Sosial

  • 1 665

Azərbaycan xalqının haqlı qələbəsi - MƏQALƏ

image

Azərbaycan xalqının Ulu öndəri Heydər Əliyev deyirdi ki, hər bir vətəndaş gərək ölkəsinin böyük
siyasəti haqqında düşünsün, kiçik mənfəətləri, maraqları haqqında düşünməsin. 27 sentyabr 2020-ci il
tarixində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham
Əliyevin 30 il davam edən erməni işğalına qarşı başlatdığı, 44 gündən sonra, noyabr ayının 10-da
zəfərlə başa çatan Vətən müharibəsi nəinki vətəndaşlarımızın, eləcə də dünyanın müxtəlif ölkələrində
yaşayan azərbaycanlıların ölkəmizin böyük siyasətinin ümdə tərkib hissəsi olan dövlətçiliyi qorumaq,
ərazi bütövlüyünü təmin etmək, milli birliyi möhkəmləndirmək işinə dönməz sadiqliyinin sınağı oldu.
Ölkədəki və onun hüdudlarından uzaqlardakı böyük və sarsılmaz gücümüzü real təcrübədə gördük.
Yaddaşımızda babalarımızın “El gücü, sel gücü”, “El bir olsa dağ oynadar yerindən” deyimləri yeni,
əməli fəaliyyət müstəvisində təzələndi, azadlıq müharibəmiz xalqımızın min illərdən süzülüb gələn
təmiz milli-mənəvi dəyərlərinin, azadlıq uğrunda mübarizə ruhunun imtahanı, onun dəyanətliliyinin
və mətinliyinin ayarı sayıla bilən məhək daşı oldu.

Biz bu tarixi qələbəmizin şahidləri və iştirakçıları kimi əlbəttə çox sevinirik və vətənimiz, xalqımız,
ordumuz üçün qürur hissi keçiririk. Bu Vətən müharibəsində müzəffər ordumuzun Qalib Ali Baş
Komandanı, Prezident İlham Əliyevin ilk gündən qəti qələbə əzminin, mahir siyasətçi və əzmkar
sərkərdəlik məharətinin, dönməz və qətiyyətli iradəsinin düşmənə və onun dünyadakı havadarlarına
qarşı qalibiyyətli mübarizəmizdə həlledici rol oynadığını, ordumuza və xalqımıza necə güc verdiyini
izləməkdən və görməkdən iftixar duyuruq. Lakin etiraf edək ki, qələbənin miqyasını dərk etməkdə,
necə deyərlər, onu həzm etməkdə, onun miqyası və mahiyyətini, keçmişin qara ləkəsini yuyub
gələcəyə necə işıq saldığını layiqincə dəyərləndirməkdə hələ zamana ehtiyacımız var. Zaman ötdükcə
dövlətimizin və ordumuzun bu tarixi qələbəsinin bütün tariximizi, milli varlığımızı, dövlətçilik ənənələrimizi, fiziki və mənəvi dünyamızı necə dəyişdiyinin daha çox fərqində olacağıq.

Biz həmişəlik yadda saxlamalıyıq ki, bu qələbəmizlə Azərbaycan tarixində yeni mərhələnin başlanmasının şahidi və xoşbəxt iştirakçısıyıq. Bu yeni tariximizi dərin zəkası və qüvvətli yumruğu ilə yazan, xalqımızın iradəsini savaş və siyasət meydanında gerçəkləşdirən və tarixi yaddaşımıza həkk edən qüdrətli Prezident və Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Vətən müharibəsini qələbəyə çatdıran qalib Azərbaycan Ordusudur.

Əlbəttə, hamıya aydındır ki, müharibədə qələbə olduqca çox amillərin bir-birini tamamlaması, ardıcıl, məqsədyönlü, kəsərli, ölçülüb-biçilmiş kompleks səylərin və mübarizənin nəticəsində əldə edilir, lakin
müharibənin ilham verəni, bütün xalqı ətrafında birləşdirib vahid məqsəd üçün səfərbər edəni və hər
anına rəhbərlik edib yönəldəni olmasa hazırki ağır şərtlər altında bu möhtəşəm qələbəyə nail olmaq
mümkün olmazdı. Prezident İlham Əliyev düşmənin başı üstündə Damokl qılıncı kimi tutdugu
yumruğunu xalqımızın birlik və güc simvoluna çevirdi.

