Dünya ilk dəfə olaraq sənayeöncəsi dövrlə müqayisədə temperaturun 2°C-dən çox olduğu ardıcıl altı gün yaşayıb. “The Guardian” nəşrinin əldə etdiyi məlumatlara görə, rekord istilik dalğası hələ də davam edir. Bu rekord göstərici Paris İqlim Sazişində müəyyən edilmiş temperatur həddinin artıq pozulduğu anlamına gəlmir. Çünki bunun üçün daha uzunmüddətli temperatur göstəriciləri əsas götürülür. Lakin alimlər bildirirlər ki, bu hadisə qalıq yanacaqlardan istifadənin sürətlə dayandırılmadığı təqdirdə gələcəkdə bizi nələrin gözlədiyinin ilkin siqnalıdır. Eyni zamanda, qlobal istiləşmənin sürətlənməsi ilə bağlı elmi narahatlıqları da artırır.
Məlumatların mövcud olduğu son gün – bazar ertəsi qlobal səth temperaturu sənayeöncəsi səviyyəni 2,24°C üstələyərək indiyədək qeydə alınmış ən yüksək göstəriciyə çatıb. Proqnozlara əsasən, temperaturun ən azı bir neçə gün də oxşar səviyyədə qalacağı gözlənilir.
“Bu, müstəsna qlobal temperatur anomaliyasıdır”, – deyə Kopernik İqlim Dəyişikliyi Xidmətinin iqlim üzrə strateji rəhbəri Samanta Burges bildirib. Onun sözlərinə görə, son bir neçə ay ərzində rekord qlobal temperatur göstəriciləri qeydə alınmaqda davam edir. Ayrı-ayrı günlərdə temperatur dəyişsə də, bu səviyyədə istilik iqlimin nə qədər qızdığının bariz göstəricisidir.
İndiyədək gündəlik temperaturun 2°C həddini aşdığı cəmi iki başqa dövr qeydə alınıb: 2023-cü ilin noyabrı və 2024-cü ilin fevralı. Lakin həmin dövrlərdə temperatur artımı indiki qədər uzun sürməyib və yüksək həddə çatmayıb.
“Daha bir gün, daha bir qlobal temperatur rekordu”, – deyə Berkli Yer Elmləri İnstitutunun iqlim tədqiqatçısı Zik Hausfater bildirib. O əlavə edib ki, 2023-cü ildə sənayeöncəsi dövrlə (1850–1900-cü illər) müqayisədə qeydə alınmış 2,05°C-lik əvvəlki rekord göstərici hazırkı nəticə ilə xeyli geridə qalıb.
Temperaturun kəskin yüksəlməsinə insanların qalıq yanacaqları yandırması nəticəsində yaranan uzunmüddətli qlobal istiləşmə, eləcə də pik həddinə yaxınlaşan qeyri-adi güclü El-Ninyo hadisəsi təsir göstərir. Burgesin sözlərinə görə, bu miqyasda sonuncu El-Ninyo 1870-ci illərdə baş verib və nəticədə 50 milyon insanın həyatına son qoyan kütləvi aclıq yaranıb.
Alimlər hazırkı El-Ninyo hadisəsinin indidən 2027-ci ilin yanvar ayınadək pik həddə çatacağını gözləyirlər. Lakin onun tam təsiri yalnız bir neçə ay sonra hiss olunacaq.
Qlobal iqlim sistemində toplanan əlavə istilik artıq iqlim böhranını daha da dərinləşdirən geridönüşlü proseslərə səbəb olur. İndoneziyanın tropik meşələrində və Amazon hövzəsində müşahidə edilən quraqlıqlar və meşə yanğınları bunun nümunələridir.
Böyük Britaniyanın Meteorologiya Xidməti yaxın aylarda atmosferdə karbon qazının (CO₂) miqdarının əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırır. Bunun əsas səbəblərindən biri quraqlıq nəticəsində tropik ekosistemlərin zəifləməsi və atmosferdən karbonu udmaq qabiliyyətinin azalmasıdır.
