Sosial

  • 3 238

Arıların balladası...

image

Bütün dünya hadisələrinə rəğmən öz yolu ilə ahəstəcə addımlayan füsunkar baharın ətrafdakı gözəllikləri əhatəsində bu günlər bir musiqi adamı ayaq saxlamağa, onu dinləməyə vadar edir… Bu musiqi sanki barmaqların notların üzərində hərəkətilə birdən zilə qalxıb, birdən bəmə enməklə təbiətin ucsuz-bucaqsızlığında uzaqlaşır, yaxınlaşır. Ətrafdakı çiçəklərin bir-birinə qarışan rayihəsi bu musiqinin ifaçılarından “söhbət açır”. Çünki o ifaçıların həyatı bu rayihənin onları çiçəyə çağırışı ilə başlar, kiçicik, sadə daxmalarında bitər. Musiqi nə qədər gözəl olsa da, lakin ilk ağla gələn həmişə eşitdiyimiz bu söz olur: arı vızıltısı… Yox, əsla vızıltı deyil bu. Kim arıların səsini belə adlandırmış görəsən? Bu sözün ilk səslənməsi belə, adama xoş gəlmir, haradasa insanı narahat edən, başağrısı gətirən bir səs təsirini bağışlayır. Nə qədər yanlış imiş, bununla əsla razılaşmaq olmaz. Axı bu səs vızıltı deyil, gözəl bir musiqi əsəridir – balladadır. Adama bal kimi şipşirin gələn balladanın xorla oxunan nəğmə, musiqi ilə müşayiət olunub, dramatik oyunlar və rəqslərlə başa çatan bir xalq poeziyası nümunəsi olduğuna nəzər saldıqda bu janrın, bəlkə, elə arılara istinadən yaradılması adamı çox düşündürür. Bəli, arıların balladası, bal balladası... Ağacların, güllərin, çiçəklərin bu möhtəşəm simfonik orkestrin üzvləri, təbiətin özünün isə dirijoru olduğu, şövqlə ifa olunan böyük bir musiqi bəstəsidir. Arıların zəhmət nəğməsidir.

Bahar gəlişi ilə qışboyu “evlərindən” bayıra çıxmayan arıları yeni həyata, təbiətin qoynuna səsləyib. Dünyanın ən kiçik, lakin ən zəhmətkeş, kiçicik can-cüssələri ilə “evlərində” yaratdıqları qayda-qanuna, gördükləri işin keyfiyyətinə, ortalığa çıxardıqları zəhmət bəhrəsinə görə bütün canlılardan üstün olan arılar isə bu çağırışla yeni iş mövsümünə başlayıblar. Budur, minlərlə arı güllü-çiçəkli çəmənlərdə, bağçalarda iş başındadır. Diqqətim bu kiçik canlılardan birinin səhərdən bəri çiçəyin üzərindəki mücadiləsində ilişib qalıb. Bu kiçik varlığın simasında milyonlarla arını Yer kürəsinə bəxş edən Ulu Yaradanın onlara əmrini xatırlayıram: “Dağlarda, ağaclarda və insanların qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal)…Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat, asanlıqla get!.. O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlifrəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunu da düşünüb dərk edənlər üçün bir ibrət vardır!” Və bir də həmin arının simasında Yaradanın bu kiçicik canlara sığdıra bildiklərini, onların fizioloji cəhətdən özlərindən dəfələrlə böyük varlıqlara faydalarını düşünürəm. Düşünürəm ki, Ulu Yaradanın şüur bəxş etdiyi biz insanların bəzən 4-6 nəfərdən ibarət ailələrimizdə yarada bilmədiyimiz düzəni böyük ailələr şəklində yaşayan, bir-birlərini yalnız qoxuları ilə tanıyan, hər birinin öz işi, əməyi olan, günləri saniyəbəsaniyə zəhmətə hesablanan arılar necə də gözəl şəkildə qura bilirlər. Bu bir arının timsalında milyonlarla arının yaranışını, yaşamını göz önünə gətirirəm: onların yumurtadan çıxmalarını, bu yumurta qabıqlarını yenicə çırtıb həyata boylanan kiçicik vücudlarını, qısa bir zamanda özlərindən böyüklərdən aldıqları “təlim və təhsillə”, sanki illərin zəhmətkeşi olduqlarını düşünürəm. Budur, çiçəkdən-çiçəyə o incə qanadlarını ahəstəcə titrətməklə uçuşurlar. Kiçicik canları ilə saniyədə 250 dövrə vurur, bir saatda 15 kilometr sürətlə uça bilirlər. Çiçəklərin şirəsini topladıqca vücudları ağırlaşır, lakin bu onların uçuş cəldliyinə mane ola bilmir. Bu bapbalaca varlıqların çiçəklərdən şirəni sormaq üçün dili, əşyalara toxunub qoxusunu duymaq üçün bığcıqları, özlərini qorumaq üçün neştərləri var. Həmin neştərlər insana toxunanda necə acı verirsə, (Ulu Yaradanın hikməti ilə bu acıda da dərdlərə dərman, çarə var ) bu bədəndən axan baldan dadanda bir o qədər şirinlik duyulur.