Dövlətin başçısı milli ruhun daşıyıcısı və ilhamverici qüvvəsi olaraq da bütün vətəndaşların güc və
enerjisini qələbəyə yönəltdi. Qələbə də, milli varlığımızı, milli kimlik və mənsubiyyət fəlsəfəmizi,
bütövlükdə milli ruhumuzu yeni-yeni keyfiyyətlərlə doldurur, onu yaşadır, əbədi edir. Aydın dərk
edilmiş və mübarizədə bərkimiş vətənpərvərlik isə insanı hər zaman qəhrəmanlığa, şərəfli ömür
sürməyə və əməli ilə vətəni, dövləti şərəfləndirməyə sövq edir.
Bir sözlə, Vətən müharibəsi insanların illər boyu vərdiş etdikləri həyat fəlsəfəsini dəyişdi, yeni bir
təfəkkür hadisəsini - qalibiyyət fəlsəfəsini doğurdu, ordu və bayraq sevgisini həmişəlik könüllərə və
zehinlərə yerləşdirdi, hər kəsə yeni həyat gücü və enerjisi bəxş etdi. İndi elə bir vətəndaşımız tapılmaz
ki, ən qısa zamanda mənfur düşməndən azad edilən müqəddəs torpaqlarımızı ziyarət etmək arzusunda olmasın. Burada qocaman xalq şairimiz, vətən və təbiət sevdalısı Musa Yaqubun illər öncə

yazdığı, vətəndaşlarımızın hisslərinin bariz ifadəsi olan aşağıdakı şeiri yadıma düşdü:

Bəlkə də borcundan çıxmadım vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də qoynunda qoy ölüm ki, mən,
Çürüyüm, bir qarış torpağın artsın.
Bu gün vətəndaşlarımızda sonsuz bir torpaq sevgisi var. Vətən müharibəsi həmvətənlərimizin
qəlbinin, ruhunun dərinliklərində öz oyanış vaxtını gözləyən enerjiyə yol açdı, adi həyatda fərqinə
varmadığımız, lakin vətən torpaqları uğrunda ölüm-dirim mübarizəsi anında bir anda baş qaldıran
mübarizlik və qəhrəmanlıq xüsusiyyətləri hər kəsə siraət etdi. Fərdi qəhrəmanlıq qrup və kollektiv
qəhrəmanlığı doğurdu, qısa zamanda bu bütün xalqın qəhrəmanlığına yol açdı. Müharibənin ilk
günündən Ali Baş Komandanın tam qələbəyə inamlı çağırışı, zəfər ümidli müraciətləri bütün xalqımızı
qəhrəmana çevirirdi. Genetik kodlarımızda oturduğuna görə bu çağırışlar babalarımızın döyüş ruhunu və vərdişlərini dirçəltməyimizə və döyüş meydanında təsdiq etməyimizə gətirib çıxardı. İndi biz də
alnıaçıq surətdə qəhrəman xalqların sırasındayıq. Böyük şairimiz Məmməd Araz demişkən, “içimizdən
dovşanı qovub özümüzü boz qurd” edə bildik, millətimizin içərisindəki “lovğa mənləri” tarixə gömərək
“Biz birlikdə güclüyük” deməyə və bu gücü ortaya qoymağa nail olduq.

