Sosial

  • 5 557

Kənd adları – tariximizin güzgüsü Onları dəyişərkən diqqətli olmalıyıq... Araşdırma

image

Xalqın tarixini özündə yaşadan bir çox məqamlar vardır. Arxivlər, muzeylər, canlı abidələr, məscidlər, pirlər kimi, yer adları, hətta insan adları tarixin güzgüsüdür. Zaman-zaman bunları qoruyub saxlamaqla, əsrlərdən-əsrlərə adlatmaqla tarixin güzgüsündə özümüzü görə bilərik. O güzgüdə gördüklərimiz dünənimizdir. Dünənimizi bu günə gətirib çıxarmaq, bu gündən gələcəyə aparmaq isə, təbii ki, öz əlimizdədir.
Azərbaycan tarixin keşməkeşli yollarında hər zaman maneələrə rast gəlmişdir. Yad əllər, tamah dişləri həmişə bu xalqın üstündə olmuşdur. Alın yazımız olanlar, qonşu nəsibimiz istəkləri naminə məqam düşən kimi tariximizə əl gəzdirməklə gələcək planlarını asanlıqla yerinə yetirmək üçün şərait yaradıblar. Buna səbəb nə olub?

70 ilin əsarəti

Düşünürəm ki, 1918-ci ildə əldə etdiyimiz müstəqilliyimizi qoruyub saxlaya bilsəydik, başımıza da bu qədər bəlalar gəlməyəcəkdi. Hamımızın məlumatlı olduğu o bəlaları qoyaq bir kənara. Mövzumuzla əlaqədar olanlarından - 70 ildə şəhər, rayon, qəsəbə və kənd, küçə adlarımızın dəfələrlə dəyişdirilməsindən söhbət açaq. Nankor qonşumuzun bu məsələdə fəallığı, arxa-dayaqlarının köməyi ilə nələr etdikləri də məlumdur. Zaman-zaman bizimlə bir rayonda, kənddə yaşaya-yaşaya gələcək üçün guya bu torpaqların sahibi olduqlarını təsdiq edən mənbələr hazırlayıblar. Yalan və böhtanları ilə özlərini dünyaya qədim torpaq sahibləri kimi tanıtmağa çalışıblar. Belə olan halda isə onların qarşısına ziyalılar, tarixçilər, etnoqraflar çıxıb, həqiqəti tarixin süzgəcindən keçirib ortaya qoymağı bacarıblar. Belə ki, müstəqillik illərində dəfələrlə rayon, qəsəbə və kənd adlarımız araşdırılıb, onların qədim adları müəyənləşdirilib və dəyişdirilib.

Qarabağın 30 illik işğalı dövründə də ermənilər rayon, kəndlərimizə qondarma adlar vermişdilər ki, onların əksəriyyəti torpaqlarımız azad edildikcə dövlətimizin başçısı tərəfindən dəyişdirildi. Digər yer adlarının araşdırılması haqqında göstəriş verildi.

Vətən müharibəsindən sonra işğaldan azad olunan Kəlbəcər və Laçına səfər edən Prezident bir daha vurğuladı ki, indiki Ermənistan ərazisində yerləşən bütün qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə çağırılmalıdır: “Misal üçün, Naxçıvan-Ermənistan sərhədində mövcud olan gərginliklə bağlı mən indi mətbuatı izləyirəm. Bizim mətbuatda yazılıb ki, Ermənistanın “Yerasx” kəndində, onun ətrafında hansı hadisələr baş verir. Bu kəndin adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. Ona görə bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir. Bu adlar bizdə müxtəlif kitablarda da öz əksini tapıb. Ona görə xahiş edirəm ki, həm jurnalistlər, həm ümumiyyətlə, insanlarımız bu yerlərin əsl adlarını çəksinlər - Vardenis yox, Basarkeçər rayonu, Basarkeçər şəhəri”.

Kənd adlarımız – tarixin özü

Yer-yurd adlarından söhbət düşəndə ermənilərdən xilas edilən rayon, kəndlərimizlə yanaşı, digər kəndlərimizə də nəzər salınmalıdır. Çünki bu adlar tariximizin güzgüsüdür. Kəndlər öz adları ilə gələcək nəsillərin istinad yerləridir. Ona görə də indi xeyli sayda kəndlərimiz var ki, onların adlarına yenidən baxmaq lazımdır.

