Leriklilərin fəxri, qürur yeri olan Azərbaycanın Milli Qəhrəmanı Valeh Əlizaid oğlu Müslümov Birinci Qarabağ müharibəsində canını Vətənə fəda edərək müqəddəs şəhidlik zirvəsinə ucalıb. Odur ki, ömrü qısa olsa da, şərəfli və örnək sayılır. Qərinələr keçəcək ölümsüzlüyə qovuşan dağlar qartalı Valeh əbədi qəlblərdə yaşayacaq.
Lerik camaatı öz igid oğlunu həmişə, hər yerdə dərin məhəbbətlə xatırlayır, onun adını uca tuturlar. Doğum günü münasibətilə keçirilən anım mərasimi də, leriklilərin Valehə bəslədiyi ilahi sevgidən irəli gəlirdi.
Anım mərasimində Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova, Yeni Azərbaycan Partiyası Lerik rayon təşkilatının sədr müavini Elnur Məmmədov, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lerik rayonu üzrə təhsil sektorunun müdiri Ülviyyə Əliyeva, Lerik Rayon Ağsaqqallar Şurasının sədri Elxan Qənbərov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Lerik rayon filialının sədri Veysəl Məlikov, şəhidin ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Tədbir iştirakçıları əvvəlcə Milli Qəhrəman Valeh Müslümovun Lerik şəhərində ucaldılmış büstünə, daha sonra uyuduğu müqəddəs məzarına baş çəkdilər qəhrəmanın əziz xatirəsinə ehtiram əlaməti olaraq önlərinə gül dəstələri düzdülər.
Söhbət zamanı Azərbaycanın Milli Qəhrəmanı Valeh Müslümovun şərəfli həyat və döyüş yolundan danışıldı, Vətən qarşısında göstərdiyi misilsiz xidmətlərdən söz açıldı, eləcə də şücaət və fədakarlığı xalqımızın yaddaşında əbədi yaşayacağı bildirildi.
Həmçinin o qeyd olundu ki, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsinin daim uca tutulması, onların şərəfli ömür yolunun gənc nəslə nümunə göstərilməsi mühüm əhəmiyyət daşıyır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Meyvəni tərəvəz və protein mənbələri ilə birlikdə müntəzəm qida rasionunuza daxil etməyiniz tövsiyə olunur…