XIII yuxu
(Mikayıl Müşfiq)
Atamın matros geyimli yaraşıqlı bir gənclə gəlişinə ürəkdən sevindim. O, məni, mən də onu tanıdım. Bu, bizim nakam şairimiz Mikayıl Müşfiq idi. Çünki Müşfiq yaradıcılığının təbliğatçısı, vaxtilə repressiyaya, işgəncələrə məruz qalmış xalq yazıçısı Gülhüseyn Hüseynoğlu ilə hər il Mikayıl Müşfiqin doğum və ölüm günlərində biz yazıçılarla keçmiş Sovet küçəsi - 207 ünvanında yerləşən Müşfiq yaradıcılığına layiq olmayan, əslində, ortabab qəbirüstü abidəyə bənzər büstün ətrafına yığışardıq. Ziyarətə gələnlərlə abidə önünə gül-çiçək qoyardıq və ona həsr etmiş olduğumuz şeirlərimizi oxuyardıq. Növbəti gəlişdə o vaxt mən Müşfiqə həsr etdiyim şeirimi oxuduqdan sonra üzümü Gülhüseyn müəllimə tutub dedim:
- Bu taleyi qara gəlmiş nakam şairimizin yaradıcılığına bu kiçik yarıüzlü büst heç yaraşmır. Həm də ərazi yeli memarlar tərəfindən düzgün seçilməyib. Bu gözəgörünməz yerdə hələ mən bir dəfə də görməmişəm ki, kimsə onun büstünün qarşısına bir dəstə gül qoysun. Çünki mənim bibimin qızı Kima xanım həmin binanın 5-ci mərtəbəsində yaşayırdı. Mən tez-tez onlara gedəndə, bu kiçik büstün yanında dayanıb, ona rəhmət diləməklə, ruhum dinclik tapırdı. Yaxşı olarda ki, Mikayıl Müşfiqin kiçik abidəsi yox, heykəli şəhərin mərkəzi parklarının birində qoyulsun. Rəhmətlik Qabil müəllim məsləhət gördü ki, bu haqda məsələ qaldıraq. Mən səhərisi gün şəhərimizin meri Hacıbala Abutalıbovun yanına getdim. O, məni çox mehribançılıqla qarşıladı. Çünki o şəhərimizi abad bir şəhərə çevirdiyinə görə, ona həsr etdiyim şeirim həm qəzetdə, həm də seçilmiş əsərlərimin birinci cildində çap olunmuşdu. O, məni dinlədikdən sonra, fikrimi çox bəyəndi və məsləhət gördü ki, siz heykəl məsələsini həll edin, mən şəhərin ən gözəl bir yerində "siz yazıçıların arzusu ilə onun inşasını təşkil edərəm". Hələ bu hadisədən qabaq, vaxtilə Xalq Cəbhəsinin dövründə dahi şair-dramaturqumuz Hüseyn Cavidin abidəsinin açılışında mən gənclik dostum, heykəltaraş Akif Əsgərova dedim ki, Mikayıl Müşfiq və Səməd Vurğun Hüseyn Cavidin ən sevimli və bəyəndiyi şairlər imiş. Bu haqda Cavid əfəndinin həyat yoldaşı Mişkünaz xanım mənə demişdi. Yaxşı olar ki, biz təşəbbüs qaldıraq, sən Mikayıl Müşfiqin ayaq üstə heykəlini hazırlayasan. Akif müəllim mənim bu təklifimi çox bəyəndi və dedi:
- Məmnuniyyətlə, mən bu işə girişərəm. Ancaq lazımdır ki, siz Rəssamlar İttifaqı ilə söhbət aparın və onlar mənimlə müqavilə bağlasınlar.
- O vaxt Xalq Cəbhəsinin dövrü olduğuna görə, yuxarıdakı iqtidar sahibləri bu işə laqeyd münasibət göstərdilər.