Kənd adları tək etnoqrafların deyil, hər bir vətəndaşın diqqətini cəlb edir. Kəndlərimizdə uznömürlü insanlar var ki, onlar etnoqraflar üçün canlı abidədir. Nə qədər ki, yaşayırlar, onların söhbətinə, məsləhətinə də ehtiyac var. Çünki elə kəndlərimiz var ki, həmin uzunömürlü insanların söhbətinə əsasən o kəndə tarixi ad vermək olar.

Bu günlər kəndlərimizin adlarına nəzər salarkən onlardan bir neçəsi haqqqında fikirləşməli oldum. Tarixçi, etnoqraf olmasam da, bir ziyalı kimi o kəndlərin adları məni çox maraqlandırdı.

Diqqətçəkən kənd adları

Tərtər rayonunda Sarov, Bəyimsarov və Maralyansarov adlı kəndlər var. Bu kəndlərə məxsus toponimdə göstərilir ki, Sarov kəndi Cənubi Azərbaycanın Sərab mahalından gəlmə ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Goranboy və Tərtər rayonlarında keçmişdə üç Sarov adlı kənd vardı. İkisi Goranboy (keçmiş Qasım İsmayılov) rayonunda imiş. Sarovların birində ermənilər gəlib yaşadığına görə erməni Sarov, digəri Müsəlman Sarov adlanmışdır.

Bəyimsarov İncəçayın sağ sahilində, Qarabağ düzündədir. XVIII əsrə aid sənədlərdə kəndin adı Sarov kimi qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini Cənubi Azərbaycanın Sərab əyalətindən gəlmiş ailələr saldığı üçün belə adlandırılmışdır. Sonralar bu kənd Qarabağ xanı Mehdiqulu xanın bacısı Azad bəyimə cehiz olaraq verildiyi üçün kəndin adının əvvəlinə bəyim sözü əlavə edilmişdır.

Maralyansarov isə Cənubi Azərbaycanın Ərdəbil əyalətinin Bərzənd mahalında Maraluy kəndindən çıxmış ailələrin XVI əsrdə məskunlaşması nəticəsində yaranmışdır. Bu da Maraluy kənd- adından fars dilində cəm bildirən-an şəkilçisindən ibarətdir.

Göründüyü kimi, hər üç kəndim toponimi bir-birinə bənzəyir. Cənubi Azərbaycandan gəlmiş ailələrin məskunlaşdığı üçün yaranmışdır. Lap yaxşı. Lakin ola bilməz ki, bu kəndlərin yerləşdiyi ərazilərin qədim adları olmasın. Kəndlərə həmin qədim adlar verilərdisə, daha yaxşı olardı. Məsələn, Bəyimşarov sadəcə olaraq Bəyim kəndi də adlandırıla bilər. Digərləri isə təbii ki, yerləşdikləri yerlərlə bağlı olarsa, daha anlaşıqlı adlarla qarşılaşarıq.

Tərtər rayonunun digər bir kəndi var- Qasapet. Kəndin tarixi haqqında məlumat belə təqdim olunur: 1593-cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Xaçın sancağının Çiləbörd nahiyəsinin kəndi.Kəndin adı Qəssаblаr olaraq keçir. 1727-ci ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyalətinin Qarabağ livasının Çiləbörd nahiyəsinin kəndi.Kəndin adı Qıssааbаd olaraq keçir.

Bu kəndin adını Qəssablar olaraq saxlamaq Qasapetdən daha yaxşı olmazdımı?

