PDF Oxu

Cəmiyyət

  • 2 190

Adı təbii, özü saxta qida əlavələri

image

Kortəbii bitki tərkibli dərmanları, otları istifadə etmək sağlamlıq yox, ölüm gətirə bilər

Təbiət o qədər müdrikcəsinə yaradılıb ki, onda hər dərdin dərmanı, hər bəlanın açarı var. Zəhərli ilanı udan kirpinin bir göz qırpımında zəhər əleyhinə otu tapıb yeməsini, yaralanmış balasını yalayaraq ağız suyu ilə sağaldan yırtıcını, dağ çiçəyi ilə ana südünü qarışdırıb qılınc yarasını sağaldan ananı rəvayətlərdə elə-belə anlatmayıblar. Bu rəvəyətlərin hamısında bir həyat gerçəkliyi var. Yaşlıların, qoca qarıların hər dərdə dava hesab etdikləri min bir çeşid otla alternativ təbabət “sağalmaz!” deyilən çox xəstəni sağaldıb.

Alternativ tibbin üstülüklərini bəzən elə məqamlarda görürük ki, müasir tibb elminin sağalda bilmədiyi bir çox xəstəliyi sağaldan təbibləri sehirbaz kimi qəbul edirik. Halbuki, min illər boyu insanlar yalnız türkəçarə ilə müalicə olunublar. Amma o zamanlar Alllahın yaratdığı adi otu, gülü, çiçəyi biznes maraqlarına alət edənlər yox idi. Dövrümüzdə bu ən asan gəlir mənbəyinə çevrilib.

Ehtiyatlı olun, şəfanın donu dəyişib

Son illərin ən çox gəlir gətirən sahələrindən olan təbii bitkilərdən hazırlandığı iddia edilən dərman bazarı istehsalçı firmalara milyonlar qazandırır. İçində nə olduğunu bilmədiyimiz bu “şəfalı” dərmanlar bizə sağlamlıq əvəzinə əlavə bir neçə xəstəlik də qazandıra bilər.

Başınız ağrıyanda dərman içmək istəməməyiniz normaldır, orqanizminizi təhlükəli kimyəvi maddələrlə zəhərləmək istəmirsiniz, amma televizorda, qəzet və radiolarda “tamamilə bitki tərkibli” deyə reklam edilən hər məhsula da güvənməyin. Bu gün baş ağrısı üçün qəbul etdiyiniz o “təbii” dərman sabah ürək ritminizi poza, böyrək və qaraciyər yetməzliyi yarada bilər.

Bəzən insanlar təzyiqini salmaq üçün, sidiyə gedə bilmək üçün otlar alır, dəmləyib içirlər. Bilmək lazımdır ki, hər otun xüsusi dəmləmə qaydası, istifadə göstərişləri var. Xüsusilə böyrəyində daş olanlar üçün bu cür otlar diqqətlə təyin edilməlidir, əks halda böyrək yetməzliyi yaranar ki, insan ömrünü dializ aparatlarına bağlı keçirər.

“İnsanlar öz sağlamlıqlarına düşməndir”

Təbib Vaqif Əliyev deyir ki, kor-koranə istifadə edilən təbii otlar da insana zərər verə bilər: “Hər gün reklam edirlər, arıqlamaq üçün, şəkəri salmaq üçün, təzyiqi normallaşdırmaq üçün nə qədər dərman təqdim edirlər. İddia edirlər ki tərkibi tamamilə otlardan ibarətdir. Bizim xalqda da belə bir fikir formalaşıb ki, əgər otlardandırsa deməli zərərli deyil, həkimsiz-reseptsiz alıb istifadə edirlər. Nə zəmanət talonu tələb edirlər, nə uyğunluq sertifikatı, nə istehsal icazəsi. Sanki özləri xəstələnmək üçün pulla dərd alırlar”.

Təbib deyir ki, adi otlar insan orqanizminə elə zərər verə bilər ki, nəticəsi çox təhlükəli olar: “Şəkər xəstələrinin həyatı onlar üçün oyuncaqdır, çünki adı, mənşəyi, növü bilinməyən otları bir-birinə qatıb çay düzəldirlər, reklam edirlər ki, şəkərli diabetə xeyirdir, müalicə edir, birdəfəlik yox edir. Şəkərli diabetdən əziyyət çəkənlər də inanıb alır. Axı bilməlidirlər ki, şəkər tamamilə yox olmur, bunu edə bilən dərman, ot yoxdur, sadəcə nəzarətdə saxlamaq olur. Təbii müalicə üçün təbiblər var, otların dilini, xüsusiyyətini bilənlər var, biz bu elmin kökünü öyrənirik, fırıldaqçılıq edərək insanların həyatı ilə oynayanlar kimi müraciət edənlərə hər nə gəldi vermirik”.

