“İnsan beyninin ən mürəkkəb xüsusiyyətlərindən biri keçmiş hadisələr üzərində davamlı düşünmək meyilidir. Bu hal bəzən yaradıcılıq və problem həllinə kömək etsə də, bəzi hallarda ruminasiya adlanan patoloji vəziyyətə çevrilərək psixi və neyroloji sağlamlığa mənfi təsir göstərə bilər. Bəs keçmişi buraxa bilməmək zamanı beyində hansı mexanizmlər işə düşür? Keçmişlə bağlı xatirələr beyində limbik sistem, hippokamp, amigdala və prefrontal korteks arasında yaranan neyron şəbəkələrdə saxlanılır. Emosional yüklü xatirələr zamanı amigdalanın aktivliyi artdığı üçün bu cür xatirələr daha güclü və davamlı olur. Bu səbəbdən: emosional travmalar, itkilər, güclü stres faktorları keçmişdə “ilişib qalma” riskini artırır”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova bildirib.
Psixoloqun fikrincə, ruminasiya – insanın kədər, peşmanlıq, utanc, qorxu və ya narahatlıq yaradan düşüncələri təkrar-təkrar, nəzarətsiz şəkildə zehində canlandırmasıdır: “Termin adını heyvanların qidanı dəfələrlə çeynəməsindən alır və düşüncələrin “zehni olaraq yenidən çeynənməsi” mənasında işlədilir. Ruminasiya xüsusilə: depressiya, təşviş pozuntuları, travma sonrası stres pozuntusu ilə sıx əlaqəlidir. Bəs Ruminasiya nə zaman təhlükəli hesab edilir? Əgər Ruminasiya gündəlik funksionallığı pozursa, yuxu problemləri yaradırsa, depressiv əlamətləri dərinləşdirirsə, diqqət və yaddaşı zəiflədirsə, artıq bu, təhlükədən xəbər verir. Eyni zamanda, uzunmüddətli ruminasiya beyində neyroplastik dəyişikliklərə səbəb ola və mənfi düşüncə dövrlərini gücləndirə bilər. Keçmişi buraxa bilməmək, sadəcə, psixoloji zəiflik deyil, beynin müəyyən şəbəkələrinin disbalansı ilə əlaqəli mürəkkəb neyropsixoloji prosesdir. Ruminasiyanın mexanizmlərini anlamaq həm nevroloji, həm də psixi sağlamlığın qorunması baxımından böyük əhəmiyyət daşıyır”, - deyə psixoloq Yeganə Əsgərova fikrini yekunlaşdırıb.
Afət tahirqızı
Səbəb onların onurğasındadır..?