PDF Oxu

Sosial

  • 478

Məşq ürəyi riskə atır

image

Məşq zalında isə artıq çəki ilə mübarizə, ilk növbədə, qaçış aparatı ilə başlayır. Lakin bu, sürətli qaçış demək deyil. Məşqçi əvvəlcə isinmə hərəkətləri təyin edildiyini deyir. “Qaçış aparatında ilk 3 dəqiqə yerimək məsləhətdir. Bu, həm qan dövranını yaxşılaşdırır, həm də ürəyə güc düşmür. Sonra isə tədricən qaçış sürətini artırmaq olar. Qaçmaq kalorini daha çox yandırmağa kömək edir. İdmana yeni başlayanlar 40 dəqiqə, 1 saat məşq etməlidirlər. Sonra isə tədricən artırmaq olar”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, dos. Gülbaba Quliyev bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə isə, məşqçi 1,5 saatdan çox idman etməyi məsləhət görmür. Məşq zalında çox vaxt keçirmək sizin daha tez arıqlamağınız demək deyil. Əksinə, bu zaman ürəyinizi gücə sala bilərsiniz. Birdən-birə ağır idman hərəkətləri etmək ürəyə ziyandır: “Buna görə də interval məşqə üstünlük verilməlidir, yəni 3 dəqiqə yerimək, 2 dəqiqə qaçmaq. Bu cür intervalla 30-40 dəqiqə qaçış aparatında vaxt keçirmək olar. Çünki 40-cı dəqiqədə yağ və piy qatı əriməyə başlayır. Sonra tədricən yerimək dəqiqələrini azaldıb, qaçmaq dəqiqələrini artırmaq olar. İnterval məşqin ürəyə çox böyük xeyri var. Artıq çəkidən azad olmaq üçün interval məşq ən yaxşı vasitələrdən biridir”.

İdmana başladığınız ilk 3 ayı qaçış aparatları ilə məşq etmək lazımdır. Artıq çəkidən azad olduqdan sonra digər məşqlər və trenajor aparatlarına keçmək olar. Məşqlər tədricən olmalıdır. Bədənə birdən-birə ağır məşqlərlə güc vermək əks təsirə gətirib çıxara bilər. Səhv məşqin bədəndə olan yağ qatının əzələyə çevrilməsinə səbəb olduğu da deyilir. Bu fikrin tamamilə yanlış olduğunu vurğulayan G.Quliyev. bədəndə olan yağın heç bir halda, heç vaxt əzələyə çevrilə bilməyəcəyini deyir: “Məşqçilərin çoxu bunu deyir, amma səhvdir. Çünki əzələnin üstündə qalan yağ qaçış zamanı yanır. Sonra isə həmin əzələni üzə çıxarmaq üçün məşqlər edilir. Bu zaman bədənin relyefi arzu edilən formada olur. Hətta anatomiyada da yağın əzələyə çevrilməsi faktı müşahidə edilməyib. Pəhriz və idman yalnız bədəndə olan artıq yağı əridir, əzələyə isə heç bir təsir etmir, əksinə möhkəmlədir”.

Afət Tahirqızı

Digər xəbərlər