Həm dərman ola bilər, həm dərd gətirər

Bitki tərkibli adı ilə aldığınız qarışığın içində kimyəvi maddə də ola bilər, çünki istehsalçı təklif etdiyi “təbii” dərmanın daha çox effektiv olmasında maraqlıdır. Təbib Nisə Qarayeva deyir ki, şəkər və təzyiq üçün təklif edilən bu dərmanlar daha təhlükəlidir: “Hər iki xəstəlikdə qəfil yüksəlmə qorxuludur, odur ki tərkibini bilmədiyiniz qarışıqları alıb içmək doğru deyil. Əgər təyiqiniz yüksəkdirsə evdə dəmləyib içdiyiniz adi yarpız təzyiqinizi normallaşdıra bilər, böyrəyinizdə daş varsa adi solmazçiçəyi bu daşı əridə bilər. Amma efirdə gördüyünüz, içində nə olduğunu bilmədiyiniz qarışıq otları alıb içməyin”.

Müsahibimiz deyir ki, elə bitkilər var ki, onala qarşı xüsusi ilə diqqətli olmaq laızmdır: “Məsələn, rast gəlmişəm, telekanallarda, radiolarda “Paraqvay çayı” adı ilə idmançılara məsləhət görülən bir bitki var, təbii enerji mənbəyidir, fiziki güc verir. Düzdür, güc verir, amma tərkibində kafein olduğu deyilmir. Nəzarətsiz istifadəsi ürək xəstəliklərinə, təzyiq yüksəlməsinə belə səbəb ola bilər. Sonra, rozmarin dediyimiz bitki var, indi daha çox bibəriyə kimi tanınır, sidikqovucudur, amma anemiyası olan, qan təzyiqi aşağı olan, şəkərli diabet xəstəliyi olanlar üçün nəzarətsiz istifadəsi ölümcül ola bilər”.

Son illərin ən çox içilən çay növlərindən biri olan yaşıl çay da sağlamlıq üçün təhlükə yarada bilər. Təbib deyir ki, antioksidant xüsusiyyəti qan-damar xəstəliyi üçün dərmandır, amma arıqlamaq üçün ondan çox içənlər var ki, bu ifrat istifadə təqyiqi oynada bilər, ürək döyünməsi və səbəbsiz narahatlıq yarada bilər: “Adi kəklikotunu çoxumuz sevirik, həm gözəl aroması var, həm də inanılmaz faydaları. Soyuqdəymədən qoruyur, beyində qan dövranını yaxşılaşdırır, baş ağrısını kəsir, yuxusuzluğa xeyirdir, amma ifrat istifadə edilərsə mədə divarlarını yandıra bilər, təzyiqi sala bilər. Acı bibər min bir dərdə dərmandır, amma çox istifadəsi mədə-bağırsaq problemləri yaradır”.

Arıqlama çayları təhlükə mənbəyidir

Gördüyünüz kimi, təbii təbabət əslində müalicə edir, amma kor-koranə istifadə edilən təbii vasitələr xəstəlik də yarada bilər. Arıqlamaq üçün sizə təklif edilən hər dərmanı alıb içməyin, hər otu dəmləyib qəbul etməyin, bu sizin orqanizminizin maddələr mübadiləsini poza bilər. Unutmayın ki, hər təsirli otun, çiçəyin xeyirli tərəfləri ilə bərabər əks təsirləri də ola bilər.

Yeməyi sevirik, amma çəkimizin artmasından da qorxuruq. Bunun üçün çox insan arıqladan çaylar içir. Xüsusilə də iştah azaldan adı ilə sizə təklif edilən “təbii” vasitələri məlumatınız olmadan qəbul etməyin, çünki bir çoxu asılılıq yaradan maddə ilə zəngindir. Bu məhsulları qəbul edəndə düşünmürük ki, arıqlamaq yerinə həyatımızı kabusa çevirə bilərik. Bir çox “təbii” arıqlama çayı analiz edildikdə içində iştahı azaldan kimyəvi maddələr olduğu məlum olur.

Üstəlik bu maddələr o çayın qablaşdırıldığı qutunun üzərinə də yazılmır və siz alarkən qutunun içində yalnız arıqladan təbii ot olduğunu düşünürsünüz. Xüsusilə də ürək, böyrək, şəkərli diabet, təzyiq kimi xəstəlikləri olanların arıqlamaq planları başlarına bəla ola bilər. Düzdür, arıqlamaq normal istəkdir, piylənmə statistiasına nəzər salsaq arıqlamağın vacib olduğunu anlamış olarıq, amma bu arıqlamaq həyatınızı itirməyə səbəb ola bilər. Etibar etdiyiniz təbibdən məsləhət alaraq nəzarət altında artıq çəkidən qurtulmağınız sağlamlığınız üçün ən doğru yoldur.

Lalə Mehralı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb.

Digər xəbərlər