Ulu öndər Heydər Əliyev
deyirdi: “Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır”.
Əlbəttə, bu, öz-özünə baş verən proses deyil, bu, yalnız ardıcıl milli siyasət yürüdülməsi, məqsədyönlü
dövlət strategiyasının həyata keçirilməsi sayəsində tədricən formalaşan, zamanın tələb etdiyi həyati dönüş anında isə yatmış vulkan kimi püskürən bir prosesdir. Bu, milli ruhun və dirənişin üsyan anıdır, özünütəsdiq nöqtəsidir.
Tarixdən və siyasi elmlərdən məlumdur ki, dövlət öz siyasəti ilə milli ruhu canlandırır, onu yeni
dövrün çağırışlarına səfərbər edir, taleyüklü dönəmlərdə isə onun coşqusuna yön və istiqamət
verərək milli vəzifənin yerinə yetirilməsinə cəlb edir. Ölkənin bütün etnik mənsubiyyətli
vətəndaşlarını aparıcı, dövlətqurucu xalqın ətrafında sıx birləşdirib bir ürək, bir can etməklə dövlət bu
vəzifəni uğurla yerinə yetirir. Vətən müharibəmiz bütün xalqımızın, tək bir millət kimi birlik və vəhdətinin alnıaçıq sınağı oldu, əslində bütün millətimizin qəhrəmanlığı ən çətin şəraitdə nümayiş olundu və öz haqlı təsdiqini tapmış oldu.

Yeri gəlmişkən bu tarixi qələbəmiz yalnız bizləri deyil, Vətənin azadlığı üçün öz qələmləri və çağırışları
ilə qəhrəmanlıq və qələbə ruhunu illər boyu xalqımıza təlqin edən, vətən davasına çağırışlı şeirləri və
əsərləri ilə xalqımızın tarixi yaddaşında daimi yerlərini almış Xəlil Rzanın, Bəxtiyar Vahabzadənin,
Məmməd Arazın, Qabilin və onlar kimi nə qədər torpaqlarımızın azadlığını görmədən bu dünyadan
nisgilli köçən fikir və sənət adamlarımızın ruhunu da sevindirdi.
Təbiidir ki, qələbələr bir qayda olaraq qəhrəmanlıq dastanları yaradır. Belə dastanlar da yeni nəsilləri
hər zaman, hər işdə qələbəyə ruhlandırır. Qəhrəmanlıq dastanlarında milli-fəlsəfi qayə xüsusilə qüvvətli olur. Hüseyn Cavid “Bugünkü müharibədə toplar, tüfənglər deyil, hər məmləkətin ədəbiyyat və fəlsəfəsi ilə bəslənən beyinlər də ayrıca haizi-əhəmiyyətdir” dediyində nə qədər haqlı imiş. Biz indi bu günədək vətənsevərlik sahəsində “külüng” vuran bütün yaradıcı şəxsiyyətlərimizin,
müəllimlərimizin, milli qeyrətli dövlət və siyasət xadimlərimizin zəhmətlərinin hədər getmədiyinin
şahidi oluruq, bu fəaliyyətlərin bəhrə verdiyini məmnuniyyətlə seyr edirik.
Etiraf edək ki, indiyədək yaralı bir bədən kimi olsaq da, yeri gəldi-gəlmədi yetərincə çalıb-oynamışıq.
Bundan belə isə, mənim fikrimcə bayağılıqdan, cəmiyyətimizə yad olan dəyərlərdən (əslində dəyərsizliklərdən) uzaq durmalı, əsil milli-mənəvi dəyərlərimizə sahib çıxmalıyıq. Vətən müharibəsində qazandığımız qələbəni sadəcə çalıb-oynamaqla qeyd etməli deyilik. Bu qələbəni dərin məntiqi-siyasi-bədii-fəlsəfi dərinliklə təhlil edib düşündürən, onu tarixi yaddaşımıza həkk edən bir hadisəyə çevirməliyik. Bu illər boyu biz nədən məğlub idik, qələbəyə gətirən yolu necə keçdik,

qələbəmizə necə nail olduq? suallarını unutmamalıyıq.

Qələbəyə fəlsəfi düşüncə ilə yanaşsaq, onun böyük dəyişdirici gücünü görərik. Əlbəttə, qələbəni
təmin edən, yuxarıda da vurğuladığımız kimi, bütövlükdə dövlətdir. Dövlətin siyasi iradəsini,
strategiya və taktikasını müəyyən edən, həyata keçirilməsinə rəhbərlik edən isə xalqın seçdiyi dövlət
başçısıdır. Prezident İlham Əliyevə 17 il ərzində xalqımızın mütləq əksəriyyətinin güvən və etibarı,
onun şəxsiyyətinə, siyasi iradəsinə, vətənə və dövlətçiliyimizə sədaqətli xidmətinə xalqın inamı da bu
tarixi qələbəmizdən sonra keyfiyyətcə yeni mərhələyə daxil oldu. Həm xalqımız, həm ordumuz, həm
də Prezidentimiz üçün 44 günün hər biri şərəf və ləyaqət günü oldu. 44 günlük müharibə xalqımızın
bütün mənsublarını istər ölkədə, istərsə də onun hüdudlarından kənarda bir yumruq kimi səfərbər
edib birləşdirdi.

