PDF Oxu

Siyasət

  • 2 904

Tovuzda “Heydər Əliyev irsi və Azərbaycanın su ehtiyatları siyasəti” mövzusunda tədbir keçirilib

image

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyası Tovuz rayon təşkilatı və Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev irsi və Azərbaycanın su ehtiyatları siyasəti” mövzusunda tədbir keçirilib.

Tədbirdə Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Nəsrəddin Aslanov, idarənin rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər.

Tədbirin açılış nitqi ilə çıxış edən YAP Tovuz rayon təşkilatının sədri Nihad Pənahov, Ulu Öndər Heydər Əliyevin hələ Sovetlər dövründən başlayaraq ölkənin su ehtiyatlarının qorunması və səmərəli istifadəsi sahəsində gördüyü böyük işləri iştirakçıların diqqətinə çatdırıb. Qeyd edilib ki, 1969–1982-ci illər ərzində Ağstafaçay, Araz, Sərsəng, Şəmkir və digər iri su anbarlarının inşası, Kür–Abşeron və Samur–Abşeron kimi mühüm su xətlərinin çəkilməsi ölkənin su təhlükəsizliyi baxımından strateji rol oynamışdır. Eyni zamanda, ekologiyanın mühafizəsi, içməli su təchizatının yaxşılaşdırılması və su ehtiyatlarının planlı idarə olunması istiqamətində qəbul edilmiş qanun və qərarlar bu siyasətin hüquqi əsaslarını formalaşdırmışdır.

Digər çıxış edənlər idarənin baş mühəndisi Elxan Əsgərov, təhlükəsizlik və texniki təhlükəsizlik üzrə mühəndis, Ərazi Partiya Təşkilatının sədri Elxan Qasımov və idarənin emalatxana müdiri Kərim Eynalov öz çıxışlarında Ulu Öndər Heydər Əliyevin su təsərrüfatı və milli resursların idarə olunması sahəsində müəyyən etdiyi strateji xəttin bu gün də uğurla davam etdirildiyini vurğulayıblar.

Qeyd edilib ki, Heydər Əliyev dövlət idarəçiliyində resurs planlaşdırmasına və onların səmərəli istifadəsinə xüsusi önəm vermiş, onun rəhbərliyi dövründə irriqasiya və meliorasiya sistemlərinin əsası qoyulmuşdur. Bu sistemlər bu gün də təkmilləşdirilərək ölkənin kənd təsərrüfatı sahəsində mühüm rol oynayır.

Çıxışlarda həmçinin ölkənin su ehtiyatlarının qorunması, onların ağıllı və qənaətli idarə olunması, su infrastrukturunun müasirləşdirilməsi və transsərhəd su problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb. Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə aparılan ardıcıl siyasət ölkənin su təhlükəsizliyinin təmin olunmasına, əhalinin dayanıqlı su ilə təminatına və ekoloji tarazlığın qorunmasına xidmət edir.

Çıxış edənlər yekun olaraq bildiriblər ki, Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün müasir dövrün çağırışlarına uyğunlaşdırılaraq davam etdirilir və Azərbaycanın sosial-iqtisadi inkişafına, ətraf mühitin mühafizəsinə və milli təhlükəsizliyinə mühüm töhfələr verir.

Tədbir çərçivəsində YAP Tovuz rayon təşkilatının fəaliyyətindəki fəal iştirakına görə Tovuz Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Nəsrəddin Aslanovun 65 illik yubileyi münasibətilə ona Fəxri Fərman və hədiyyə təqdim olunub. Həmçinin idarənin digər fəal əməkdaşlarına da təşəkkürnamələr partiyaya yeni daxil olmuş üzvlərə üzvlük vəsiqələri təqdim edilib.

Nəsrəddin Aslanov göstərilən diqqət və dəyər üçün Yeni Azərbaycan Partiyasının rəhbərliyinə öz dərin təşəkkürünü bildirib. O, çıxışında qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmizdə su təsərrüfatı sahəsində böyük nailiyyətlər əldə olunub.

"Bu gün ölkəmizdə su ehtiyatlarının idarə olunması sahəsində həyata keçirilən islahatlar, müasir texnologiyaların tətbiqi və infrastruktur layihələri bizim sahədə çalışan mütəxəssislərə də yeni imkanlar və məsuliyyətlər verir. Bu diqqət və qayğı bizə həm mənəvi stimul verir, həm də gələcək fəaliyyətimizə daha böyük həvəs və məsuliyyətlə yanaşmağımıza səbəb olur," – deyə o bildirib.

Sonda o, rəhbərlik etdiyi kollektiv adından göstərilən yüksək etimada görə partiya rəhbərliyinə bir daha minnətdarlığını ifadə edib və gələcəkdə də dövlət siyasətinin uğurla icrasına töhfə verməyə çalışacaqlarını vurğulayıb.

Digər xəbərlər