Mətanət Məmmədova
Bəzən anadangəlmə eşitmə qüsurlu ola bilərik, həyatın gərdişini bilmək olmur, bəzən hər hansı qəza nəticəsində bu qabiliyyətimizi itirə bilərik. Ancaq gəlin etiraf edək ki, eşitmək, duymaq üçün daha bir qulağa-qəlbimizin, könlümüzün qulağına da ehtiyacı var hər birimizin...
Onsuz da son vaxtlar aramızda bir-birini dinləyənlərin sayı sürətlə azalır. İnsanlar sanki dinləməkdən çox baxmağa maraq göstərir. Sanki dinləmək onları yorur, vaxtlarını alır. Bu səbəbdən də qulağın funksiyasını da gözlərə yükləyib yalnız baxmağı, gözün qulağı ilə dinləməyi seçirlər.
Dinləyənlər də olur arada, yox, deməyək. Lakin bizi hər dinləyən bizi anlaya bilirmi? Deməli, dinləyərkən eşitməkdən də vacib anlamaqdır. Anlamağa gəlincə isə insanlar bunun üçün ya xəsislik göstərir, ya vaxt sərf etmir, ya da könlünün qulağını qapadıb cansız hərflərdən yaranan sözləri elə cansız şəkildəcə qəbul edir, onu canlandırmaq, anlamaq istəmir, könlünün qapısından içəri girməsinə icazə vermir.
3 mart Beynəlxalq Qulaq və Eşitmə Sağlamlığının Qorunması Günüdür. Bu gün 2007-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən ictimaiyyətin diqqətini qulaq və eşitmə orqanlarının fəaliyyətindən əziyyət çəkənlərin problemlərinə yönəltmək məqsədilə təsis edilib. Həmin günün seçilməsi də məhz simvolik xarakter daşıyır: diqqət etsək, 3 rəqəminin yazılışı da insan qulağının formasına bənzəyir.
Hazırda eşitmə itkisi dünyada ən çox rast gəlinən sensor qüsur hesab olunur. ÜST-nin məlumatına görə, 2050-ci ilə qədər dünyada təxminən 2,5 milyard nəfər, yəni hər dörd nəfərdən biri müəyyən dərəcədə eşitmə itkisindən əziyyət çəkə bilər.
Bir-birini dinləmək istəməyən yüzlərlə insan, gəlin görək, dünyada bir-birinə bənzəməyən müxtəlif səsləri necə, dinləyirmi? Bəli, həm də elə dinləyir ki, bax, bu, onun yaxın gələcəkdə eşitmə qabiliyyətini itirməsi üçün real təhlükədir.
Bu gün insanların qulaqcıq vasitəsilə yüksək səslə musiqi dinləməsi, film seyr etməsi, toy mərasimlərinin gurultulu səslərinə məruz qalması, avtomobillərdən ətrafa yayılan musiqilər, hansı ki, içəridə sürücü, hətta bir neçə nəfər də olur, sanki insanın başına musiqili zərbələr endirir. Bu gün eşidirik, bəs sabah? Bu gurultu, bu dəhşət qulaqlarımızdan nələri alır, fərqinə varırıqmı?
Ümumdünya Səhiyyə Təşkilatının apardığı qiymətləndirməyə görə, dünyada 1,1 milyard gənc təhlükəli dinləmə vərdişinə görə eşitmənin itirilməsi ilə əlaqədar risk daşıyırlar. 12-35 yaşlı 43 milyondan çox insan müxtəlif səbəblərdən dinləmə təhlükəsi ilə əlaqədar əlil olmaq riski daşıyır. Ona görə də təşkilat gəncləri və onların ailələrini sonralar eşitmənin pozulmasına aparıb çıxaran güclü səs-küydən uzaq olmağa və dövlətləri həmin problemin qarşısını almaq üçün diqqətli olmağa çağırır.
Bəli, bir-birimizi bəzən dinləməyə hövsələ etmədiyimiz təqdirdə ətrafdan təqdim olunan gurultulu səsləri, musiqiləri, videoları saatlarla dinləyirik. Bir-birimizi dinləsək belə, könül qulağı kar olan insan görəsən musiqilərlə o qapını aça bilirmi? Belə isə bəlkə bir-birimizi sakitliklə dinləyək, dinlədikcə anlamağa çalışaq. Beləliklə, həm qulaqlarımızı qorumuş, həm bir-birimizə insani duyğularla yanaşmış olarıq.
Dünyada nə qədər müxtəlif səslər olsa da, onların heç biri insan səsi qədər gözəl ola bilməz. Odur ki, bir-birimizi dinləyək. Bu dinləmə o qədər gözəldir ki, birbaşa könlümüzün qulağını açıq saxlayır. Və biz məhz bu qulaqla ətrafdakı rəngarəng səsləri öz gözəlliyi qədərində anlaya və dərk edə bilirik.
Dinləməyi bacaraq!
Yeni bir araşdırma körpələrin istirahətində spesifik modelləri müəyyən edib...
Bütün digər elektrikli nəqliyyat vasitələrinin qiyməti düşməkdədir...