Vətən müharibəsində qələbələrimiz təlim-tərbiyə işimizin on illərlə yetişdirə biləcəyi müsbət mənəvi
keyfiyyətləri 44 gündə elə gücləndirdi, ona elə bir yeni məzmun verdi ki, bunu ancaq dərin fəlsəfi
təhlil ilə xırdalamaq olar.

Məlumdur ki, müstəmləkəçilikdən azad olan əksər xalqlara xas olan ümumi cəhətlər var. Bunlara qısa
nəzər salsaq görərik ki, bunların sırasında xalqın bir sıra mənsublarında hələ də özünə münasibətdə aşağılıq sindromu, zəiflik, öz gücünə güvənməmək hissi və bu kimi siyasi-mənəvi asılılıqdan qaynaqlanan xüsusiyyətlər qalmaqdadır. Azadlıq əldə edən xalqların bir çoxu bu sindromdan daha tez yaxa qurtara biliblər. Bizdə isə, müstəqilliyin ilk illərində ardıcıl dövlət siyasətinin olmaması, əslində
dövlətin siyasət qanunları ilə deyil, meydan psixologiyasından doğan subyektiv, spontan qərarlar və
üsullarla idarə edilməsi, bir sıra hallarda isə ümumiyyətlə idarəçiliyin mövcud olmaması, bununla
yanaşı, torpaqlarımızın təcavüzkar Ermənistan dövləti tərəfindən işğalı və bu işğala böyük güclərin
dəstək verməsi bu prosesi daha da uzatmışdı. 1993-cü ildə ulu öndər Heydər Əliyevin hakimiyyətə
dönüşü bu xüsusların əksəriyyətinin aradan qalxmasına, xalqımızın milli birliyinin və dövlətçilik
təəssübkeşliyinin kökündən dəyişməsinə şərait yaratdı. Milli dövlətçiliyin ehtibarlı təməli və onu
əbədi yaşatmağın iqtisadi-siyasi zəminləri qoyuldu.

Yeni siyasi şəraitdə, 2003-cü ilin oktyabrında Prezident seçilən İlham Əliyevin qarşısında duran
vəzifələr sırasında, əlbəttə ki, birinci dərəcəli vəzifə torpaqlarımızı işğaldan azad edərək, Azərbaycan
Respublikasının pozulmuş ərazi bütövlüyünü təmin etmək idi. Lakin etiraf edilməlidir ki, siyasi
müzakirələrin dalana dirənməsi, Ermənistanın davakar, ekstremist rəhbərlərinin danışıqlar pərdəsi
altında həmsədr ölkələr tərəfindən də örtülü şəkildə dəstəklənən işğalı əbədiləşdirmək siyasəti
xalqımızın müəyyən təbəqələrində ümidsizlik doğurmuşdu, bir sıra hallarda təəssüf və ağrı ilə əlini
yelləyib Qarabağ və ətraf rayonlarımızın əlimizdən birdəfəlik çıxdığını da büruzə verənlər var idi.
Xoşagəlməz vəziyyət bu və ya digər formada 27 sentyabradək davam edirdi. Bu mənada 27 sentyabr
2020-ci il tarixi həm də müsbət anlamda xalqımızın təfəkküründə, düşüncəsində, əməli fəaliyyətində
bir qırılma nöqtəsi oldu. İllər boyu torpaqlarımızın düşməndən geri alacağımıza xalqımızı ruhlandıran,
silahlı qüvvələrimizin ən modern silah və texniki vasitələrlə təchizini təmin edən və hərəkət anını böyük strateji ustalıqla müəyyənləşdirən Ali Baş Komandan xalqımızın həyəcanla gözlədiyi Vətən müharibəsini başlatmaqla məğlubiyyətdən qalibiyyətə keçid yolunu açdı.

