, olmaz, utanmadan icazə də istəyir. Çəkir və maşının pəncərəsindən guya tüstünü bayıra ötürür. Lakin təəssüf ki, o tüstü içəridə əyləşən sərnişinin sürətlə bütün bədəninə yayılır.

Və olsun iş yeri, burada siqaret çəkən insanlar var. Ətrafı zəhərləyən, öz tamahının tüstüsünə bürüyənlər var. Sanki elə belə də olmalı imiş kimi düşüncəsi ilə iş yoldaşlarını narahat edənlər var.

Dayanacaqda dayanırsan, yanındakının siqaretinin tüstüsü az qalır səni boğsun. Lakin özünü elə aparır ki, elə belə də olmalıdır, pis təsir edir, çəkil o yana...

Nə qədər ki, hələ də qanundan xəbərsiz insanlar var, onlar cəmiyyət arasında özlərini lazımi səviyyədə apara bilməyəcək və bizlər də passiv siqaret çəkən olaraq qalacağıq.

Lakin hər kəs tək özünü deyil, ailəsini, iş, yol yoldaşını, qonşusunu, qohumunu, dostunu, xüsusilə də övladını düşünməlidir. Dərk etməyə çalışmalıdır ki, siqareti hər yerdə yandırmaq olmaz. Axı onu yandıranda ətrafda olanlar da yanır...

Mətanət Məmmədova

Digər xəbərlər