Çiçəyin üzərindəki mücadiləsini tamamlayıb uçmağa başlayan bu arının gedəcəyi ünvanı düşünürəm. Həyatları pətəkdən çiçəyə, çiçəkdən pətəyə qədər olan məsafəyə hesablanan arı hara gedə bilər ki? Təbii ki, pətəyə – mənzilinə. Budur pətək… Kənardan sadə, çox kiçik bir qutu kimi görünən bu mənzildə ən müasir texnoloji avadanlıqlarla işləyən böyük fabrik və zavodların gündəlik istehsal gücündən dəfələrlə artıq bir iş prosesi var. Bu proses təbii yolla, sadəcə, böyük zəhmətlə gerçəkləşir. Burada heç bir xammal kənardan alınmır. Nə mum, nə süd, nə şəkər, nə də su… Budur, bayaqkı ballada indi pətəyin ətrafında səslənir. Arılar bədənlərindən mum ifraz edib şan hazır­layanların əməyini tamamlamaq üçün pətəyə can atırlar. O şanlarda insanların etdiyindən fərqli şəkildə, metrsiz, xətkeşsiz, ölçüsüz, lakin çox böyük dəqiqliklə hazırlanan hücrələri öz nektarları ilə doldurmağa, çölün-çəmənin min bir dadda, ətirdə olan çiçəklərindən topladıqlarını insan üçün nemətə çevirmək naminə ilahi bir əmrlə uçuşurlar. Pətəkdə qızğın, bir o qədər də sirli iş prosesi var: balı muma çevirənlər, mumdan şan düzəldənlər, şanı üfüqi, şaquli hissələrə bölənlər, hücrələr toxuyanlar… Erkək arılar, sürfə qoyub yeni minlərlə arının dünyaya gəlməsini gözləyən ana arılar, dünyaya gələn “bacı-qardaşlarını” südlə qidalandıran bəsləyici arılar, təmizlik işləri görən arılar, işə tələsən işçi arılar, pətəyin keşiyini çəkən arılar...
Bəli, ölkəmizdə hər il keçirilən “Arıçılıq məhsulları – bal festivalı”nda gördüyümüz çeşid-çeşid bal, bal məhsulları, sən demə, bax belə, minlərlə arının dəyişməz süjet xətti üzərindəki həyat tərzindən, zəhmətindən, bir də ki, yorulmadan səsləndirdikləri əmək balladasından hasil olurmuş. Dadarkən çiçək ətri duyulan, nərgizi, bənövşəni, ərik, şaftalı, alma çiçəklərini burnuna yaxınlaşdırırmışsan kimi hiss olunan bal... Arıların balladasında da, çiçəyə, ətrə, şirəyə yönələn uçuşlarında da bu gözəl yurdumuzdan aldıqları ilham, bu cənnətməkanın onlara verdiyi güc, ruh duyulur.