Məğlubiyyətin acıları məlumdur: ağrı, kədər, əzab, əziyyət, ümidsizlik, çarəsizlik, təəssüf, xəcalət,
rüsvayçılıq, başıaşağılıq, ağlayıb-sızlamaq, ah-nalə çəkmək, qüssə, nisgil, həsrət və bunlardan qaynaqlanan mənəvi ruh düşkünlüyü, şəxsiyyətin özünün və ölkəsinin gələcəyinə inamsızlığı. Bu hallar şəxsiyyətin rasional düşünməsinə ciddi mane olur, mütilik psixologiyası təlqin edir.

Qələbənin fəlsəfəsi isə bütün bunların tam əksini təşkil edir. Şərəf, ləyaqət, qürur, iftixar, böyüklük,
güclülük, yenilməzlik, qalibiyyət, müsbət mənalarında “eqo”, biz, bizim xalq, bizim vətənimiz, bizim
dövlətimiz, bizim Prezidentimiz, Ali Baş Komandanımız. Qələbə ilk növbədə özünə güvən, xalqın birlik
gücünə inam yaradır, sanki yalnız döyüş meydanında deyil, həyatın bütün sahələrində qalib gəlmək
enerjisi “istehsal” edir.

Ümumiyyətlə, qələbə insanın təfəkkürünü dəyişir, bu müsbət istiqamətdə də ola bilər, mənfi də. Bu
ondan asılıdır ki, hansısa müharibədə və kim tərəfindən qazanılır. İşğalçı müharibədə istilaçının
qələbəsi bütöv bir xalqın adi şüurunu istismar edib hüquq və ədalətin deyil, qaba gücün üstünlüyünü
və aliliyini təlqin edərək insanlığa yad olan, sağlam düşüncəyə uyğun gəlməyən “keyfiyyətlər” yaradır.
Faşizm, neofaşizm meylləri istilaçı millətin zehninə hakim olur, onun hərəkətləri üçün cəzasızlıq hissi
yaradır, onu yeni aqressiyaya təhrik edir.

Vətən müharibəsi aparan, öz ərazisində işğal edilən torpaqları azad etmək üçün müharibə aparıb
zəfər çalan xalqın və onun ordusunun, sivil vətəndaşının və əsgərinin düşmən üzərində qələbəsi isə
tamamilə fərqli meyarlar yaradır, vətəndaşın düşüncə və fəaliyyətinin məzmununu, formasını, tərzini,
miqyasını müsbət istiqamətdə dəyişdirir, birbaşa insan mənəviyyatına nüfuz edir.

Qeyd etməliyik ki, Vətən müharibəmizdə parlaq qələbəmiz tarixən xalqımıza xas olan ədalətə inamı artırdı, diqqətəlayiq
isə budur ki, ədaləti özümüz bərpa və bərqərar etdik. Aydındır ki, uzun illərdən sonra ilahi ədalətin,
hüququn aliliyinin, insanların təməl haqlarının təmin edilməsi birlik və vəhdətin sarsılmaz gücünü
göstərməklə yanaşı, milli birlik hisslərinin gücünü ortaya qoyur.
Qələbə Vətən üçün ümummilli iftixar hissi yaradır. Məmməd Arazın “Vətən daşı olmayandan olmaz
ölkə vətəndaşı” misraları qəlblərə və zehinlərə nüfuz edir. İndi ulu öndərin “Mən fəxr edirəm ki, mən
azərbaycanlıyam” kəlamı daha iftixarla səslənir. Çünki azərbaycanlı olmaq qalib olmağı zəruri edir.
Unutmamalıyıq ki, düşmən üzərində qələbəmiz Heydər Əliyevin azərbaycançılıq siyasətinin
qələbəsidir, onun təntənəsidir. Akademik Ramiz Mehdiyev yazır: “Azərbaycançılıq ideyasının dərk
olunmasının əsasında Azərbaycan xalqının tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri zəminində birlik
ideyası durur və bu nəinki indi, həm də uzaq gələcəkdə azərbaycanlıların bir çox nəsillərinə xidmət
edəcəkdir”.