Başqa bir kənd adı-Qazyan. Kəndin tarixi belə izah olunur: Kəndin düzgün adı "Qazian"dır (yəni qazılar). Ərəb dilində qazi “kafirlərə qarşı vuruşan döyüşçü vədəstə, qoşun başçısı” mənasındadır. Orta əsrlərdə qazilər həm sərhəd qoşunu, həm də dini qurumların və dövlətin başlıca zərbə qüvvəsini təşkil edirdilər. “Kitabi Dədə Qorqud”da qazi - ərənlər formasında işlənir. Qızılbaş tayfaları içərisində qazilər (qazian) tayfası da vardır. Azərbaycan ərazisindəki Qazian (Qazyan) adlı toponimlər bu tayfaların adı ilə bağlıdır. Qazyan coğrafi adının mənası belədir: an – məkan, yurd, oba adını bildirir. “Qazi” isə tayfa adıdır, yəni “qazi” tayfalarının yaşadığı yer mənasını verir.

Hər iki mənada “Qazi” və bu tayfanın yaşadığı yer mənasını ifadə edirsə, bu kəndin adını Qazyan deyil, Qazilər adlandırmaq daha müvafiq olmazdımı?

Digər kəndimiz isə Meqrelalaydır. Tarixçəsində göstərilir ki, əvvəllər Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Meqrelalay kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir. Kəndin adı 29 dekabr 1992-ci ilə qədər Minqrelks olmuşdur.

Tərtərin digər kəndi isə Zolgərandır. Azərbaycan dilinin dialektlərində zol “gön parçası”, zola isə “yoğun ağac, tir” mənalarında işlənir. Kəran toponimik termin olub “kənd” mənasını ifadə edir. Yəni belə bir nəticə çıxarmaq olar ki, bu kəndin adının mənası yoğun ağaclı kənddir.

Düşünürəm ki, həm Meqrelalayın, həm də Zolgəranın yerləşdiyi əraziyə uyğun yeni, anlaşıqlı adların verilməsinə ehtiyac var.

Maraqlıdır, Tərtər rayonunda olan Serov, Maralyanserov və Bəyimserov kəndlərinin adları Cəbrayıl rayonunda Aşağı Maralyan və Yuxarı Maralyan adındadır və tarixçələri də oxşardır: Bəzi tədqiqatçılara görə, yaşayış məntəqəsi Cənubi Azərbaycanın Maraluy kəndindən çıxmış ailələrin XIX əsrin əvvəllərində şimala köçərək burada məskunlaşması nəticəsində yaranmışdır və “maraluylular” mənasındadır. Başqa bir versiyaya görə isə “mara” - örüş, “li” - mənsubiyyət və “an” - məkan, yer bildirən şəkilçilərdən yaranmış və “örüşü olan yer” mənasını verir.

Cəbrayılın bu kəndlərinə də kəndin həmin ərazilərinin öz adını vermək daha yaxşı olardı. Məsələn Aşağı Örüşlü və Yuxarı Örüşlü kimi. Çünki kimsə haradan bizim ərazilərə köçərkən həmin ərazilərə onun kəndinin adını verməkdənsə, bizim ərazinin tarixi adını vermək daha yerinə düşmüş olar.

Cəbrayıl rayonunda daha iki kənd haqqında danışaq: Sirik və Aşağı Sirik. Kəndlərin oykoniminin sirak tayfasının adı ilə bağlılığı güman edilir. 1917-ci ildə kəndin adı Sirikli kimi qeydə alınmışdır. Sirik türk dillərində “çubuq” deməkdir. Oykonim “çubuqlu” mənasındadır. Keçən əsrdə Quba rayonunda Çubuxlu Qışlaq, Qusar rayonunda Çubuxlu kəndləri olmuşdur.

Sirik və Aşağı Sirik adlarındansa bu kəndlərin adlarını keçən əsrdəki kimi Çubuqlu və ya Çubuqluq, Aşağı Çubuqlu, yaxud Aşağı Çubuqluq kimi dəyişmək daha başa düşülən, dilə yatan şəkildə olar.

Kəlbəcər rayonunda da maraqlı kənd adları ilə qarşılaşmaq mümkündür. Məsələn, çox maraqlı kənd adı: Bağırsaq kəndi. Tarixçəsində göstərilir: Kəlbəcər rayonunun Yanşaq inzibati ərazi vahidində kənd. Kəndin ərazisi əvvəllər yaxınlıqdakı Qamışlı kəndinin binəsi olmuşdur. Tədricən həmin kənddəki ağayarlı və qazıxanlı nəsillərinə mənsub ailələr burada məskunlaşdıqdan sonra daimi yaşayış məntəqəsinə çevrilmişdir. Kənd öz adını ərazidəki eyniadlı çay dərəsindən və bulaqdan almışdır. Burada dərənin relyef formasının əyri-üyrülüyünə, bağırsaqşəkilli olmasına görə belə adlandırılmışdır.

