PDF Oxu

Cəmiyyət

  • 654

Qubadlı - işıqlı həyata və uğurlu gələcəyə doğru - ŞƏRH

image

"Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür. Müzəffər Azərbaycan Ordusu 2020-ci il oktyabrın 25-də Qubadlı şəhərini işğalçılardan azad edərək üçrəngli bayrağı 30 ilə yaxın müddətdən sonra həmin ərazilərdə qürurla dalğalandırıb. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Qubadlı rayonunun işğaldan azad olunması uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş hərbi qulluqçuları "Qubadlının azad olunmasına görə" medalı ilə təltif etdi". Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı sərəncama əsasən, oktyabrın 25-i Qubadlı Şəhəri Günü kimi qeyd edilir: "İşğaldan azad edildikdən sonra Qubadlıda genişmiqyaslı bərpa və yenidənqurma işləri həyata keçirilir. Prezident İlham Əliyevin 2023-cü il 5 sentyabr tarixli sərəncamı ilə “Yeni Qubadlı–Laçın avtomobil yolunun” layihələndirilməsi və tikintisi üçün 20 milyon manat vəsait ayrılıb. Bu layihə bölgənin sosial-iqtisadi inkişafına, eləcə də köç prosesinin sürətlənməsinə mühüm töhfə verir. Eyni zamanda Mahruzlu və Zilanlı kəndlərində fərdi evlərin tikintisi, kommunikasiya xətlərinin çəkilməsi, sosial infrastrukturun yaradılması istiqamətində də əhəmiyyətli işlər görülür. 2025-ci il 9 sentyabr tarixində Nazirlər Kabineti tərəfindən təsdiq edilən “Qubadlı şəhərinin 2040-cı ilədək Baş planı” rayonun gələcək inkişaf strategiyasını müəyyənləşdirir. Plan çərçivəsində Qubadlı müasir texnoloji şəhər kimi formalaşacaq, ekoloji tarazlığın bərpası və yaşıllıq sahələrinin artırılması istiqamətində tədbirlər görüləcək. Şəhərin tarixi simasını qorumaqla yanaşı, müasir memarlıq üslubunda yeni yaşayış massivləri, məktəblər, mədəniyyət və idman obyektləri inşa edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu quruculuq proqramı sayəsində Qubadlı artıq bərpa olunan şəhər olmaqla yanaşı, dirçəlişin, yenidənqurmanın və dövlətin gücünün rəmzinə çevrilib. Burada görülən işlər bir daha sübut edir ki, Azərbaycan dövləti azad edilmiş torpaqlara həyat, işıq və gələcək gətirir".

Digər xəbərlər