Bu qələbə Heydər Əliyev siyasətini dönmədən həyata keçirən, ölkəmizin bütün etnoslarını vahid Azərbaycan milləti kimi Vətən müharibəsinə hazırlayan, “Mən hər bir azərbaycanlının prezidentiyəm”, “Azərbaycan dünyanın bütün azərbaycanlılarının vətənidir” - deyən Prezident İlham Əliyevin birləşdiricilik, quruculuq, xilaskarlıq missiyasının təntənəsidir.

Qalibiyyətli Vətən müharibəsində azərbaycanlı kimliyi, vətəndaş millətçiliyi, vətən mənsubiyyəti etnik
çərçivələri aşaraq bütün Azərbaycan xalqını bir yumruq kimi birləşdirdi. 44 gündə düşmən üzərində hər yeni qələbəmiz Prezident İlham Əliyevin yumruğunu daha güclü, daha yenilməz birlik və güc rəmzinə çevirdi. Bir yumruq kimi birləşən xalqımız həm öz möhtəşəm birliyi ilə, həm də bu birlikdən qaynaqlanan gücü ilə, Ali Baş Komandanın ifadəsi ilə desək, düşmənin başını əzdi.

Qələbəmiz, beləliklə, birliyimizin yenilməz gücünü ortaya qoydu. “El bir olsa dağ oynadar yerindən” -
deyib babalarımız. Belə də oldu. Ölkəmizdə ümumi səfərbərlik elan edilməsə də, hər kəs yaşından və
cinsindən asılı olmayaraq bu Vətən müharibəsində könüllü səfərbər idi. Vətəndaşlarımız ailəliklə
vuruşurdu, qəhrəmanlıqla şəhid olurdu, iki oğlu olan və hər ikisini qurban verən valideynlər, əri və
oğlu şəhid düşən ana mərdanə dayanıb “Vətən sağ olsun” deyirdi. Qəhrəmanlıqla şəhid olan həyat yoldaşının tabutunu çiynində daşımaqla ona son vəfa borcunu verən gənc xanım qəddini dik tutub “Canımız Vətənə fəda” deyirdi.

Bu 44 gündə bütün ölkə vətəndaşları bölgəsindən asılı olmayaraq qarabağlı idi. Xain düşmənin
bombaladığı Tərtərin, Gəncənin, Bərdənin dinc sakinlərinin dərdini hamımız çəkirdik. Onlar da
“canımız, ev-eşiyimiz əsgərlərimizə qurbandır, təki yurdumuzu mənfur düşməndən azad etsinlər”
deyirdilər. Əsgərimiz necə qeyrət, şücaət göstərirdisə, arxada bütün xalqımız da elə səbr, təmkin
qələbəyə inam nümayiş etdirirdi. Çünki xalq onun etimadını doğruldan Prezidentinə tamamilə inanırdı, güvənirdi. Tarixi qələbəmiz bu baxımdan mənəvi dünyamızı da çox zənginləşdirdi. Xalqın dövlətə və dövlətçiliyə bağlılıq telləri daha da möhkəmləndi.

44 gün ərzində ölkəmizdə tamamilə yeni, fərqli bir sosial-psixloloji vəziyyət yaranmışdı. Prezidentin
xalqa hər müraciəti, ya xarici kütləvi informasiya vasitələrinə müsahibəsi xoş həyəcanla izlənirdi. Ali
Baş Komandanın hər bir qələbə müjdəsi ordumuzun əsl qəhrəmanlıq şücaətlərindən xəbər verməklə,
eyni zamanda bütün xalqı inamlı qələbə ruhuna kökləyirdi.

Prezident İlham Əliyev əsla xeyirxah olmayan xarici junalistlərə cavablarında dronlarımız kimi dəqiq
hədəfə vururdu, həm Azərbaycan həqiqətlərini yeridir, həm də ölkəmizə, ordumuza qarşı böhtan və
iftiraları dəlillərlə ifşa edirdi.