Zamanında bu kəndə ad verərkən düşünürəm ki, relyef formasının əyri-üyrülüyünü bağırsağa oxşadıb kəndin adını Bağırsaq qoymaqdansa, Əyri Dərə kəndi qoymaq daha uyğun olardı. Çünki adama sual verəndə ki, haralısan, deyəcək ki, bağırsağlı. Və yaxud da Kəlbəcərin digər üç kəndi - Bağlıpəyə, Güneypəyə, Tövlədərə kimi. Deyəndə ki, haralısan, cavab bu olur: bağlıpəyəli, güneypəyəli, yaxud tövlədərəli.

Kəndlərin tarixçələrinə nəzər salaq: Bağlıpəyə- Kəlbəcər rayonunun Ağdaban inzibati ərazi vahidində kənddir. Tərtər çayının sahilində, Murovdağ silsiləsinin ətəyindədir. Kəndin ərazisində qayalıqdakı mağara yaxınlığında keçmışdə kolanılara məxsus mal-qara saxlanılan pəyə yerləşirdi. Mağaranın uc tərəfi bağlı olduğu üçün ərazi belə adlanırdı. Kəndin adı əvvəllər Məşədiməmmədli olmuşdur. Keçmişdə Kolanı tayfasının Məşədiməmmədli nəslinə mənsub ailələr burada məskunlaşmışdılar. Oykonim bağlı və pəyə (tövlə) sözlərindən düzəlib, “qapalı, bağlı tövlə; heyvanların bağlandığı yer” deməkdir.

Güneypəyə kəndi Şərqi Göyçə silsiləsinin ətəyindədir. Kəndin ərazisi əvvəllər Qılıclı kəndinin qoyun binəsi olmuşdur. Yaşayış məntəqəsi XIX əsrdə Qılıclı kəndindən gəlmiş ailələrin güneydə yerləşən bu binədə məskunlaşması nəticəsində yaranmışdır.

Tövlədərə kəndi dağlıq ərazidədir. Yaşayış məntəqəsi əvvəllər qonşu Çiraq kəndinin binə yerində salınmişdir. Kəndin yerləşdiyi dərədə mal-qara tövləsi olduğu üçün dərə Tövlədərə adlanmışdır. Sonralar bu ad kəndə də verilmişdir. Oykonim “tövləsi olan dərədə yerləşən kənd” mənasındadır. Bu kəndin ərazisində qış və yay aylarında mal-qoyun saxlamaq üçün çox əlverişli bir şərait olduğundan, bu ərazidə Çıraq kəndinin sakinləri tövlə tikib heyvandarlıqla məşğul olurmuşlar. Sonralar həmin yerdə yaşayış məskəni salıb adını tövlədərə, yəni tövlələr yerləşən dərə qoyublar. Kəndin bünövrəsini Məmmədalı adlı bir şəxs qoymuşdur. O, kənd camaatının ulu babası sayılır.

Hər üç kənddə gözəl yaylaqlar, bulaqlar var. Bu kəndlərə həmin yaylaq və bulaqların adına uyğun bir ad seçmək olardı. Kəlbəcər qədim tarixi olan ərazimizdir. Burada o qədər tarixi adlar var ki, onları bu kəndlərin adlarında yaşatmaq daha məqsədəuyğun olardı.