Meteorologiya Xidmətinin Hadley Mərkəzində iqlim təsirlərinin araşdırılması bölməsinin rəhbəri Riçard Betts bildirib ki, bu proses qalıq yanacaqların yandırılması nəticəsində atmosferdə CO₂ toplanmasını daha da sürətləndirəcək.
Onun sözlərinə görə, atmosferdə karbon qazının miqdarı bu ildən gələn ilədək təxminən 3,5 ppm (milyonda hissə) artacaq. Bu, son illərlə müqayisədə üçdəbir daha sürətli artım deməkdir. Həmçinin qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq hədəfinə uyğun hərəkət edilsəydi, gözlənilən artımdan təxminən iki dəfə çoxdur.
2015-ci ildə Parisdə keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP21) 200-ə yaxın ölkə tarixi razılaşma imzalayaraq qlobal temperatur artımını 1,5°C ilə məhdudlaşdırmaq üçün səyləri gücləndirməyi və istiləşməni sənayeöncəsi səviyyədən xeyli aşağı, 2°C-dən aşağı saxlamağı öhdəsinə götürmüşdü.
Bu ay Türkiyənin Antalya şəhərində keçirilən COP31 iqlim danışıqlarının uğursuzluğundan sonra BMT-nin baş katibi Antonio Quterreş qlobal istiləşmənin sürətləndiyi barədə xəbərdarlıq edib. İstiləşmə hava şəraiti ilə bağlı fəlakətlərin daha dağıdıcı və ölümcül olmasına səbəb olur. Bu il Avropa İttifaqında rekord yay istiləri 50 mindən çox, Böyük Britaniyada isə 5 min insanın həyatına son qoyub.
Ekstremal istilərin sağlamlığa artan təsirləri fonunda Samanta Burges hökumətlərin qarşısında ikili vəzifə dayandığını bildirib: cəmiyyətləri daha yüksək temperaturlara hazırlamaq və eyni zamanda istixana qazı emissiyalarının azaldılmasını sürətləndirmək. “İnfrastrukturumuz hazırkı iqlim şəraitinə uyğunlaşdırılmayıb. Artıq bunun öhdəsindən gəlməkdə çətinlik çəkirik. Bunu bu yay da gördük: yollar əriyirdi, dəmir yolu xətləri deformasiyaya uğrayırdı, məktəblər bağlanırdı, xəstəxanalar həddindən artıq yüklənirdi. Gələcəkdə belə halların daha da artacağını gözləməliyik. Qarşıda bizi daha böyük istilər gözləyir”, – deyə Burges vurğulayıb.
Riçard Betts də oxşar narahatlıqlarını ifadə edib. Onun sözlərinə görə, Amazon kimi bölgələrdə quraqlıqların birbaşa nəticələri ciddi ola bilər. Bu, meşə yanğınlarına, tüstü çirklənməsi nəticəsində insanların sağlamlığına zərər vurulmasına və ekosistemlərin sıradan çıxmasına gətirib çıxara bilər.
Daha geniş miqyasda isə ərzaq və su təchizatı ilə bağlı risklər yarana bilər. Betts xəbərdarlıq edib ki, atmosferdə CO₂ miqdarının sürətlə artması karbon qazı və digər istixana qazlarının atmosferə buraxılması dayandırılmayana qədər iqlim dəyişikliyinin getdikcə daha ağır nəticələrə səbəb olacağını xatırladır.
Lalə Mehralı
Dövlət hələ də 2026-cı il üçün borclarını tam ödəməyib...
Amerikada rus lideri xoş qarşılanmır...
Orta təbəqə və bütün sənaye sahələri bunun bədəlini ödəyib...
Ukrayna unikal şans qazandı...
Analitik ukraynalıların uğurlu əməliyyatının xronologiyasını yenidən qurdu...
Gizlədilməyəcək bir reallıq...
Almaniya kanslerinin əri, kvant kimyaçısı Yoahim Zauer xatirələr kitabını nəşr etdirib…
Ukraynanın işğal olunmuş əraziləri vasitəsilə çatdırılma ilə bağlı problemlərə görə...
Ukraynadakı müharibədə yüz minlərlə ölü...
Ukrayna ətrafında vəziyyət dəyişir...