Həsən kişinin rayondan qonağı gəlmişdi. Kişi də nə eləsin, qonağı evdə dörd divarın içərisində saxlamayacaq ki. Dedi, ə Məmməd, evdə oturmağa gəlmisən? Dur səni aparım, bir şəhərlə tanış ol, gör bir nə var, nə yox.
Axşamüstü kişilər durub çıxdılar şəhərə. Üz tutdular birinci dəniz kənarına doğru. Axşamçağı olmasına baxmayaraq havadan od tökülür, sərinləmək bilmir ki, bilmir. Bu kişilər də yaşlı adam, nə eləsinlər. Bir yer axtarırlar ki, oturub dincəlsinlər. Məmməd kişi də rayondan gəlmiş adam, kəndin sərin havasına öyrəşmiş, burada da havasını, suyunu dəyişmişdi. Odur ki, dedi:
-Ay Həsən, gəl oturub bir çay içək, dilim ağzımda yandı.
Yaxınlaşdılar bir məkana. İnsafən hər tərəf tər-təmiz, abad, gözəl, yaşıllıq və sairdir. Əyləşdilər. Həsən kişi ofisiantı çağırıb, bir çay sifariş verdi. Ofisiant soruşur ki, sadə olsun, yoxsa...
Həsən kişi də cavab verir ki, bala, çay sadə olar da. Başqa nə cür olur ki, bəlkə xəbərimiz yoxdur? Ofisiant da, “yanında nə olsun demək istədim”,- deyir. Həsən kişi də deyir ki, yox, biz elə ata-baba çayı istəyirik.
Ofisiant gedir, bir azdan əlində məcməyi qayıdır, üzərində də bir çaynik çar, iki stəkan nəlbəki, bir də ki, qənd.
Bunları ehmalca ağsaqqalların masasına qoyub qayıdır. Həsən kişi ilə Məmməd kişi də çaydan süzüb söhbət edə-edə içirlər.
Həsən kişi:
-Məmməd, deyəsən, yerini bəyəndin, ha. Qalx ayağa gedək, oturmağa gəlmisən, dur ayağa, gedək, gəzək.
Ofisiantı çağırırlar, Həsən kişi borcunu soruşur, o da deyir. Məmməd kişi tutulsa da, özünü Məmməd kişinin yanında sındırmır, pulu ödəyir, gedirlər. Ürəyində deyir ki, bax hələ, ayda 2-3 dəfə şəhərə çay içməyə çıxasan, pensiyanın yarısı gedər ki...
Həsən kişi düşünür ki, yüz ilin bir başı Məmməd durub rayondan onun evinə qonaq gəlib: ta simiclik etməyəcəm ki... Olmasın bu ayın pensiyasının yarısı.
Bu minvalla, gecə evə qayıdanadək 4 dəfə müxtəlif yerlərdə əyləşib çay içirlər. Həsən kişi 4 çaynik çay üçün 25-30 manat xərcləyir. Bunu Məmməd kişi də müşahidə edir. Evə qayıdanda yolda çayla bağlı söhbəti açır və deyir:
-Ay Həsən, bu çay nə yaman qiymətli olub belə? Ay qardaş, bir çaynik su, bir çimdik çay nə vaxtdan 5-6 manat olub ki? Heyif deyil rayon? Bir çaynik çay 1 manatdır. Nə qədər istəyirsən, iç.
Həsən kişi:
-Ay Məmməd, indi nə öz qiymətinə satılır ki? Kim nəyi neçəyə istəyir, satır. İstəyirsən al, istəmirsən xoş gəldin.
Kişilər söhbət edə-edə evə çatırlar. Evdə söhbətə Həsən kişinin oğlu da qoşulur. Deyir, siz hələ sadə çay içmisiniz, bu qədər gileylənirsiniz. Bəs sizə çay dəstgahı versəydilər, nə edərdiniz? Onun qiymətini eşitsəniz, bu gecə yuxunuz qaçar, ona görə də yaxşı olar ki, deməyim.
Kişilər bu məsələni müzakirə edirdilər ki, Həsən kişinin həyat yoldaşı Mənsurə xala ortaya pürrəngi çay gətirir. Həsən kişi bir çaya, bir Mənsurə xalaya baxır, deyir ki, ay Mənsurə bu gün anladım ki, yenidən dünyaya gəlsəm, ölənədək sənin tək bu çay haqqını ödəyə bilmərəm. Çaydır ki, dəmləmisən, çaydır ki, içmişik, çay nədir, say nədir, misalı.
Evdəkilər Həsən kişinin bu sözünə xeyli gülürlər...
Mətanət Məmmədova