Ordumuzun qalibiyyətli ölüm-dirim savaşı cəbhədə gedirdi və xalq onun
təfərrüatlarını deyil, nəticələrini görürüdü. Prezidentin beynəlxalq güclərin və qurumların ölkəmizə
təzyiqlərə qarşı mübarizəsi isə bütün xalqın gözü qarşısında baş verirdi. Prezidentin qəti və prinsipial
mövqeyi, özünə, arxalandığı xalqa və orduya inamı isə bütövlükdə Azərbaycan xalqını, həmçinin
dünyanın müxtəlif ölkələrindəki azərbaycanlıları, başqa ölkələrin vətəndaşları olan soydaşlarımızı
dünyanın bütün azərbaycanlılarının vətəni olan Azərbaycan Respublikası naminə birləşdirir və
konsolidasiya edirdi. Vətən naminə döyüşə könüllü yazılanlar o qədər çox idi ki, dövlətin ümumi
səfərbərlik elan etməsinə ehtiyac belə qalmamışdı. Döyüşlərdə yaranan dostluq kimi, Vətən müharibəsində özünü təsdiqləyən və bərkiyən milli həmrəyliyimiz də artıq qırılmaz, geridönməz və əbədidir.

Əminik ki, 44 gündə ruhumuza hakim olan bu həmrəylik və möhkəm birlik vətənimizin bundan sonra
da etibarlı müdafiəsində və qarşıdakı genişmiqyaslı quruculuq işlərində öz bəhrəsini verəcək.

Bu 44 günlük müharibə tarixi yaddaşımızı oyatmaqla yanaşı, eyni zamanda yaxın və uzaq gələcəkdə
də bu yaddaşı oyaq və sərvaxt tutmağı, heç bir kiçik təfərrüatı belə qətiyyən unutmamağı zəruri edir.
Çünki düşmən adi, sıradan bir düşmən deyil, olduqca zalım, qansız, vicdansız, bir sözlə bütün insani
keyfiyyətlərdən uzaq, yırtıcı xislətli bir “vəhşi qəbilədir”. Atalar məsəlimizdəki “Qarı düşmən dost
olmaz” deyimi tam bu düşmənin boyuna biçilib. Nəzərə almalıyıq ki, “sülh” bağlanması labüddür,
olmalıdır, bütün əski müharibələrin sonunda olduğu kimi. Amma tarixin dərslərindən də gördüyümüz
kimi, bu düşmən heç vaxt dost ola bilməz, çünki dostluq onun xislətində yoxdur. Xalqlar dostluğu
deyilən kəlmə bunlara aid deyil, çünki onların “xalq” adlanmağa haqları yoxdur. XXI əsrdə belə misli
görünməmiş vandalizm törədənlərin xalq adlanmağa haqqı çatmır.

Yumruğumuz daim başlarının üstündə olmaldır ki, Prezidentimizin dediyi kimi bizim tərəfə baxmağa
belə cəsarət etməsinlər. Əlbəttə, bir tarixçi və diplomat olaraq illər boyu bir-biri ilə müharibələr
aparan xalqların, dövlətlərin, sonunda sülh və əməkdaşlıq, hətta müttəfiqlik yolunu seçdiklərini və
bunun çoxlu nümunəvi örnəklərinin olduğunu bilirəm və məqsədim heç də düşmənə nifrət hisslərini
qızışdırmaq deyil. Məqsədim ermənilərin tarixin müxtəlif dövrlərindəki xəyanətlərinin, 1905-ci ildə, 1918-1920-ci illərdə, 1988-1994-cü illərdə xalqımıza qarşı etdiyi soyqırımlarının, zorakı köçürmə
siyasətlərinin, ata-baba torpaqlarımıza acgözlüklə yiyələnmələrinin acı nəticələrinin dərslərini unutmamağı təlqin etməkdir. Qonşu olduğumuzdan qarşılıqlı kommunikasiya asılılqlarına görə, xoş niyyətimizə görə təbii ki, ermənilərlə əməkdaşlıq edəcəyik. Lakin 30 illik erməni işğalının və 44 günlük qalibiyyətli Vətən müharibəsinin verdiyi mühüm dərslərdən biri hər zaman ehtiyatlı olmaq, düşməndən qat-qat güclü olmaq, onlara və havadarlarına xas olan yağlı dillərə və feillərə əsla uymamaqdır.

Tərlan Rüstəmova

323 saylı tam orta məktəbin İngilis dili müəllimi

Digər xəbərlər