Dağlar diyarı Lerikdə Yeni Azərbaycan Partiyasının Lerik rayon təşkilatının, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı sayəsində vaxtaşırı gənclərin uzunömürlü ailə başçıları ilə görüşləri keçirilir. Belə görüşlərin təşkilində əsas məqsəd isə ailə institutunun möhkəmləndirilməsi, ailə və milli-mənəvi dəyərlərin gənclər arasında təbliği, uzunömürlü ailələrin nümunəvi həyat təcrübəsinin gənc nəslə çatdırılması, gənc ailələrə mənəvi dəstəyin göstərilməsi, ailə münasibətlərində qarşılıqlı hörmət, etimad və məsuliyyət prinsiplərinin təşviq edilməsi, əsassız boşanmaların qarşısının alınması istiqamətində maarifləndirmə işlərinin aparılması olur.
“Uzunömürlü ailələrimiz” adlanan növbəti belə görüş Azərbaycanın Milli Qəhrəmanı Valeh Müslümovun boya-başa çatdığı ocağda- atası Əlizaid Müslümovun evində təşkil olunub.
YAP Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədovun, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Lerik rayonu üzrə gənclər və idman sektorunun əməkdaşların, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərovun, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikovun, uzunömürlü ailənin üzvləri və fəal gənclərin iştirak etdiyi görüş zamanı Əlizaid Müslümov və Nənəgül Müslümovanın 60 illik ailə həyatı, ailə dəyərlərinə bağlılıqları və uzun illər ərzində qazandıqları zəngin həyat təcrübəsi barədə söhbət açıblar. Bildirilib ki, 10 övlad böyüdən ailənin hazırda 18 nəvəsi, 8 nəticəsi vardır. Çoxnəsilli ailənin bu həyat yolu ailə birliyinin, qarşılıqlı hörmətin, övlad tərbiyəsinə məsuliyyətli yanaşmanın və milli-mənəvi dəyərlərə sevginin gözəl nümunəsidir.
Görüşdə, həmçinin Azərbaycanın Milli Qəhrəmanı Valeh Müslümovun Vətən qarşısında göstərdiyi qəhrəmanlıqdan, keçdiyi qısa, olduqca şərəfli həyat və döyüş yolundan danışılıb, eləcə Milli Qəhrəmanın ailəsinin Vətənə bağlılığı və mənəvi dəyərlərə sədaqəti gənclər üçün mühüm örnək olduğunu deyiblər.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü