Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində təşkil olunan “Məzun günü” uzun müddət yaddaşlardan silinməz. Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşovun, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedovun, Lənkəran Dövlət Universitetinin (LDU) rektoru Natiq İbrahimovun, tələbələr və valideynlərin qatıldığı “Məzun günü”ndə əvvəlcə Vətən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla anıldı və Dövlət Himni oxundu.
Daha sonra nümayiş olunan cənab Prezident İlham Əliyevin 2026-cı ilin fevral ayında Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı ilə bağlı hazırlanan video- çarxda bildirildi ki, Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində 2026-cı ildə 27 ixtisas üzrə 492 nəfər təhsilə yiyələnir. Bunlardan 287 nəfəri, 58 % məzun qadınlardır və qadınların peşə təhsilinə cəlb edilməsi əmək bazarında bərabərliyi təmin etmək, qadınların iqtisadi müstəqilliyini artırmaq və rəqabət qabiliyyətli kadr bazası formalaşdırmaq üçün strateji əhəmiyyətə malikdir.
Tədbirdə çıxış edən Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Taleh Qaraşov müasir dövrdə ölkələrin inkişafının yalnız təbii sərvətlərlə deyil, savadlı, peşəkar və bacarıqlı insan kapitalı ilə müəyyən olunduğunu, bu baxımdan peşə təhsilinin xüsusi əhəmiyyət daşıdığını vurğuladı. Natiq onu da bildirdi ki, cari ilin fevral ayında Prezident cənab İlham Əliyev tərəfindən Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışı zamanı dövlət başçısı bu mərkəzin təkcə Lənkəran üçün deyil, bütün ölkə üzrə peşə təhsili sahəsində nümunə olacağını dedi. Buda dövlətimizin peşə təhsilinə və gənclərin gələcəyinə göstərdiyi xüsusi diqqətin ən parlaq göstəricidir.
Çıxışında son illərdə ölkəmizdə peşə təhsilinin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini dilə gətirən Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedov bu sahədə həyata keçirilən islahatları, yeni təhsil müəssisələrinin yaradılmasını və müasir infrastrukturun qurulmasını dövlətimizin gənclərin gələcəyinə verdiyi önəmin bariz nümunəsi olaraq dəyərləndirdi .
Lənkəran Dövlət Universitetinin (LDU) rektoru Natiq İbrahimov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Bəhruz Mehdiyev çıxışlarında bildirdilər ki, dövlətin həyata keçirdiyi məqsədyönlü islahatlar nəticəsində gənclərin keyfiyyətli təhsil alması, peşə bacarıqlarına yiyələnməsi, müasir əmək bazarının tələblərinə cavab verən mütəxəssis kimi yetişməsi üçün geniş imkanlar yaradılıb. Hazırda ölkəmizdə gənclərin intellektual inkişafına, vətənpərvərlik ruhunda tərbiyəsinə, sosial fəallığının artırılması, eləcə dövlət quruculuğunda iştirakına xüsusi diqqət verilir.
Şəhid Röyal İbrahimovun atası Qulam İbrahimov, şəhid Vüsal Kazımlının atası Kamran Kazımov və şəhid Elşad Zeynallının bacısı Elnarə Zeynallı çıxışlarında şəhid ailələrinin üzvləri hər zaman dövlətin qayğısını hiss etdiklərini, cəmiyyətdə onlara xüsusi hörmət və ehtiram olunduğunu dedilər, bütün bunlara görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür etdilər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Qiymətlər artıb...
Sadə gündəlik hərəkət bioloji yaşlanmanın və ümumi insan sağlamlığının göstəricisi kimi xidmət edə bilər...