Kəlbəcərin digər maraq doğuran kəndləri Zar və Ziveldir. Zar kəndi tarixdə Şəhrizər kimi tanınır. 1970-1980-cı illərə kimi yaşayan çoxyaşlı sakinlər Zara Şəhrizər deyildiyini öz ata-babalarından eşitdiklərini söyləyirdilər. Zər sözü qızıl deməkdir. Şəhrizər, yəni qızılla zəngin olan şəhər deməkdir. Belə ki, Zarın ərazisində torpağın altından tez-tez tapılan qızıl dəfinələr bu sözün həqiqət olmasını təsdiq edir. Əfsuslar olsun ki, Şəhrizər sözünün Zar sözünə keçməsi tədqiq edilməmişdir. Zivel kəndi isə Dəmirdağın ətəyindədir. Kəndi qaraçorlu (hazırda çorlu nəsli adlanır) tayfasına mənsub ailələr hər tərəfi sıldırım olan ensiz uzunsov yerdə salmışlar. Zivel sözü zolaq deməkdir. Kənd iki çayın, Quruselaf və Qaraarxac çaylarının axdığı iki dərənin arasında yerləşir. Dərə zolaq şəklində şərqdən qərbə doğru uzanır. Kəndin adı buradan götürülmüşdür.

Maraqlıdır, vaxtilə bu kəndlərə ad qoyanlar nə üçün görəsən “Zar”ı “Zər”, “Zivel”i “Zolaq” və ya “Çay Zolaq” kimi düşünməyiblər. Axı mümkün olardı…

Kəlbəcərdəki Güneypəyə kəndindən Ağdam rayonunda nə az, nə çox, ikisi var: Baş Güneypəyə və Orta Güneypəyə. Baş Güneypəyə kəndi Qavartu çayının sahilində, dağ ətəyindədir. Oykonim baş (yuxarı), guney (cənub, gün düşən yer) və pəyə (burada yaşayış məntəqəsi) komponentlərindən düzəlib, “yuxarıda yerləşən Güneypəyə kəndi” mənasındadır. 4 noyabr 1991-ci ildə isə Orta Güneypəyə kənd Soveti yaradılmış və Orta Güneypəyə kəndi Baş Güneypəyə kənd Sovetinin tərkibindən onun tərkibinə verilmişdir.

Beləliklə, Ağdamın bu kəndlərində yaşayanlar da eyni suala, haralısan, sualına başgüneypəyəli, ortagüneypəyəli cavabını verməli olurlar. Hansı ki, o kəndlərin adlarını Ağdamın tarixi yerləri ilə əvəzləşdirmək olardı, yaxud da Baş Güneyli və ya Orta Güneyli qoymaq olardı.

Kəndlərimizə ad verərkən düşünək...

Yuxarıda da qeyd etdiyim kimi, yer adlarımız tariximizin güzgüsüdür. Bəli, hər bir rayon, şəhər, kənd adlarımız tariximizi özündə əks etdirir. Buna görə də onları qorumaq hər birimizin vəzifəsidir. Lakin bəzi hallarda, hansısa səbəbdən bu adları dəyişdirmək məcburiyyəti də yaranır. Bax belə anda daha diqqətli olmalıyıq. Bu, tarixçilərimizin, etnoqrafların vəzifələri olsa da, bizim də jurnalist, ən əsası isə vətəndaş kimi bu məsələlərə müdaxilə etməyə haqqımız var. Çünki elə kəndlərimiz var ki, onun toponimini nə qədər axtarırsan tapa bilmirsən. Bilmirsən ki, adı nəyin əsasında ona verilib. O da bu cür bayağı səslənən adlarla özünü göstərir.

Şəxsi fikrimdir, tarixçi, etnoqraf olsaydım, mən pəyə, tövlə sözlərini kənd adlarına əlavə etməzdim. Araşdırmışam, haqqında danışdığım kəndlərin gözəl tarixi yerləri, yaylaq və bulaqları var, onlarla bağlı ad vermək olardı.

Digər tərəfdən isə bir-birinə yaxın, məsələn, yuxarıda vurğuladığım kimi, zar və zər və yaxud zivel və zolaq sözləri olan təqdirdə dilə daha yatımlı olanı, mənasını anladığımızı kənd adı kimi seçmək yaxşı olardı.

Bir sözlə, kənd adlarımız tariximizi, coğrafiyamızı, həyat tərzimizi, mədəniyyətimizi, məşğuliyyətimizi özündə əks etdirir. Bütün bunları nəzərə alaraq həmişə diqqətli olmalıyıq.

Mətanət Məmmədova

Digər xəbərlər