Cəmiyyət

  • 1 322

Sosial şəbəkəyə niyə və necə uduzuruq? - ANALİZ

image

Ünsiyyətin rəqəmsallaşması və onlayn media platformalarının yaranması jurnalistikanın və jurnalistlərin iş prosesində transformasiyaya səbəb oldu. Çap mediasında reklam və satış gəlirləri azalmağa başladı, tiraj düşdü. Təəssüflə qeyd edim ki, çap olunan KİV-lər tədricən yayım ömrünü dayandırır, gündəlik dərc olunan qəzet və jurnallar həftəlik rejimə keçirlər, həftəlik mətbu orqanlar aylıq dərc olunurlar. Çap mediasında işləyən jurnalistlər var gücü ilə buna mane olmağa çalışırlar, amma faydası olmur. Azərbaycan mediasının ən nəhəng imzaları da bu mübarizəyə dəstək verir, ənənəvi qəzetçiliyin ömrünü uzatmağa çalışırlar. Lakin zaman özü ilə nələr gətirəcək, hələ ki, hamımız üçün qaranlıqdır.

Yalan, böhtan yazan saytların fonunda peşəkar jurnalistika

Rəqəmsallaşma və internet jurnalistikası, ənənəvi jurnalistikada problem yaradan ən mühüm amildir. Xəbər dəyərləri, peşəkar etika, xəbərin hazırlanma prosesi, iş şəraiti və xəbərin idarə edilməsi kimi bir çox məsələ rəqəmsallaşma ilə don dəyişdirərək transformasiyaya məruz qaldı. Bu transformasiya çap mediasında çalışan peşəkar jurnalistlər üçün təhlükə yaratdı, bu öz yerində, lakin eyni zamanda şər, böhtan, yalan, əsilsiz xəbərlərin də gündəmə ayaq açmasına səbəb oldu. Peşəkar informasiya agentlikləri, ciddi xəbər yayımlayan saytlar istisna olmaqla bir çox sayt və portal yalançı şou və əsilsiz xəbər tələsinə düşdü.

Əslində, rəqəmsal texnologiyalar, jurnalisti lazımsız hala salmaq potensialına malikdir, necə ki bunun üzərində yavaş-yavaş işləyir. Üstəlik, süni intellekt həyatımıza girdikdən sonra olacaqları təsəvvür edin. İnternet bu gün özünəməxsus jurnalistika növünü yaradıb. Bu internetdə xəbər məzmununu toplayan və yayan qisimdir. Araşdırmadan, əslini dəqiqləşdirmədən, qarşı tərəfə söz haqqı tanımadan kor-koranə yayılan məlumatlar jurnalistika məhsulu kimi oxucuya sırınır.

Bu gün təkcə ofislərdən, redaksiyalardan deyil, internet bağlantısı olan istənilən yerdən xəbər yazıla və paylaşıla bilər. Bu üstünlük xəbər istehsal prosesinin müstəqil olmasına imkan verir, lakin nəzarət mexanizmi itir. Üstəlik “azad rəqabət” adı altında jurnalistika prinsiplərinə, təməl qaydalara əməl etməyən sayt və portallar meydanda at oynadır. Rəqəmsallaşmanın gətirdiyi bəzi yeniliklər jurnalistika peşəsinə ciddi təsir göstərir, hətta zamanla jurnalistikanın təməl prinsiplərini, iş əxlaqını dəyişdirir.

Dəyişən amillərdən biri də sürətli və bütün rəqiblərdən əvvəl xəbər verməkdir. Bu da öz növbəsində tələskənliyə və “çiy” materialın yayılmasına səbəb olur. Ən tez yayımlamaq istəyi materialın ənənəvi jurnalistikada olduğu kimi dəqiqliklə işlənməməsinə və bir çox hallarda yalan və əsli olmayan məlumatı dərc etməyə səbəb olur. Bu prosedə dil qaydalarının kobud şəkildə pozulması, ciddi səhvlərlə zəngin yazıların meydana çıxması da qaçılmaz olur.

Vətəndaş jurnalistikası və yaratdığı təhlükə

Rəqəmsallaşma və internetin həyatımıza nüfuz etməsi ilə ortaya çıxan “vətəndaş jurnalistikası” anlayışı mətbuata özü ilə bərabər bir çox dəyişiklik və yenilik də gətirdi. Məsələn, ənənəvi jurnalistlərə olan ehtiyac azaldı, indi ən sadə bir vətəndaş da reportyor, jurnalist fəaliyyəti göstərir və onlarla işləmək saytlara, portallara daha çox sərf edir. Bölgələrdə peşəkar journalist postuna xərc çəkilməsi lazımsız hesab edilir, ərazidən bir həvəskar vətəndaş tapılır, əlinə bir mikrafon verilir, yaxasına bir vəsiqə asılır və beləcə məsələ həll olunur. Bəzən çox cüzü maaşa işləyirlər, bir çox halda onlara maaş da ödənilmir, həvəskar kimi əməkdaşlıq edirlər, işlədiyi media orqanının nüfuzundan istifadə edib bölgədə imtiyazlardan istifadə edir, bölgələrdə “jurnalist rüşvət alır” fikrini formalaşdırır.