Kiçik, lakin böyük hissiyyata malik bu varlıqlar təmiz, oksigenlə bol, günəşli havanı hiss etmədən pətəkdən bayıra çıxarlarmı? Çiçəklərin ətri, güllərin rayihəsini almadan uçuşarlarmı? Bunlar olmasa, heç arılar var ola bilməz. Onların gül-çiçəkli yerləri özlərinə məskən seçməsinin də, elə arıçılığın bu yerlərdə daha geniş kənd təsərrüfatı sahəsi kimi formalaşmasının və ildən-ilə inkişaf etməsinin səbəbi Yaradanın bəxş etdiyi bu füsunkar təbiət, əlverişli təbii-iqlim şəraiti, zəngin yem ehtiyatları bazasıdırsa, digər səbəb isə bu bəxşişi dəyərləndirənlərdir. Arıçılığın inkişafı ilə bağlı imzalanan dövlət sənədlərinin- “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin, “Azərbaycan Respublika­sında arıçılığın inkişafının stimullaşdırılması haqqında” Sərəncamın hədəfi ənənəvi arı cinslərinin yetişdirilməsi, arı ailələrindən yüksək məhsul götürülməsi, arıçıların dövlət maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, arıçılıq məhsullarının ixracının stimullaşdırılmasıdır ki, bunlar artıq reallaşıb. Bu sahə üzrə müxtəlif tədbirlərin, o cümlədən beynəlxalq və yerli əhəmiyyətli elmi-praktik konfransların keçirilməsi, arıçılara yaradılan münbit şərait – sahibkarların pulsuz dərman preparatları ilə təmin edilməsi, arıçılıqla məşğul olan təsərrüfat subyektlərinə kreditlərin verilməsi, arı yeşiyi, çərçivə (pətək) istehsalı sahəsinin yaradılması, arıçılıq təsərrüfatlarının fəaliyyətini əlaqələndirmək, arıçıların rastlaşdıqları problemlərin vaxtında həllinə nail olmaq son illər bu sahənin inkişafına səbəb olub.

Bütöv­lükdə, “Arıçılıq haqqında” qanunun qəbul edildiyi dövrdən sonrakı illərdə ölkədə arı ailələrinin sayı 4,4 dəfə, bal istehsalı 4,8 dəfə artıb. Bununla yanaşı, ötən müddətdə arıçılıqla məşğul olan təsərrüfatların hər birinə orta hesabla düşən arı ailələrinin sayı 11,1-dən 18,8-dək yüksəlib. 2022-ci ildə isə ölkədə mövcud olan 32 min 933 təsərrüfatda cəmləşən 656,1 min arı ailəsi he­sabına 7 min 446 tona yaxın bal istehsal edilib ki, bu da əvvəlki ilə nisbətən 9,5 faiz çoxdur. Bu, həm də müstəqillik illərində arıçılıq sahəsi üçün rekord göstərici sayılır.

Son illər təsərrüfat sa­hibləri arı ailələrini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərinə köçürürlər. Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 2023-cü ilin yaylaq mövsümündə işğaldan azad olun­muş ərazilərə 125 minə yaxın arı ailəsi aparılıb. Bu da öz növbəsində keyfiyyətli bal istehsalı ilə yanaşı, məhsuldarlığın artırılmasına geniş im­kanlar yaradır.

...Çiçək, rayihə, musiqi, sevgi... Deyirlər ki, bal min bir dərdin dərmanıdır. Nə üçün? Nəzər salaq. Əgər dünyada tibbin üzünü ağ edən təbiətin min bir adlı bitkisindən, çiçəyindən hazırlanan dərmanlardırsa, koma vəziyyətinə düşən, ölümlə mücadilə edən insanı bəzi tanış qoxular yenidən həyata qaytarırsa, xəstəliklər var ki, musiqi ilə çox effektiv müalicə olunursa və nəhayət, dünyanı sevgi xilas edirsə, bu dörd ünsürdən yaranan bal niyə də dərdlərin dərmanı olmasın ki?..
Və son olaraq Albert Eynşteyn deyirdi ki, “Əgər arılar yer üzündən yox olarsa, insanın, sadəcə, dörd il ömrü qalar. Arı olmazsa, tozlanma, bitki, heyvan və insan olmaz”. Odur ki, bu bahar da arıların balladası ilə həyat öz gözəllikləri ilə davam edir…

Mətanət Məmmədova

P.S. 20 May-Ümumdünya Arılar Günündə arıların balladasını dinləməklə onların həyatımız üçün nə qədər əhəmiyyətli olduğunu bir daha anladıq. Və anladıqca bal istehsalının artırılmasının da vacib olduğunu dərk etməliyik. 2024-cü il yanvar ayının 1-nə Azərbaycan­da 597 min 336 arı ailəsi mövcud olub ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 54,8 min və ya 8,4 faiz azdır. Odur ki, bu sahənin inkişafı üçün əlimizdən gələni etməliyik. Çünki həyatımızda arı və bal əvəzolunmazdır...

Digər xəbərlər