Lənkəran rayonunun Nüvədi kəndində boya-başa çatan Azərbaycan ordusunun baş leytenantı Vüsal Kazımovun qanında, canında Vətənə, onun daşına, torpağına ilahi bir sevgi vardı. Məhz buna görə də, 44 günlük haqq savaşımızda Vətənin harayına birincilər sırasında yollandı, elə ilk döyüş günü yağının kabusuna çevrildi. İgid Vüsal müharibə meydanında 30 il əsir düşən müqəddəs yurd yerimiz Qarabağın azadlığı uğrunda son damla qanınadək yağıya qarşı vuruşub. Hər döyüşə qələbə inamı ilə atılan Vətən sevdalısı Füzuli əməliyyatında, Xocavənddə, Şuşada gedən ölüm-dirim savaşında öndə getməklə erməni dığalarına ağır itkilər verib. Neçə-neçə döyüşdən üzü ağ çıxan baş leytenant Şuşada düşmən gülləsinin qurbanı olub. Milyonların ürəyinə köçən, adını Azərbaycanın şanlı tarixinə yazan Vüsal Kazımov dövlət tərəfindən də 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeninə, “Vətən uğrunda”, “İgidliyə görə” və digər medallara layiq görülüb.
Bütün Azərbaycan üçün əziz olan, qazanılan parlaq qələbəmizin mərdlik, qəhrəmanlıq simvolu kimi adı qürurla çəkilən zəfər şəhidimizin yarımçıq arzularını cücərdəcək iki qız övladı-Nuray və Aynur bizlərə əmanət qalıb. Ataların qoyub getdiyi həyat eşqi, Vətən sevgisi, insanların kamil, xoşbəxt yaşaması üçün mehr-məhəbbət onları ayların, illərin səfində parlaq gələcəyə doğru aparır.
Böyük bacı Nuray Kazımova Lənkəran rayonunun Mais Mirzəcanov adına Yuxarı Nüvədi kənd orta məktəbinin 5-ci sinfini başa vurub. Çox istedadlı, vətənpərvər qızdır. Dərslərində “ əla” qiymətlər alır, nümunəvi davranışına görə bütün məktəb onu sevir. Vətən sevgisi ilə boy atan Nuray gələcəkdə həkim olmaq istəyir. Atasının adına layiq olmaq üçün kitablar əlindən düşmür, oxuyub öyrənməkdən doymur. Qəlbində pöhrə verən çiçək-çiçək arzuları Vətənin, xalqının xoş gələcəyi ilə bağlıdır. Atası da belə bir müqəddəsliyə tapınmaqla sinəsini Vətənə sipər edib, yaşının çərçivəsinə sığmayan bir qəhrəmanlıq dastanı yazıb.
Nurayın 11 yaşı tamam oldu. Şəhidimizin əziz yadigarını doğum günü münasibətilə təbrik edənlərin ürək sözlərinin mayasında əzəmət, ülviyyət, saflıq və gələcəyin gözəl insan şəxsiyyətinə çağırış vardı. Nurayın oxuduğu məktəbinin direktoru Ramiz Ramazanov təbrikini belə dedi: “ Əziz Nuray, ad günün mübarək olsun! Sənə ilk növbədə cansağlığı və qayğıkeş, sevincli uşaqlıq illəri arzulayıram. Dərslərini hər zaman belə həvəslə oxu, məktəbimizi bitirib arzuladığın ali məktəbə qəbul ol. İnanıram ki, gələcəkdə öz savadın və uğurlarınla atanın adını hər zaman uca tutacaqsan. Yolun açıq, gələcəyin parlaq olsun, gözəl qızım!”
Lənkəranın tanınmış ziyalısı Faiq Vəliyev də Nuraya ürək sözlərini bildirdi: - Əziz Nuray bala! Səni doğum günü münasibətilə təbrik edirəm. Uca Tanrı sənə möhkəm can sağlığı, uzun, bərəkətli ömür, parlaq gələcək və hər zaman uğurlar nəsib etsin. Şəhid övladı kimi daim başın uca olsun. Zəfər şəhidimizin ruhu qarşısında dərin ehtiramla sənə və ailənizə səbir, qürur və xoşbəxt günlər arzulayıram.
Hörmətli dostum, professor Kamran müəllimin əziz nəvəsi olaraq ailənizin adına layiq, elmli, vətənpərvər və xoşbəxt bir övlad kimi böyüməyini arzu edirəm. Doğum günün mübarək. Bütün arzularına çatasan!
Lənkəran-Astara Regional Təhsil İdarəsinin Astara Təhsil Sektorunun müdiri Xədicə Əliyevanın Nuraya olan ürək sözləri daha səmimi alındı: “ Əzizimiz Nuray qızım, ad günün mübarək! Sənə möhkəm cansağlığı, xoşbəxt uşaqlıq, dərslərində uğurlar və işıqlı gələcək arzulayırıq. Atanın əziz xatirəsinə layiqli övlad kimi böyüməyiniz qalib Azərbaycan xalqının xoşbəxtliyidir .”
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Yeni bir araşdırma, məşhur əczaçılıq dərmanlarının qəbulu ilə əlaqəli keçəllik riskini ortaya qoydu...