Atamla Mikayıl Müşfiqin birlikdə gəlişinə mən özüm də təəccüb etdim. Dedim ata, bu böyük şairimiz o vaxt dahi şair-dramaturqumuz Hüseyn Cavid haqqında qəzetlərdə ifşaedici məqalələr yazmadığına görə, onu aparıb Nargin adasında güllələyib, dənizə atmışdılar. Bunun cəsədi torpaqda deyil ki, səninlə cənnətdə görüşə bilsin. Atam dedi:
- Ay oğul, sularda da cənnət var. Bizim bu quru cənnətə onlar tez-tez gəlirlər. Öz arzu-istəklərimizi bir-birimizə çatdırırıq. Bu nakam şairimizə Şeyx Nəsrullah dedi ki, ey böyük şair, nə qədər Xəzər dənizində üzəcəksən? Gəl səni də aparım yer üzünə. "Yenə o bağ olaydı" şeirini oxuyub, dəniz sahilində oturub "Oxu tar"ı çalardın. Həm də səndən sonra böyük Puşkinin həyat yoldaşı Natalya kimi Dilbərivin də ərə getməyini eşidib, ona həsr etdiyin şeirlərini öz əlinlə yandırardın.
Ancaq Müşfiq dənizdə qalmağı quruya yer üzünə getməməkdən daha üstün tutdu. Dedi ki, şeyx həzrətləri, o məni şərləyib, axırıma çıxan murdar ünsürlərin indi də övladları öz ata-babalarının "əməllərini" davam etdirirlər. Suda balıqlarla birgə üzmək mənim üçün daha xoşdur, nəinki onların sifətlərini görmək. Mənim yeganə təsəllim odur ki, ruhum yad sularda yox, öz doğma Xəzərimdədir. Həm də Xəzərin ləpələri, sözlərimə yazılan nəğmələri mənim üçün hər gün oxuyur. Bu gün mənim atanla gəlişimin məqsədi başqadır. Son günlər mənim kiçik büstümün götürülməsində yaranan hay-küyə nöqtə qoymaq istəyirəm. Birinci, o büst mənim yaradıcılığım qarşısında hörmətsizlik əlamətidir. Düzdür, o vaxt mənə bəraət verilən zaman hələ də sovet dövrünün mənim üstümdəki "xalq düşməni" damğasının götürülməsini iqtidarda olan bəzi rəhbərlər tam həzm edə bilmirdilər. Həm də xalq mənim yaradıcılığıma kitablarım dərc olunmadığına görə, məni yaxşı tanımırdı. O vaxt tələm-tələsik mənim büstümün hazırlanmasını rəhmətlik heykəltaraş Münəvvər Rzayevaya həvalə etmişdilər. Bu gün mənim kiçik büstümü heykəl adlandırıb, car çəkənlərə bildirirəm ki, o, heykəl yox, bu gün qəbiristanlıqlarda gül satan, pivə satan mərhumların heykəlləri qarşısında kiçik bir qəbirüstü inşanı xatırladır. Möhtərəm Prezidentimiz İlham Əliyevin bu məsələdə təlaş keçirməsini alqışlayıram. Lakin xahişim budur ki, mənim həmin büstüm Gəncədə mənim adımı daşıyan orta məktəbin həyətində qoyulsun və vaxtilə Ramiq Muxtarın heykəltaraş dostu Akif Əsgərovla söhbəti gündəmə gəlsin. Mən də istərdim ki, Nizaminin, Füzulinin, Hüseyn Cavidin, Cəfər Cabbarlının və Səməd Vurğunun şərəfinə ucaldılan heykəllərə bənzər ayaqüstü heykəlim ucaldılsın.
Sonra Müşfiq Ulu Öndərimiz Heydər Əliyevin də Milli Bank qarşısındakı heykəlinə münasibətini bildirdi:
- Xalqımızın xilaskarı, dövlətçiliyimizin memarı, Ulu Öndər Heydər Əliyevin heykəlinin orada qoyulmasının mən də əleyhinəyəm. Ulu Öndərimiz Heydər Əliyevin heykəli Dağüstü Parkda qoyulmalıdır. Ulu Öndərimiz bütün Azərbaycana baxmalıdır və hər bir Azərbaycan vətəndaşı onu hər tərəfdən seyr edib, dua oxuyub deməlidir: "Allah sənə rəhmət eləsin, Ulu Öndərimiz". Amin!
RAMİQ MUXTAR