Bu adamlar beyin məhsulu yaratmır, sadəcə daşıyıcı rolunu icra edirlər, buna görə də daha çox maaş tələb etmirlər. Gəncdirlər, dinamikdirlər, amma təcrübəsizdirlər, onları idarə etmək asandır. Peşəkar bir jurnalist istismar edilməyə əsla razı olmur, əsilsiz xəbər yazmır, dəqiqləşdirmədən məlumat ötürmür və peşəsini hər şeydən yuxarıda tutur. Onun 1 həftəyə araşdırdığı məsələni 1 gündə araşdıracağını iddia edən yerli vətəndaş təbii olaraq media partonunun diqqətini çəkir. İndi bir çox media patronunu əsli olan, səhih xəbər maraqlandırmır, axı rezonans doğuran yalan məlumat saytın İP sayını daha çox artıra bilir. Bu da öz növbəsində daha çox reklam almaq və daha rahat gəlir əldə etmək deməkdir.

Razıyam, sosial şəbəkələr sadə insanların öz fikirlərini geniş kütlə ilə bölüşə bildiyi mühitə çevrilib, insanlar bu yolla problemlərinin həllinə nail olurlar. Lakin internetin verdiyi bu imkan “vətəndaş jurnalistikası” adlandırılaraq peşəkar jurnalistin fəaliyyətinə mane olur. Vətəndaş jurnalistikası sosial şəbəkələrdə olduğu müddətdə problem yoxdur, lakin özünü peşəkar adlandıran KİV bu axının ənənəvi və peşəkar jurnalistikanı sıxışdırmasına imkan yaratmamalıdırlar. Vətəndaş yenə çəkə, göndərə, problemlər haqqında məlumat verə bilər, lakin onun qeyri-peşəkar məhsulu peşkar saytlarda prioritet hesab edilməməlidir, çiy material birbaşa sayta, portala yerləşdirilməməlidir. Çox şahidi oluruq, bu cür materiallar daha sonra saytdan silinir, təkzib yayımlanır. Lakin bu aralıqda saytın baxış sayı yüksəlir, reklam gəlirləri artır. Təəssüflə deyim ki, gəlirini bu yolla çoxaldan sayt və portalların iş prinsipi məhz budur - əvvəl yayımlamaq, baxış sayını yüksəltmək, əsilsiz olduğu anlaşılandan sonra silmək.

Təkzib edəcəyi məlumatı dərc edərsə…

Rəqəmsal mediada həvəskar jurnalistlər və ya adi insanlar ani reflekslərlə xəbər yaradırlar. Yolda gördükləri, qarşılaşdıqları, şahid olduqları hadisələri xəbər kimi istehsal edəndə heç bir jurnalistika ölçülərinə əməl etmirlər, heç bir meyar nəzərə alınmır. Bu təbiidir, çünki onlar jurnalist deyillər. Onların xəbər hazırlamaq bacarığı çox vaxt sadəcə informasiya ötürmək xarakteri daşıyır. Bu prosesdə informasiya çirklənə, yön dəyişdirə, əsilsiz ola bilər və hazırlayan həvəskar vətəndaş bunların fərqində olmur.

Rəqəmsal jurnalistikada plagiatlıqla yanaşı, xəbərin dəqiqliyi də problem kimi qalır. Ənənəvi çap jurnalistikasının, habelə ciddi informasiya saytlarının ən mühüm vəzifələrindən biri xəbərlərin əslinin olub-olmamasına əmin olmaqdır. Xəbəri mənbədən dəqiqləşdirmək mütləqdir və vacibdir. Jurnalistin əldə etdiyi xəbəri dərhal yazması peşəkar prinsiplərə ziddir. Çünki ertəsi gün o xəbər təkzib oluna bilər və media orqanı üzr istəməli, bəzi hallarda məhkəmədə cavab verməli olur. Yayımına, peşəkarlığına, imzalarına güvənən heç bir mətbu orqan, peşəkar sayt təkzib edəcəyi məlumatı yaymamalıdır.

Lalə Mehralı

Digər xəbərlər